Siyasət

“Ukrayna ancaq bu halda Rusiyadan qoruna biləcək”

“Ukrayna ancaq bu halda Rusiyadan qoruna biləcək”
“BTR, artilleriya kimi ağır silahların təmas nöqtəsindən 25 kilometr məsafədə qərarlaşması müsbət hadisədir”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq hazırda Rusiya-Ukrayna arasında qarşıdurmanın səngiməsini müsbət hal hesab edir:

“Hər halda tərəflər bir-birlərinə ağır silahlardan atəş açmırlar. Müharibə bir növ səngiyib. Ancaq bu o demək deyil ki, əvvəlki sülh yaranıb. Çünki sülh danışıqları prosesi başlamayıb. Bu da ona görə başlaya bilməz ki, savaş Ukraynanın ərazisi uğrundadır. Söhbət təkcə Ukrayna ilə separataçılar arasında Donbas bölgəsinə müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı danışıqlar prosesindən gedə bilər. Bu danışıqlar prosesi hələ ki getmir. Bunun üçün də Ukrayna bölgəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini tələb edir. Bu məsələ Amerika, Qərb və BMT tərəfindən müsbət qarşılanıb. Sadəcə olaraq, Rusiya tərəfindən qəbul edilmir. Ona görə də bunun razılaşdırılması prosesi gedir. Qarşıda görüləcək işlər çoxdur. Hər halda müharibənin dayandırılması, əsirlərin dəyişdirilməsi və ağır silahların geri çəkilməsi müsbət hadisədir”.

Politoloqun sözlərinə görə, yaranmış bu vəziyyətdən səmərəli istifadə edilməlidir:

“Yəni Ukrayna ABŞ-dan silah almalı, ordunu yenidən qurmalı, ciddi təlimlər keçirməlidir. Bu məsələdə ABŞ və Almaniya ciddi yardım göstərməyi öz üzərinə götürüb. Ukrayna hazırda yaranmış vəziyyətdən istifadə edərək ərazi bütövlüyünü təmin etmək üçün mütləq ordusunu gücləndirməlidir. Buna da yüksək məbləğdə vəsait lazımdır. Dünya Bankı da sözügedən vəsaiti ayırıb. Baxmayaraq ki, hissə-hissə verəcək. Zənnimcə, Qərbin davamlı yardımı sayəsində Ukrayna özünü bərpa edə və Rusiyanın intervensiyasından qoruna biləcək”.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Minsk sazişinə uyğun olaraq, Donbasdan ağır silahların çıxarılması barədə əmr verə bilər. Son məlumata görə, Donetsk və Luqansk separatçıları münaqişə zonasından ağır silahların çıxarılmasına başlayıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button