Siyasət

Azərbaycandakı “beşinci kolon” nəyə sevinir?

Nəhayət, Ermənistanda Nikol Paşinyan iqtidarına qarşı çoxdan gözlənilən hərbi qiyam başladı. Ermənistan ordusunun Baş Qərargahının Baş nazirin istefasını tələb etməsinə cavab olaraq Paşinyan, Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Bundan əvvəl o, Qasparyanın müavini Tiran Xaçatryanı vəzifəsindən azad etmişdi. 

Bu qərara Baş Qərargah rəisi, onun müavinləri, iri hərbi birləşmələrin komandanları etiraz bəyanatı imzalayıblar. Bəyanatda bildirilir ki, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi “uzaqgörənlikdən uzaq və əsaslandırılmamış” qərardır. Baş Qərargah buna qəti etirazını ifadə edir.

Hərbçilər belə hesab edirlər ki, Xaşatryanın istefaya göndərilməsi zamanı ölkənin milli və dövlət maraqları nəzərə alınmayıb, bu addım sırf “şəxsi ambisiyalara” əsaslanıb. 

“Belə ağır şərtlər altında qəbul olunmuş bu qərar dövlətçiliyə ziddir və məsuliyyətsizlikdir”, – bəyanatda bildirilir.

Ordu rəhbərliyinin bu bəyanatına Paşinyanın cavabı da gecikməyib. O, ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan edərək, tərəfdarlarını dərhal meydanlara səsləyib. Baş nazir Daxili İşlər Nazirliyini dövlət çevrilişinə qarşı bütün qanuni imkanlardan istifadə etməyə çağırıb.

Hər şey N.Paşinyanın 44 günlük müharibə zamanı Rusiyanın ən məşhur hücum silahlarından olan “İskəndər” raketlərinin 10 faiz effektli olduğu barədə açıqlamasından sonra başlayıb. Rusiya hərbi-sənaye kompleksinə ağır zərbə kimi qiymətləndirilən bu bəyanat Moskvada qəzəblə qarşılanıb. Dövlət rəsmiləri, deputatlar, Kremlin nəzarətində olan media iki gündür Paşinyanı “asıb-kəsir”.

Paşinyan “İskəndər” raketləri haqqında dediklərinə sərt reaksiya gördükdən sonra “səhvini” düzəltməyə çalışıb. O, bu gün hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”. Paşinyanın sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq.

Siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Baş Qərərgahın bəyanatı Ermənistanda hərbi çevriliş cəhdidir: “Baş Qərargahın Baş naziri istefaya çağırmasından sonra Paşinyan da xalqı meydana səslədi. Belə görünür ki, Paşinyanın “İskəndər” raket kompleksini aşağılayan sözləri Rusiyanın səbr kasasını dolduran son damla olub. Bəri başdan qeyd edək ki, çevrilişin baş tutması və Moskvaya bağlı radikal millətçi, faşist qüvvələrin hakimiyyətə qayıtması bizim maraqlarımıza tamamilə ziddir”.

Ermənistanda baş verən hadisələr şübhəszi ki, Bakıda diqqətlə izlənir. Rəsmi şəxslər hələlik heç bir açıqlama verməsələr də, olaylar mediada geniş təhlil olunur.

Bu zaman ortaya çox maraqlı, eyni zamanda bəzən dövlət maraqları ilə paradoks təşkil edən mənzərələr çıxıb. Söhbət Rusiyaya bağlı “beşinci kolon”-un nəzarətində olan informasiya resurslarında aparılan təbliğatdan gedir.

Paşinyanın “İskəndər” raketləri haqqında dedikləri Azərbaycanın maraqlarına uyğun gəlir. Sonucda Rusiya bu silahları bizə qarşı istifadə etmək üçün düşmənə vermişdi. Baş nazirin dediklərindən belə məlum olur ki, Kremldən icazə alındıqdan sonra Azərbaycana bir neçə raket atılıb. Amma effektsiz olub, çünki rusların tərifləyib göyə qaldırdıqları “İskəndər”in əksəriyyəti partlamayıb, yaxud, deyildiyi qədər dağıdıcı olmayıb. “Beşinci kolon”-un politoloqları, mediası isə Paşinyanı aşağılamağa, “İskəndər”-ləri tərifləmək üçün bir-birləri ilə yarışa giriblər. Eyni ilə Rusiyada Paşinyan iqtidarına qarşı nümayiş etdirilən qəzəb sözügedən informasiya resurslarında ilk sırada dayanır. Eyni dəst-xətt, eyni yanaşma təəccüb doğurur.

Əlbəttə, Ermənistanın daxili ixtilaflarla zəifləməsi Azərbaycanın maraqlarına uyğundur, düşmənin zəifləməsi perspektivdə İrəvanın ölkəmizin ərazi bütövlüyünü, suverenliyini qəbul etməsinə yol açacaq amillərdən biri ola bilər. Amma bu ölkədə rusiyapərəst qüvvələrin revanşı Azərbaycan üçün təhlükəli ssenarilərin işə düşməsinə rəvac verər. Məlumdur ki, bu qüvvələr 90-cı illərdə Rusiyanın bilavasitə dəstəyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal edib. Onlar Kremldən, Rusiya hərbi-sənaye kompleksi tərəfindən idarə olunduqlarını heç gizlətmirlər də.

Paşinyan iqtidarına qarşı apardıqları mübarizədə onun Azərbaycan qarşısında kapitulyasiya aktına imza atdığını və dövlətə xəyanət etdiyini bildirirlər. Əsas niyyətləri isə bundan ibarətdir ki, Paşinyanı hakimiyyətdən qovub itirdikləri əraziləri geri qaytarsınlar.

Ekspertlər bildirirlər ki, onların niyyəti baş tutarsa, Rusiyanlın gizli dəstəyi ilə Şuşa və Hadrutun yenidən işğal olunması üçün hərəkətə keçə bilərlər. Bu zaman Rusiya onlara aşkar-gizli dəstək verəcək. Elə 10 noyabr bəyanatında göstərilməsinə baxmayaraq, Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin hələ də saxlanması bu cür təxribatların həyata keçirilməsi üçün nəzərdə tutulub.

Azərbaycandakı “beşinci kolon”-un apardığı təbliğat heç bir cəhəti ilə bu maraqların həyata keçirilməsindən uzaq deyil. Əksinə, daxildə buna zəmin yaratmaq üçün əlindən gələni etməyə çalışırlar. /Azpolitika

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button