Siyasət

Leonid Kalaşnikov: “Putin İlham Əliyevlə razılaşıb, amma…”

“Mən artıq uzun illərdir ki, bu barədə deyirdim. Amma bu, çoxlarının xoşuna gəlmirdi. Deyirdim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsini həll etmək gücündə deyil. Üçlüyə daxil olan ölkələr ABŞ və Fransa bu münaqişənin həllində heç vaxt maraqlı olmayıblar. Bu münaqişə onlar üçün rəqabət meydanı olub. Amma Rusiya qonşu region olduğu üçün bu münaqişəyə fərqli yanaşıb”.

Savash.org xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üç ölkə – Rusiya, Azərbaycan və Ermənistanla birlikdə həll etməli idi, elə də olub:

“Lakin çox təəssüflər olsun ki, bu müharibə yolu ilə baş verdi. Ona görə ki, Azərbaycanın artıq dözməyə səbri yox idi. Azərbaycan nə qədər dözməli idi ki? Danışıqlar aparılırdı, razılaşırdılar, sonra Ermənistanda yeni rəhbərlik gəldi, təxribatçı addımlara yol verildi. Ermənistanın beynəlxalq siyasi arenalarda təxribatçı mövqe nümayiş etdirməsi sonda müharibəyə gətirib çıxartdı. Azərbaycan dövləti öz ərazilərinin itirilməsi və bir milyon qaçqın problemi ilə sonsuza qədər barışa bilməzdi. Nəticə göz qabağındadır. Nəhayət ki, üçtərəfli saziş baş tutdu. Açığını deyim ki, bu sənəd Dağlıq Qarabağ münaqişəsinin bir çox problemini həll etdi, lakin hamısını deyil. Əslində, indiki bəyanatda yazılanların bir qismi 1994-cü ildə imzalanan Bişkek protokolunda da öz əksini tapmışdı. Ətraf rayonların qaytarılması, sülhməramlıların yerləşdirilməsi, blokadanın aradan götürülməsi və s. həmin protokolda da vardı. Lakin o zaman ki, Rusiya xarici işlər naziri Andrey Kozırev Qərblə – Amerika və Fransa ilə dostluq etmək üçün bu münaqişənin həllini Minsk Qrupuna həvalə etdi. İndi məlum oldu ki, bu nahaq yerə edilib. Məlum oldu ki, Minsk Qrupunun fəaliyyəti sonda dalana dirənməyə gətirib çıxarıb. İndi isə düyün açılıb. Düzdür, yol hələ sona qədər gedilməyib. Lakin əsas odur ki, bu, düzgün yoldur”.

Vladimir Putinin sonuncu müsahibəsini xatırladan L.Kalaşnikov deyib ki, Rusiya prezidenti bu müsahibədə əsasən üçtərəfli sazişin Ermənistanda qəbul edilməsinə çox diqqət yetirib:

“Fikir verin, Rusiya prezidenti çıxışında Azərbaycanın mövqeyi, prezident İlham Əliyevin mövqeyi barədə necə hörmətlə danışırdı. Putinə Azərbaycan xalqını sakitləşdirmək lazım deyildi. Çünki, həqiqətən də Azərbaycan xalqı öz ərazilərini geri qaytarıb və bunu hamı etiraf edir. Lakin Putin müsahibəsində bildirdi ki, İlham Əliyevlə razılaşıb, Paşinyan isə buna qarşı çıxıb. İlham Əliyev heç vaxt buna kimi də əldə olunan razılaşmalardan bir addım belə geri çəkilməyib. Azərbaycan prezidenti hər zaman danışıqların, sülhün tərəfdarı olub. Bilirsiniz, bu iki ay ərzində Rusiyada bir sıra insanların çıxışlarının şahidi olduq. O cümlədən həmin insanların mətbuatda çıxışlarını gördük. Həmin insanlar Rusiyanı bu qaynar münaqişəyə tərəf kimi cəlb etməyə cəhd edirdilər. Mən, bütün bunları onların vicdanına buraxıram. Biz hamımız bunu birlikdə gördük. Hər zaman deyirdim ki, məsuliyyətli siyasətçilər heç vaxt bunu dilinə gətirə bilməzlər. Rusiyanın hər iki qonşusu ilə yaxşı münasibətləri var. Ona görə də, Moskvanı münaqişə tərəflərindən birini dəstəkləməyə çağırmaq qəbul edilməz idi. İki məsuliyyətli böyük siyasətçi olan Vladimir Putin və İlham Əliyev bu məsələyə birdəfəlik son qoydu”. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists