Siyasət

Hakimiyyət dəyişikliyi Rusiyanın dövlət siyasətinə təsir etməyəcək

Hakimiyyət dəyişikliyi Rusiyanın dövlət siyasətinə təsir etməyəcək
Ərəstun Oruclu: “Rusiyanın başlıca prinsipi öz təsir dairəsini, ərazisini, geosiyasi nəzarət məkanını genişləndirməkdən ibarət olub”

Son bir həftədə Rusiya prezidenti Vladimir Putinin ətrafında yaranmış müəmmalara dünən nəhayət ki, son qoyuldu. Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşən Putinin səhhətinin qaydasında olduğu görüntülənib.

Qeyd edək ki, ötən həftə əvvəlcə Putinin müsəlman olması ilə bağlı xəbərlər yayılıb, ardınca isə Rusiya liderinin səhhəti ilə bağlı informasiyalar, gizli saray çevrilişinin olması haqda iddialar ortaya çıxıb. Bu müzakirələrin Azərbaycan kimi ölkələrdə də geniş yayılması onu göstərdi ki, Rusiya liderinin kimliyi mövzusu yalnız rusları deyil, eləcə də bütövlükdə regionun diqqətindədir. Hətta bir çoxları Rusiyada hakimiyyətin dəyişməsinin region üçün yeni siyasi situasiyaya səbəb olacağı fikrini müdafiə edir.

Doğrudanmı belədir? Rusiyada hakimiyyətin dəyişməsi Azərbaycan və bütövlükdə yerləşdiyimiz regionla bağlı Rusiyanın dövlət siyasətini dəyişə bilərmi?

Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Ərəstun Oruclu deyir ki, Rusiyada hakimiyyətdə kimin olması dövlətin xarici siyasət prioritetlərinə elə də təsir etmir. Rusiyanın bir imperiya dövləti olduğunu xatırladan həmsöhbətimiz deyir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Rusiya öz siyasi kursundan imtina etməyəcək: “Nəzəri cəhətdən hətta hakimiyyət dəyişikliyi baş versə belə, Rusiyanın dövlət siyasətində hansısa prioritetlər dəyişəcəyi real deyil. Rusiyanın tarixinə baxsaq, deyə bilərik ki, bu, olmur.

Biz görəcəyik ki, Rusiyada Pyotrdan bu yana bütün dövrlərdə ümumi bir xətt olub. İstər Pyotr, Yekaterina və ya Yelezavetanın dövründəki möhkəmlənmiş Rusiya olsun, yaxud Nikolay dövrünün dağılan, yaxud da Lenin, Stalin dövründə sosialist, kommunist və başqa ad altında ayağa qalxan Rusiya olsun, mahiyyət etibarı ilə heç bir şey dəyişməyib. Rusiyanın başlıca prinsipi öz təsir dairəsini, ərazisini, geosiyasi nəzarət məkanını genişləndirməkdən ibarət olub. Rusiyanın dövlət siyasəti hər zaman belə olub. Və düşünmək ki, məsələn, sabah hətta liberal hakimiyyət olsa, onun qonşularına münasibəti dəyişəcək, bu sadəlövhlük olardı”.

Oxşar situasiyanın və nümunənin olduğunu xatırladan Ə.Oruclu deyir ki, hətta ən liberal prezident Yeltsinin dönəmində belə Rusiya imperiya ambisiyalarından əl çəkmədi. Bu mənada ekspert bu cür fikrilərin yayılmasını doğru qarşılamadığını qeyd etdi: “Bilirsiniz ki, Boris Yeltsin Rusiya tarixində ən liberal, hətta II Nikolaydan da liberal dövlət başçısı idi. Amma nə baş verdi? Bütün bu münaqişələr, Rusiyanın daxilində Çeçenistan müharibəsi, Cənubi Qafqazda Qarabağ, Gürcüstan ərazisindəki separatçı qurumların törətdiyi müharibələrin dəstəklənməsi baş verdi.

Bütün bunların hamısı Yeltsinin dövründə pik nöqtəsinə çatdı. Yəni Rusiya dövlətini hakimiyyət deyil, prinsiplər idarə edir. Rusiya dövlətinin bütün prioritetləri yuxarıda qeyd etdiyim prinsiplər üzərində qurulub. Bu prioritetlər isə heç zaman dəyişmir. Bunu dəyişməyə cəhd edən hakimiyyəti isə çox qısa müddətdə Rusiya siyasi mühitinin özü dəyişir. Ona görə də mənə elə gəlir ki, biz ümidimizi ona bağlamamalıyıq ki, sabah Rusiyada yeni hakimiyyət gələcək və bizim problemlərimiz həllini tapacaq. Xeyr, tapmayacaq, hətta ola bilsin ki, onlar daha da dərinləşsin”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button