Siyasət

“Rusiya Azərbaycan və Türkiyəyə müharibə elan edəcək?” – “Tam hazır olmalıyıq” – AÇIQLAMA

Sülhəddin Əkbər: “Təxminən bir neçə ay sonra aydın şəkildə görünəcək ki, Rusiya beynəlxalq gündəlik kontekstində nə qədər asılı vəziyyətə düşəcək”

“Azərbaycanla Türkiyə arasında ittifaq sazişinin imzalanmasına ehtiyac var, Avropa Birliyinə oxşar formada da ola bilər, konfederativ formada da, hətta gələcəkdə federativ formaya keçmək də mümkündür”

Bir sıra ciddi ekspertlər Rusiya təhdidlərindən xilas formulu barədə danışarkən Türkiyə ilə hərbi müttəfiqlik sazişinin imzalanması və sazişdən irəli gələn məsələlərin reallaşdırılmasını vacib addım kimi irəli çəkirlər. Hesab olunur ki, Rusiyanın bundan sonra regionda özünü necə aparmasından asılı olmayaraq, Azərbaycan hər cür təhdidlərdən sığortalanmaq üçün Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı möhkəmləndirməli, hərbi müttəfiqlik sazişi imzalamalıdır. Türkiyə ilə hərbi sahədə əməkdaşlıq geniş spektri əhatə edir, amma hərbi müttəfiqlik sazişi tam fərqli situasiya olar. NATO ölkəsi olan Türkiyə ilə bu, mümkündürmü?

Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər ilk olaraq bu suala aydınlıq gətirib.

Busaat.az həmin müsahibəni oxucularına təqdim edir:

– Mən hər zaman bir fikri təkrar-təkrar istifadə etməkdən yorulmuram ki, 2014-cü ilin Ukrayna böhranından sonra dünyada həm yeni dünya nizamı, quruculuğu, həm də bununla bağlı olaraq geopolitik qarşıdurma həlledici mərhələyə daxil oldu. Bu, bizim regionumuza da aiddir və biz bunu son 44 günlük müharibədə də gördük. Yəni 2020-ci il bunu bizə çox açıq şəkildə göstərdi. İstər iyuldakı Tovuz hadisələri, istər avqustda ermənilərin təxribat cəhdi və nəhayət, 27 sentyabrda başlayan, 44 gün davam edən müharibə – halbuki Azərbaycanın qələbəsilə başa çatdı – bunu çox açıq şəkildə göstərdi. Bu durum, müharibənin gedişi də nümayişkaranə şəkildə göstərdi ki, yeni dünya nizamı-quruculuğu və dünyada geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması Azərbaycandan özünün beynəlxalq münasibətlərini yenidən əsaslı şəkildə gözdən keçirməsini tələb edir. O cümlədən nəzərə alsaq ki, bizim hərbi doktrinamızda da qeyd olunub ki, əgər regionda köklü hərbi-siyasi dəyişiklik olarsa, Azərbaycan hətta hərbi doktrinasına konkret olaraq öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə də yenidən baxa bilər. Mən çoxdan irəli sürdüyüm təkliflərdə bunu xüsusi vurğulayıram. Nəhayət, bizim çoxsaylı partiyalarla, partiya sədrləri ilə müxtəlif formatlardakı görüşlərdə təkliflərimiz də olub. Səhv etmirəmsə, ən azı üç dəfə bizim qrup şəklində belə təkliflərimiz olub ki, Azərbaycan artıq Türkiyə birliyi, strateji müttəfiqliyi hədəf götürərək, konkret hərbi-müttəfiqlik sazişi imzalamalıdır. Bəzən bizdə Türkiyə ilə olan mövcud saziş müttəfiqlik sazişi kimi qələmə verilir, bu, yanlışdır. Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanan saziş strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişdir. Bizim təklif etdiyimizsə hərbi ittifaq müqaviləsidir.

– Bu sazişlərin köklü, əsaslı fərqi nədən ibarətdir?

