Siyasət

Putin üçün “Şah və mat”… və Azərbaycana yeni təhlükə

Putin üçün “Şah və mat”... və Azərbaycana yeni təhlükə
9 may – yubiley törəninin boykot edilməsinin ardınca Kreml Qərbdən daha bir zərbə alıb; rusiyalı analitikə görə, İran amilinin əldən çıxması Moskvanın postsovet məkanında imperiya ambisiyalarını gücləndirəcək…
Rusiya prezidenti Vladimir Putin belə görünür, 2-ci Cahan savaşındakı qələbənin 70 illiyi təntənəsini ürəyincə qeyd edib güclü özünüreklama imza ata və bu yubiley tədbirini Qərbə, dünyaya qarşı növbəti “əzələ nümayişi”nə çevirə bilməyəcək.

Artıq ABŞ və Avropa dövlətlərinin başçıları Rusiyanın Ukraynanın bir parçasını işğal etməsi səbəbindən Moskva tədbirinə qatılmayacağını bəyan ediblər. Böyük ehtimalla, Putin yenə MDB dövlət başçıları, bir də uzağı, Çexiya prezidenti Miloş Zemanın iştirakı ilə özünə təskinlik tapmalı olacaq.

***
Bu azmış kimi, yubiley ərəfəsində Qərb ciddi şəkildə Putinin qanını qaraldan daha bir addım atıb: 3 aprel Lozanna anlaşması ilə o, İranı xeyli dərəcədə Kremlin təsir dairəsindən uzaqlaşdıra və Tehranla 15 illik gərgin münasibətləri yumşaltmağın əsasını qoya bilib. Təbii ki, istək qarşılıqlı olub – yəni hər iki tərəf sanballı siyasi dividentlər əldə edib və uduşdadır, tərəflərin götürəcəyi mühüm iqtisadi, energetik dividentlər də ki, hələ qabaqdadır.

Lozanna anlaşmasının ən böyük zərbəsi isə uzun illər İranın Qərblə gərgin münasibətlərdə olmasından yararlanaraq onu öz yanında saxlamağı bacarmış Rusiyaya dəyəcək. Çünki daha İran amili ABŞ, Avropa əleyhinə işləyə bilməyəcək. Bunu rusiyalı nüfuzlu ekspertlər də görməyə və qiymətləndirməyə başlayıblar.

***
Məsələn, tanınmış politoloq və publisist Andrey Piontkovski özünün “Şah və mat” məqaləsində qeyd edir ki, İranın dünya bazarına qayıtması Kremlin bir sıra ambisiyalarının, o sırada neftin qiymətini qaldırmağa yönəlik israrlı səylərinin üstündən xətt çəkə bilər.
Politoloq yazır: “İranın dünyadan 15 illik təcrid dövrü bitir. ”Altılıq\” ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya, Almaniya) Tehranla danışıqları onun nüvə proqramlı ilə bağlı çərçivə anlaşmasının imzalanması ilə yekunlaşdı. Bu, o deməkdir ki, bir neçə aydan sonra İran 15 ildir altını çəkdiyi ən sərt iqtisadi sanksiyalardan qurtulacaq və bununla da dünya neft bazarına güclü bir oyunçu qayıdacaq. Bunda ABŞ prezidenti Barak Obama indi güclü şəkildə maraqlıdır\”.

Yada salaq ki, İran Yaxın Şərqdəki ən böyük neft istehsalçılarından biridir. Dünya neft ehtiyatının 10%-i onun payına düşür. Beynəlxalq sanksiyalar aradan qaldırılarsa, ölkənin neft istehsalı və ixracı bir neçə ay ərzində gündə 1 milyon barelədək qalxa bilər.
Bu xüsusda ekspert yazır: “Valyuta aclığı keçirən İran bu qədər nefti bazara çıxarsa – təbi ki, belə lüksdən imtina etməyəcək – o zaman bu, sözsüz ki, neftin qiymətində özünü göstərəcək. Qiymət isə çətin ki, bəzi ekspertlərin proqnoz elədiyi kimi, bir barel üçün 20-30 dollardan aşağı düşsün, amma yüzdə yüz 50 dollardan yuxarı qalxmayacaq”.

Analitik bu proseslərə Rusiyanın təsir göstərmək imkanında olmadığını da xatırladaraq bildirir: “Hətta Rusiya diplomatlarının İran danışıqlarında iştirakı da sırf simvolik idi. Orada onlardan asılı heç nə yox idi, Rusiya müzakirələrdə, sadəcə olaraq, sifət şişirdirdi. Axı söhbət BMT Təhlükəsizlik Şurasının sanksiyalarından getmirdi – nə vaxt ki, Rusiya daima öz veto hüququndan istifadə edib. Söhbət ABŞ və Avropa Birliyinin sanksiyalarından gedirdi. Putinin bi məsələyə dəxli yox idi”.

Təhlilçi ardınca “Rusiya diplomatiyasının axmaqlığının göz deşdiyini” yazır: “Bu diplomatiya nüvə məsələsinin nizamlanmasında iştirak eləməklə neçə il Tehranı Təhlükəsizlik Şurasında sanksiyalardan qorudu, ərəb koalisiyasının Yəməndə icazəsiz hərbi qüvvə tətbiq eləməsini pislədi. İstisna deyil ki, Rusiyanın Yəmən böhranına birbaşa dəxli var. Cənubi Yəmən vaxtilə SSRİ-nin ən yaxın müttəfiqi olub. Yəmən Demokratik Respublikası adlandırılan bu ölkədə kommunist yönlü diktatura olub və bu səbəbdən Rusiyanın orada agentura şəbəkəsi yetərincədir. Lakin İran kimi güclü oyunçunun itirilməsi, Moskvanın əlinin olub-olmamasından asılı olmayaraq Yəmən konfliktindən götürülə biləcək bütün mümkün dividentləri sıfırlayır”.

“Bütün bunlar, İran amilinin əldən çıxması, əlbəttə ki, Moskvanın bütün postsovet məkanı boyunca, ilk növbədə də Ukraynada imperiya məşqlərinin dəyərini artıracaq”, – deyə ekspert şərhinə yekun vurub.

***
Başqa sözlə, qənaət hasil olur ki, digər geosiyasi alanlarda məğlubiyyətlə üzləşən Putin rejimi Qərbdən bunun əvəzini ənənəvi olaraq postsovet məkanında çıxmağa, revanş götürməyə çalışacaq. Deməli, postsovet məkanının “ipə-sapa yatmayan” və ərazisində Kremlin əli ilə separatçılıq ocaqları yaradılmış ölkələri – Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan öz xarici və daxili siyasətlərində, ələlxüsus da rusiyayönlü “5-ci kolon”çulara münasibətdə ikiqat ölçülü-biçili olmalıdır.

Azərbaycan isə yeni situasiyada daha diqqətli olmaq zorundadır. Çünki Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq, onun Qərblə, Avropa Birliyi ilə formal bağlılığa, assosiasiya sazişi də yoxdur…

Unutmaq lazım deyil ki, dünya – ABŞ və Avropa Putinə neçə vaxtdır “şah” desə də, hələlik “mat” mərhələsi gəlməyib. Fəqət, o, elə də uzaqda da deyil.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button