Siyasət

Kəlbəcər girovlarını necə qaytarmaq olar, yaxud bizim “Rembo”muz varmı?

Kəlbəcər girovlarını necə qaytarmaq olar, yaxud bizim “Rembo”muz varmı?
Rey Kərimoğlu: “İstəsələr bir günün içində Ohanyanın özünü də yatdığı yerdə girov götürə bilərlər”; İlham Ağalarov: “Birbaşa gedib türmədən adamları qaçırmaq da mümkündür”

Hollivud ulduzu Silvester Stallonenin canlandırdığı “Rembo” obrazı kinosevərlərə yaxşı tanışdır. Dünyaca məşhur olan bu film qəhrəmanı “gülləkeçməz”, “məğlubedilməz”liyi, istədiyi bağlı qapıları açıb, sədrləri keçib hazırladığı əməliyyatları uğurla tamamlaması ilə tamaşaçıları heyrətləndirib.

Səkkiz aydan bəri iki azərbaycanlının, Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlandığı, onlara saxta “məhkəmə” qurulduğu bu günlərdə “Rembo”nu xatırlamağımız səbəbsiz deyil. Şübhəsiz ki, könül istər ki, filmlərdə gördüyümüz fantastik gücə malik qəhrəman “Rembo”dan Azərbaycanda da olaydı və o, günün birində erməni girovluğunda işgəncələr altında saxlanılan kəlbəcərliləri azad edəydi. Bu mənada Azərbaycanda da “Rembo”nun olub-olmadığı, eyni zamanda girovlarımızı necə azad etməyin yolları barədə suallar ortaya çıxır.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun təmas xəttini keçərək çoxsaylı düşmən hərbçisini məhv etməsindən, özünün də həlak olmasından sonra onun da haqqında “Rembo” obrazı barədə səsləndirilən fikirlər eşidilirdi.

Eyni zamanda Qarabağ döyüşlərində “Rembo” ləqəbli əfsanəvi döyüşçümüz də olub. Qarabağ müharibəsinin döyüşçüsü, 2-ci qrup əlil Əlibəyli Elxan Şirbağır oğlu 14 sentyabr 1970-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub, 1988-1990-cı illərdə Sovetlər Birliyinin ordu sıralarında xidmət edib, 1991-ci ildə könüllü olaraq “Lənkəran batalyonu” adı altında yaradılmış silahlı bölmə tərkibində Qarabağ uğrunda gedən döyüşlərə qatılıb, daha sonra 704 saylı hərbi hissənin tərkibində xidmətini davam etdirərkən döyüşlərin birində ağır kontuziya alaraq yaralanıb, bir gözü görmə qabiliyyətini itirib. 1994-cü il oktyabr ayının 9-da prezident Heydər Əliyevin 218 saylı fərmanı ilə “Hərbi xidmətə görə” medalı ilə təltif olunub. Daha sonra səhhətində yaranan ciddi problemlərlə bağlı ordu sıralarından zabit olaraq ehtiyata buraxılıb. Hazırda Hollandiyada yaşayır.

Bəs indiki situasiya üçün nə demək olar? Keçmiş döyüşçülər kəlbəcərli girovları azad etməyin yolunu necə görür, nə təklif edir?

Qarabağ qazisi, kəşfiyyat taqımının komandiri olmuş Rey Kərimoğlu deyir ki, girovları azad etmək üçün dövlətin müxtəlif proqramları ola bilər: “Azərbaycanın güclü ordusu var, istənilən vaxt istənilən əməliyyatlar keçirilə bilər. Silahlı Qüvvələrin xüsusi təyinatlıları, əməliyyat qrupu var. Görünür, dövlət səviyyəsində buna gedilməlidir. Ola bilsin, bizim bilmədiyimiz nüanslar da var. İstəsələr bir günün içində Ohanyanın özünü də yatdığı yerdə girov götürə bilərlər. Sadəcə, hər hansı səbəbdən bunu istəmirlər. Görünür, hələlik ayrı variantlardan istifadə etmək məqsədəuyğun sayılır”. R.Kərimoğlu Azərbaycanda ”Rembo\” kimi igidlərin olduğunu vurğuladı: “İstər Qarabağ müharibəsi dövründə, istərsə ondan sonra belə oğullar olub və var”.