– Strateji tərəfdaşlıq sazişində nəzərdə tutulur ki, tərəflərdən birinə, deyək ki, Azərbaycana hücum olduqda, rəsmi Bakı Ankaraya müraciət edir, Türkiyə də bu müraciəti dəyərəndirir və öz imkanlarını dəyərləndirdikdən sonra hansı formada, hansı həcmdə yardım göstərə biləcəyini Azərbaycana bildirir. Yəni bu, indiki halda qeyd etdiyim kimi, şəraitdən, şərtlərdən, tərəflərin imkanlarından asılı olur. Amma hərbi müttəfiqlik sazişi isə… İmperativ çağırış var: birinə hücum o birinə hücumdur. Yəni burada tərəflərdən birinə hücum olanda o biri tərəf qeyd-şərtsiz özünə hücum olmuş kimi hərəkətə keçməlidir. Bizim istəyimiz odur ki, Türkiyə ilə Azərbaycan arasında belə bir saziş imzalansın, Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilsin. Mən o bazaların yeri haqqında da təkliflər vermişəm: quru bazalar Naxçıvanda və Gəncədə, hava bazası Abşeronda yerləşdirilə bilər. Əslində bunun əsasları da var. Hərbi mütəxəssislər daha dəqiq yerlər müəyyən edə bilərlər. Amma ittifaq sazişinin imzalanmasına ehtiyac var. Məsələ bununla da bitmir. Azərbaycanla Türkiyə dövlətlərarası birliyin yaradılmasını – bunun hansı formada olacağını gələcək göstərəcək, Avropa Birliyinə oxşar formada da ola bilər, konfederativ formada da. Yaxud irəlilədikcə hətta federativ formaya keçmək də mümkündür. Amma əsas məsələ strateji müttəfiqliyin yaranmasıdır. Hərbi ittifaq müqaviləsi o strateji müttəfiqliyin müdafiə və təhlükəsizlik sahəsində olan komponentlərindən biridir. Digər sahələrdə, siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə də müvafiq addımlar atılmalıdır. Biz bəzi komponentləri görürük. Deyək ki, vizaların ləğvi, mərkəzi banklar arasında anlaşmanın əldə edilməsidir. Yəni biz konkret bir “yol xəritəsi” əsasında strateji müttəfiqliyi, ondan da irəliyə baxsaq, dövlətlərarası birliyi hədəf götürərək hərəkətə keçməliyik. Xüsusən də son dövrlərdə Rusiya sülhməramlı qüvvələrinin, rus və erməni birliklərinin hərəkətlərinə baxdıqda bunun nə qədər önəmli və aktual olduğu göz qabağındadır.

– Bəs Türkiyə-Azərbaycan birliyinə, hərbi müttəfiqliyinə Rusiyanın nə kimi təpkiləri ola bilər? Yoxsa Kremlin Qərb dünyası ilə münasibətlərindəki konfrantasiya bizim üçün unikal imkanlar yaradır… Yəni Rusiya ABŞ-ın Azərbaycana, regiona girməsindənsə, Türkiyənin burada varlığı ilə barışmalı olacaq, demək olarmı?

– Təşəkkür edirəm ki, mənə köməklik elədiniz. Hələ bu günədək Rusiyanın salındığı vəziyyəti demirəm, xüsusilə Bayden hakimiyyətə gəldikdən sonra əgər qlobal strateji gündəlikdə strateji bir dəyişiklik olmayacaqsa, ümumiyyətlə, Rusiya məsələsi gündəmə çıxacaq. 21-24-cü illər Rusiya məsələsinin beynəlxalq gündəlikdə, xüsusən də Amerikanın və müttəfiqlərinin gündəliyində olacağını düşünürəm. Siz əgər postsovet məkanına diqqət edirsinizsə, bunlar baş verir: Belarusda siyasi böhran artıq sistem böhranına çevrilir, Moldovada anti-Rusiya, qərbpərəst Maya Sandunun hakimiyyətə gəlməsi və Rusiyanın silahlı qüvvələrinin ölkə ərazisindən çıxarmasını tələb etməsi, Ukraynada müharibəyə hazırlığın getməsi, nəhayət, Gürcüstanda siyasi böhranın yaranması və Azərbaycanla Ermənistan arasındakı müharibənin Azərbaycanın qalibiyyəti ilə başa çatması… Ən başlıcası Türkiyənin 100 ildən sonra bölgəyə daxil olmasına Rusiyanın razılıq vermək məcburiyyəti qarşısında qalmasını və nəhayət, 2021-ci ildən Rusiyanın beynəlxalq gündəliyə gələcəyini biz nəzərə almalıyıq. Əgər Rusiya artıq Türkiyənin regionda, xüsusən də Azərbaycanda geopolitik iştirakına qarşı çıxa bilmədisə, sonda buna razılıq verməyə məcbur oldusa… Əslində hazırda Cənubi Qafqazda geopolitik ikihakimiyyətlilik yaranıb. Mən buna ikili kondominium (birgə idarəçilik-red.) deyirəm. Əslində kondominimuma Rusiya razı olub və getdikcə Azərbaycan Türkiyə ilə birlikdə bu təşəbbüsü inkişaf etdirməlidir, burada Pakistanı da yaddan çıxartmaq olmaz. Rusiyanın məncə, onun başqa yolu qalmayacaq, enində-sonunda həm Türkiyənin regionda geopolitik iştirakına, həm Azərbaycanda varlığına razı olacaq. Neyləyəcək, Azərbaycana və Türkiyəyə eyni vaxtda müharibə elan edəcək? Sizin də qeyd etdiyiniz kimi, belə ağır bir vəziyyətdə… Təxminən bir neçə ay sonra aydın şəkildə görünəcək ki, Rusiya Türkiyədən və Azərbaycandan nə qədər asılı vəziyyətə düşəcək, beynəlxalq gündəlik kontekstində. Ona görə də sonucda nə qədər müqavimət göstərsə də, Rusiya məcbur qalıb, sizin qeyd etdiyiniz kimi, NATO-nun, ABŞ-ın birbaşa Azərbaycana, regiona girməsindənsə, Türkiyənin iştirakına razılıq verməli olacaq.

