Siyasət

Azərbaycan müxalifətinin rusiyalı demokratlarla əlaqəsi varmı?

Azərbaycan müxalifətinin rusiyalı demokratlarla əlaqəsi varmı?
Elman Fəttah: “Müsavatın Rusiya müxalifəti ilə ciddi əlaqələri yoxdur”

Dünya rus liberal müxalifətçisi Boris Nemtsovun qətlindən danışır. Bu cinayətin sifarişində iki standart rəy var; qətli ya Putin iqtidarı, ya da onun əleyhinə olanlar törədib. Başqa bir fikir isə ondan ibarətdir ki, Nemtsovun nüfuzu əvvəlki dövrlə müqayisədə Rusiya cəmiyyətində yüksək deyildi. Onu Qərbdə yaxşı tanısalar da, ölkədə ciddi elektorata malik siyasətçi sayılmırdı. Bu halda Putinin onsuz da bütün şimşəkləri üzərinə çəkərkən belə bir qətlə getməsinin mənası nədir? O zaman sual olunur – Rusiyada əsl müxalifət və lideri kimdir? Bəs Azərbaycanda rus müxalifəti ilə əməkdaşlıq edən təşkilat varmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Rusiyada Azərbaycana bənzər müxalifət olduğunu düşünür. Onun sözlərinə görə, qonşu ölkədə sistemin bir vintciyi olan və sistemdən kənar müxalifət fəaliyyət göstərir.

Siyasi şərhçi Nemtsovun ciddi nüfuzu olmadığı ilə razılaşır. “Rusiyada iki cür – parlament müxalifəti və sistemdən kənar radikal müxalifət var.

Məsələn, Züqanov Ukrayna məsələsində Putinlə eyni mövqedədir. Onu tam müxalifət saymaq olmaz. Ancaq parlamentdə olan bu müxalifət islahatlarla bağlı tənqidlərini səsləndirir. Sistemdən kənar müxalifət isə liberallardır. Vaxtilə radikallardan İrina Xakamada, Anatoli Çubays vardı. Onlar sağ partiyalar birliyi yaratsalar da, parlamentə düşə bilmədilər. Nemtsov da parlamentdən kənar müxalifətçilik edirdi. Ondan əlavə Navalnıy var. Yəni Rusiyada siyasi cərəyanlar çoxdur. Kimin əsl müxalifət, kimin sistem müxalifəti olması fərqləri var. Azərbaycanda da buna bənzərlik var”.

E.Şahinoğlunun fikrincə, Nemtsov tanınmış fiqurdu: “Ancaq Rusiyada son illərdə liberallara inam azalıb. İndi həmin Çubaysa Nanotexnologiyalar tapşırılıb. Putinin iqtisadi blokunda iştirak edir. Nemtsovun ciddi nüfuzu yox idi. Ancaq Ukrayna müharibəsində qətiyyətli mövqeyi və radikal fikirləri olurdu”.

Ekspert Amerikanın bu sui-qəsdi təşkil etməsi ilə bağlı belə düşünür: “Elmar Hüseynov da öldürüləndə Amerika ssenarisi haqda fikirlər səslənirdi. Çünki parlament seçkiləri ili idi. Nemtsovun qətlində də müxtəlif versiyalar var. Hətta Putinin sifarişi olmasa belə, onun Rusiyada yaratdığı avtoritar idarəçiliyin buxovu Nemtsovu öldürdü. Rus millətçi düşərgəsi də Putinin yanındadır. Ölkədə liberallara qarşı bir nifrət hökm sürür, onlar satqın adlandırılır. Hətta onun qətli günü efirdə liberal dairələri təhqir edən film nümayiş etdirildi”.
Analitik rus şovinistlərinin bu qətli törətməsini istisna etmir: “Eyni zamanda Putin hökumətində daha güclü avtoritar qanadın işi ola bilər. Bu gün Ukraynaya döyüşməyə gedən şovinistlər var. Onlar əli silahlıdır və bu təhlükə müharibə bitəndə geri qayıdacaq. Hətta Putinə qarşı yönələ bilər. Ölkədə liberal müxalifətə qarşı nifrət mövcuddur. Bu hadisədən sonra Rusiya-Qərb münasibətləri bir qədər də soyuqlaşacaq”.

Müsavatın başqan müavini Elman Fəttah “Yeni Müsavat”a Rusiyada yalnız Nemtsovun həmsədr olduğu təşkilatla əlaqələr olduğunu dedi. Onun sözlərinə görə, zamanında İ.Qəmbərlə B.Nemtsovun görüşləri və söhbətləri olub. Müsavat rəsmisi qeyd etdi ki, bu qətldən sonra partiyada müzakirələr aparılacaq və yenidən Nemtsovun təşkilatı ilə əlaqələrə baxıla bilər: “Ümumilikdə isə Müsavatın Rusiya müxalifəti ilə ciddi əlaqələri yoxdur. Bunu Rusiyada avtoritar idarəçiliklə əlaqələndirirəm. Nəticədə rus müxalifəti siyasi üstünlük mövqeyinə keçə bilməyib”.

Başqan müavini qətlin sifarişçisi kimi Putin rejimini görür. Onun fikrincə, bu cinayətdə Qərbin əlinin olduğunu göstərmək Kremli müdafiə etməyə hesablanmış təbliğatdır: “Rusiya prezidenti cinayətin açılacağını bəyan edib. Nemtsovun qətli rejimin sifarişidir. Elmara atılan 6 güllədən biri ağzına vurulmuşdu ki, bu da söz azadlığına mesaj idi. Borisə Kremlin divarları yaxınlığında atılan 6 güllə də mesajdır”. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button