Siyasət

Ermənilər Qarabağ məsələsi ətrafında siyasi-milli spekulyasiya edirlər

Ermənistanda siyasi gərginlik davam edir. Sabiqlərin yenidən hakimiyyətə gəlmək istəyi vəziyyətə təkan verir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan mövcud hakimiyyətə qarşı çıxışlarını daha da sərtləşdiriblər. Bu baxımdan Koçaryan daha fəal görünür. O, bir neçə gün əvvəl böyük siyasətə qayıtdığını elan edib. Ancaq heç vaxt siyasətdən getməyib, prezidentlik müddəti başa çatdıqdan sonra da Serj Sarqsyan vasitəsilə Ermənistanın həyatında mühüm rol oynayıb. O, böyük siyasətlə aktv məşğul olduğu illərdə isə qanlı faciələrə müəlliflik edib.

Əslində, Robert Koçaryan 1992-ci il fevralın 26-da Qarabağda ermənilər Xocalı soyqırımını törədəndə separatçıların aparıcı fiquru idi. 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilib, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra prezidentin səlahiyyətlərini fevralın 3-dən martın 30-dək icra edib, həmin il martın 30-da isə prezident olub. 1998-ci il aprelin 9-dan 2008-ci il aprelin 9-dək Ermənistana prezidentlik edib. 1999-cu il oktyabrın 27-də avtomatla silahlanmış beş nəfər Ermənistan parlamentinin binasına hücum edərək baş nazir və parlament sədri də daxil olmaqla 8 nəfəri öldürmüş, 30 nəfəri yaralamışdılar. Hücum edənlər terrorçuluqda ittiham olundular. Ermənistanda siyasətçilər bu terrorda o vaxtkı prezident Robert Koçaryan və milli təhlükəsizlik naziri Serj Sarqsyanın əli olduğunu hələ də iddia edirlər. Robert Koçaryan növbəti dəfə 2008-ci il martın 1-2-də Ermənistanda prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı güc tətbiq etməklə qanlı hadisənin müəllifi olub. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Koçaryan bununla da Xocalı soyqırımının həmmüəllifi Serj Sarqsyanın prezident olmasını təmin edib. Onda prezidentliyə namizəd Levon Ter-Petrosyan oktyabr və mart hadisələrinin arxasında Robert Koçaryan və Serj Sarqsyanın durduğunu bildirmiş, rəqibinə səs verməməyə çağırmışdı. Ermənistanda iddia edilir ki, oktyabr və mart hadisələrinin əsl günahkarları indiyədək cəzalandırılmayıblar. Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci il martın 1-2-si hadisələrinə görə cinayət işi təzələnib. Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

“Vətənin qurtuluşu hərəkatı”nın baş nazir postuna vahid namizədi sayılan Vazgen Manukyan da Koçaryan və Sarqsyan kimi Xocalı soyqırımının həmmüəllifidir. Bu üç iddialının əli azərbaycanlıların və ermənilərin qanına bulaşıb. Onlar Qarabağ hadisələri fonunda hakimiyyətə gəliblər. Üçlük məsələni yenidən gündəliyə gətirib, Ermənistan cəmiyyətini qıcıqlanrımaq, onun heysiyyatını aşağılamaqla sosial bazalarını gücləndirməyə çalışırlar. Bu qüvvələr 1988-ci ildə Ermənistanda SSRİ-yə qarşı olan müstəqillik hərəkatının istiqamətinin milli münaqişəyə yönəldilməsində aparıcı rol oynamaqla demokratik proseslərə mane oldular.

Koçaryan və onun komandası yalan danışıb, boş vədlər verməklə Ermənistan cəmiyyətini aldadıblar. Tarix sübut edib ki, bir ideyadan təkrar istifadə etməklə yenidən hakimiyyətə gəlmək səmərə vermir. Çıxış və açıqlamalarından göründüyü kimi, Koçaryanın, onun kimilərin ideyası köhnəlib. Bu isə Ermənistan müxalifətinin yeni ideya böhranı yaşadığını göstərir. Paşinyanı pisləyib Qarabağ məsələsi ətrafında siyasi-milli spekulyasiya isə indiki şərtlər, vəziyyət üçün yetərli sayılmır. Odur ki, “Qarabağ dəstəsinin” (hayqara – Qarabağdakı erməni icmasının üzvləri) seçkilər yolu ilə Ermənistanda yenidən hakimiyyətə gəlməsi ehtimalı çox azdır. Bu şəraitdə ancaq onlara hakimiyyətə gəlmək təşkil oluna bilər. Ona görə də hayqaraların Ermənistanda hakimiyyətə gəlməsi məqsədi ilə revanş cəhdlərini yaxın dövr üçün sonuncu fürsət saymaq olar. (Report)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button