Keçmiş döyüşçü, korpus kəşfiyyatının sabiq komandiri, Türkiyədə “Komandos” məktəbini bitirmiş İlham Ağalarov isə “Yeni Müsavat”a dedi ki, indiki situasiyada agentura şəbəkəsini işə salıb kəlbəcərli girovları dəyişmək üçün hətta xarici ölkələrdəki erməniləri tutub gətirmək olar: “Hətta Ohanyanın kənarda yaşayan qohumlarını axtarıb tapmaq, bura gətirmək olar. Yaxud xaricdə girov saxlayıb tələb qoymaq lazımdır ki, bizim adamları buraxsınlar”. İ.Ağalarov konkret faktları xatırlatdı: “1993-cü ilin avqustunda kəşfiyyat taqımının komandiri, rəhmətlik Ələsgər Allahverdiyev Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndində həlak olmuşdu və meyiti də orda qalmışdı. Onun meyitini almaq istədikdə ermənilər rabitə ilə bizə familiyalar verdilər ki, həmin 4 nəfəri diri verin, sizin ölü və diriləri də qaytaraq. Ancaq biz diriləri tapa bilmədik, yalnız meyitlər var idi. Onda bizə 4 meyiti Rövşən Əkbərov verdi, 7-si də özümüzdə var idi, həmin 11 meyitlə Ələsgərin meyitini və Hadrutun Edili kəndində saxlanılan Mətləb müəllimi sağ-salamat geri aldıq. Bundan başqa, bizim Elşən adlı bir polis əməkdaşı 1993-cü ilin 23 oktyabrında itkin düşmüşdü. Onu maşını ilə bir yerdə aparmışdılar.

Sonra mən Xankəndi polisinin 2 əməkdaşını tutdum, onlar Horadizdə mazut daşınmasına nəzarət edirdilər. O vaxt Horadiz cəbhə xəttindən 30 km uzaqda idi. Tutduğumuz zaman ermənilərin biri sərxoş idi, səs-küy saldı, öldürdük, o birisini gətirdik. Hətta düşmənin pusqusuna düşəndə onu da güllələmək istədik. Ancaq yalvardı, dedi, mənim xalam oğlu Stepanakert milisinin cinayət axtarış şöbəsinin rəisi işləyir, sizinkiləri mənimlə dəyişmək üçün kömək edə bilər. Elşən də xüsusi şöbədə işləyən bir şəxsin qaynı idi. Mən həmin erməninin Stepanakertdəki ev nömrəsini aldım. Leninqrad vasitəsilə Stepanakertə zəng edildi və erməninin anası ilə danışıldı. Anası dedi ki, mənim oğluma dəyməyin, Elşəni taparıq. Sonra həqiqətən də Elşəni keçmiş Martuni türməsindən tapdılar. Hətta deyirdilər ki, erməni milisin anası o vaxt Dağlıq Qarabağ rejiminə rəhbərlik edən Köçəryanın kabinetini dağıdırmış ki, ”mənim oğlumu tapın gətirin\”. Sonra həmin ermənini Elşənlə Gürcüstan-Ermənistan sərhədində dəyişdilər. Hətta mən o ermənini təhvil verəndə qəbz almışdım, indiyədək saxlayıram\”.

İ.Ağalarov deyir ki, o zaman müdafiə naziri olan Məmmədrəfi Məmmədov onunla şəxsən görüşəndə dəftərçəsini çıxarıb ordakı erməni familiyalarını oxuyub. Deyib ki, Moskvadan kimsə hansısa itkin ermənini axtarırmış: “Ancaq həmin ermənilər bizdə olmadı. Biz yetim-yesiri o qədər tutmuşuq ki, heç yiyə duran olmayıb. Hətta erməni olub onu geri götürmək istəməyiblər. Yəni girov və əsirin də imkanı, arxa-dayağı olan adamı olmalıdır”. Keçmiş kəşfiyyatçı şübhə etmir ki, Qarabağ və Ermənistandan erməniləri girov götürmək olar və belə oğullar var: “Birbaşa gedib türmədən adamları qaçırmaq da mümkündür. Amma o sonuncu variantdır. Ən yaxşı variant Rusiya variantdır. Ermənistan siyasi hakimiyyətinin Rusiyada kifayət qədər adamları var, onları tutub Kəlbəcər girovlarını geri istəmək mümkündür”.(musavat.com)

Kəlbəcər girovlarını necə qaytarmaq olar, yaxud bizim “Rembo”muz varmı?
Kəlbəcər girovlarını necə qaytarmaq olar, yaxud bizim “Rembo”muz varmı?

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button