– Sülhəddin bəy, məlumatlar və müşahidələriniz nə deyir: Türkiyənin özü necə, Azərbaycanla hərbi müttəfiqliyi arzu edirmi? Hərbi müttəfiqlik Ankaranın və Bakının üzərinə hər hansı hüquqi və mənəvi məsuliyyət qoyurmu?

– Artıq Türkiyə görür ki, dünyada, regionda hərbi-siyasi, geopolitik, geostrateji, geoiqtisadi vəziyyət dəyişir, Azərbaycanın strateji əhəmiyyəti artır, xüsusən də bütün neft, qaz, nəqliyyat yolları baxımından. Artıq TAP da istifadəyə verilib, ilin sonuna kimi qaz artıq Avropaya verilməyə başlayacaq. Yəni regionda bütün vəziyyət dəyişir. Türkiyə hazırda Böyük Britaniya və müttəfiqləri ilə bir hərəkət edir. Ona görə də qeyd etdim ki, qarşıdakı aylarda ABŞ, Böyük Britaniya, İsrail və Brüssel arasında, o cümlədən Ankara ilə çox ciddi danışıqlar gedəcək, strateji dialoq olacaq. Yəqin ki, Türkiyə həm ABŞ, həm Böyük Britaniya, həm Brüssel, həm də Təl-Əvivlə bu dialoqu aparacaq. Ona görə də, məncə, yaxın aylarda, uzağı may ayına qədər strateji durum aydınlaşacaq və Ankara da öz qərarını verəcək. Əgər Türkiyə, nəhayət, yenidən geopolitik müstəvidə öz müttəfiqləri ilə Rusiyaya qarşı birgə hərəkət etmək qərarı verəcəksə, təbii ki, o, ABŞ-dan, Qərbdən, NATO-dan dəstək alacaq və Azərbaycanla ittifaq müqaviləsinə daha rahat gedəcək. Yox, əgər ikinci bir variantda Rusiya ilə birgə hərəkət edəcəksə, öncə Rusiyanı qıcıqlandırmamağa çalışacaq, amma bir müddətdən sonra, Rusiya ki, çətin vəziyyətə düşəcək, məncə, o halda Ankara operativ-taktiki vəziyyəti dəyərləndirib tədricən Rusiyadan uzaqlaşmaq və Qərbə yenidən yaxınlaşmaq xətti götürəcək. O vaxt Azərbaycanla daha rahat ittifaq müqaviləsinə gedəcək. Yəni buradan nə nəticə çıxır: Ankara və Brüssellə anlaşma bu tezlikdə olacaqsa, anti-Rusiya koalisiyasına qoşulacaq, daha rahat hərəkət edəcək. Yox, əgər dil tapa bilməyəcəksə, bu məsələdə bir qədər çəkingən davranacaq, ən azı görünən perspektivdə. Gələcəkdə isə vəziyyət dəyişəcək və onda Türkiyənin də mövqeyi bu məsələdə dəyişə bilər.

– Yəni zaman Azərbaycanın lehinə işləyir…

– Bəli, zaman Azərbaycanın, Türkiyənin xeyrinə, Rusiyanın isə ziyanına işləyir. Məsələn, deyək ki, gələn ilin may-iyun aylarında, ən geci sentyabrdan başlayaraq bunu adi vətəndaşlarımız da görəcək.

– Bütün bu proseslərin də fonunda Qarabağ məsələsinin birdəfəlik həlli sürətlənə bilər, eləmi?

– Sürətlənə bilər. Ona görə də mən daim vurğulayıram ki, Azərbaycan üçün hələ üç potensial müharibə irəlidədir, biz buna çox ciddi hazır olmalıyıq. Bu, o demək deyil ki, mütləq olacaq, mən cəmiyyəti qorxutmaq üçün demirəm. S adəcə, biz buna dövlət, cəmiyyət olaraq hazır olmalıyıq ki, hazırlıqsız yaxalanmayaq. Biri sizin də qeyd etdiyiniz kimi, Qarabağda yarımçıq qalmış məsələnin bitirilməsi, qəti qələbənin əldə olunması, oradakı rus və erməni varlığına son verilməsi; 2. Zəngəzurla bağlı məsələ gündəmə gələ bilər, bu, çox gözləniləndir, ehtimal yüksəkdir; 3. Bizdən asılı olmayaraq Cənub məsələsi gündəmə gələ bilər və biz istəməsək də, o prosesə cəlb oluna bilərik. Bu, üç məsələyə biz tam hazır olmalıyıq. Bizim üçün də əlverişli vəziyyət var, ordumuz müharibədən qələbə ilə çıxıb, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi müttəfiqlərimiz var, situasion, konyukturalı müttəfiqlərimiz… Bu yaranmış vəziyyətdən, qurulan yeni operativ-taktiki ittifaqlardan istifadə edib, müharibə təcrübəsini nəzərə alıb, çox ciddi hazırlaşmalıyıq. müsavat.com

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button