Əli Kərimli hamını 15 mart mitinqinə çağırdı
AXCP sədri Əli Kərimli Milli Şuranın martın 15-nə təyin edilən mitinqinə çağırış edib. O, facebook səhifəsində yazıb:
“Biz hökumətin gecə qarətindən yazdıq. Manatı ucuzlaşdırmaqla evlərimizə, ciblərimizə, bank hesablarımıza girib hər birimizi 33 faiz kasıblatmağını sərt sözlərlə qınadıq. Sizlərin bir çoxu da haqlı olaraq sual etdi:
– Bu əsrin soyğunçuluğuna yalnız yazmaq və danışmaqlamı etiraz edəcəyik? Bəs meydanlara çıxmayacağıqmı?
Sonra Avropa Yay Oyunları talanının üstü açıldı. Məlum oldu ki, 10 minlərlə gəncin pulsuzluqdan təhsilini davam etdirə bilmədiyi, 100 minlərlə gəncin evsizlikdən evlənə bilmədiyi, milyonlarla soydaşımızın iş axtarmaq üçün evindən-eşiyindən didərgin düşdüyü, xeyli adamın normal qidalanmaq imkanı olmadığı bir şəraitdə bu ölkəni idarə edənlər dünyanı 8 milyardlıq Yay Oyunları şousu ilə təəccübləndirəcəkmiş. Qarabağ qazilərinin sosial çətinliklər üzündən, normal müalicə üçün pul tapa bilmədiklərinə görə canlarına qıydıqları ölkəmizdə hökumət varlı Avropa dövlətlərinə “əl tutur”. 50 ölkədən, o cümlədən dünyanın ən zəngin ölkələrindən, hətta düşmən Ermənistandan gələn idmançıların, yardımçı heyətin bütün xərclərini çəkəcəyini üzərinə götürür. Bu məqsədlə əlavə olaraq 100 milyonlarla vəsaiti xərcləyəcəyini bildirir.
Biz yazırıq, tənqid edirik, ittiham edirik, izahat istəyirik. Hökumət susur, heç bir izahat vermir. Sizin də xeyliniz sual verirsiniz ki, xalqımıza qarşı bu təhqiramiz münasibətədəmi etirazımız yalnızca kompüter monitorları arxasından olacaq? Etiraz mitinqi keçirməyəcəyikmi?
Yaritmaz idarəetmə, israfçılıq və talançılıq nəticəsində “analoqsuz” iqtisadiyyatımız sabun köpüyü kimi partlayıb. Neftin qiymətinin cəmi 3-4 ay düşməsi ciddi büdcə problemi yaradıb. İndi xalqı daha da soymaq üçün gündə bir hiylə işlədirlər. Avtomobildən qızıla qədər, siqaretdən ərzağa qədər hər şeyin qiyməti qaldırılır. Bank əmanətlərindən mənzil satışına qədər yeni-yeni vergilər kəşf olunur. Yazırıq, tənqid edirik, etiraz edirik. Xalqı eşidən varmı? Bu soyğunçu siyasətdən imtina edilirmi? Xeyr. Bu hökumət xalqla nə zaman hesablaşıb ki? Və yenə də çoxlu, haqlı suallar eşidirik. Bu qarətə, talana, xalqa qarşı etinasızlığa hamılıqla etiraz etməyin vaxtı deyilmi? İndi də etiraz etməyəcəyiksə, bəs nə zaman edəcəyik?
Milli Şura olaraq sizlərin bu etirazını, təkliflərini, qınaqlarını haqlı bildik və mitinq keçirmək qərarına gəldik. Artıq #talanason mitinqi təyin olunub. Mitinq 15 mart (bazar günü), saat 15-də, İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Məhsul” stadionunda olacaq. Hamınızın iştirak edə bilməyiniz üçün mitinq icra hakimiyyəti ilə razılaşdırılacaq. Mitinqə gəlib etiraz edin ki, səsiniz eşidilsin!”.