Siyasət

“Bizim artıq Milli Şuralıq işimiz qalmayıb”

“Bizim artıq Milli Şuralıq işimiz qalmayıb”
“Növbəti qurultayda partiyamızdan mənə rəqib olarsa, buna sevinərəm”
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, müsahibəsində partiyanın keçiriləcək qurultayından, partiyadakı vəziyyətdən, həmçinin parlament seçkilərinə hazırlıqdan danışıb.

– KXCP sədri olaraq son zamanlar tez-tez bölgələrə səfərlər edirsiniz, müşavirə və görüşləriniz olur. Məqsəd nədir?

– Bu il KXCP-nin qurultayını keçirəcəyik. Qurultaya qədər də zona müşavirələri, ümumi yığıncaqlar keçiririk. Hər həftənin şənbə və bazar günləri bölgələrə səfərlər edirik və təşkilati işlərimizi görürük. İctimai-siyasi müzakirələrimizi aparırıq.

– Sədr seçkisi olacaqmı həmin qurultayda?

– Təbii ki, olacaq.

– Sizə alternativlər, rəqiblər varmı?

– Onu təşkilatdan soruşmaq lazımdır. Olacaqsa, mən buna sevinəcəm.

– Rəqiblərinizin sayı çox olsa, siz namizədliyinizi geri götürə bilərsinizmi?

– Yox, nəzərdə tutmuşam ki, bu dəfə iştirak edəcəm və yarışacam.

– Bəs KXCP parlament seçkisinə necə hazırlaşır? Bu il həm də Milli Məclisə seçkilər keçiriləcək…

– Biz artıq Klassik Xalq Cəbhəsi Partiyası olaraq öz müttəfiqlərimizlə – Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə bir yerdə seçki bloku təsis etmişik. Səkkiz partiya bir aradayıq. Hesab edirəm ki, 2015-ci il parlament seçkiləri ilə bağlı bu səkkiz partiyadan başqa hələ ki seçkiyə start verən və seçkidə təşkilatlanma ilə bağlı iş görən başqa bir qurum yoxdur ölkədə. MSK öz işi ilə məşğuldur, işini görür. Bölgə səfərlərimizdə də ikinci məsələ kimi parlament seçkiləri, orada iştirak, dairələrdən namizədin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə edilir.

– Milli Şura ilə KXCP-nin münasibətləri necədir? Partiyanın MŞ-dəki üzvlərinin və sədrin qurumu tərk edəcəyi bildirilsə də, bu, hələ baş verməyib.

– KXCP Milli Şurada üzv deyil, bizim üzvlərimiz orada üzvdür. Bu gün münasibətlər bizim üçün, ola bilsin, MŞ-nın özü üçün də əhəmiyyət kəsb edən məsələ deyil. Xeyli zaman öncə MŞ-nın bizim qərargahda keçirilən sessiyasında məsələyə münasibət bildirdik. MŞ-nin tərkibinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər oldu. O təkliflər zamanı belə qənaətə gəldik ki, MŞ-nın tərkibi kənar şəxslərlə genişləndirilsin. Amma təklif ediləndə bəlli oldu ki, genişləndirilmədə nəzərdə tutulan daha çox bir partiyanın üzvləridir.

– Hansı partiyanın?

“19 kişi söz verdik ki, deputat mandatından imtina edək. Sonra heç kim sözünü tutmadı. Dedim heç olmaya mənsə verdiyim sözün üstündə dayanım”

– Orada olan məlum partiyanın… Və biz açıq sözümüzü dedik ki, əgər genişləndirilmə belə nəzərdə tutulubsa, sizin partiyada da yüzə qədər Ali Məclis üzvü var, bizim də partiyanın elə bu qədər Ali Məclis üzvü var. Elə gəlin, biz ümumi şəkildə Ali Məclis üzvlərinin hamısını oraya qəbul edək, olsun genişlənmə. Bununla məsələ həll olunmur. Həmin gün sessiyada bu məsələ gündəlikdən çıxarıldı. Sonradan da bu məsələyə münasibət bildirəndə elə qənaətə gəlindi ki, mən sessiyanı tərk etdim. Bu münasibət sonda da təkrarlandı və mənim Milli Şurada iştirakıma ehtiyac qalmadı. Bizim ki, orada təklifimiz keçmir, orada yeniləşmə yoxdur, biz orada nə səbəbdən olmalıyıq? Orada insanlar var ki, Azərbaycan üçün çox qiymətli insanlardır. Amma Milli Şura öz missiyasını bitirib. Bu, o demək deyil ki, həmin adamlar öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Bu il parlament seçkiləridir. Daha MŞ-də təmsil olunanlar fəaliyyətlərini necə quracaq, bu, onların öz işidir. Bizim artıq Milli Şuralıq işimiz qalmayıb.

– Ancaq bu yekun və konkret qərarınız hələ də gözlənilirdi, bunu deməmişdiniz. Bu səbəbdən MŞ-dən nə zaman çıxacağınız aktual idi. Çünki Milli Şuranın mitinqlərində lider olaraq təmsil olunmursunuz, iştirak etmirsiniz…

– İştirak edənlərin bəyəm nəsə bir söz demək imkanları varmı ki, iştirak etməyənlərdən ötrü belə narahatçılıq keçirənlər olsun? Xeyli müddətdir Azərbaycan siyasi səhnəsində məşhur tezis var, təşkilində iştirak etmədiyimiz tədbirdə iştirak etmirik. Onlar da nəzərdə tuturlar ki, mitinqə gələnlərdən kim əvvəlcədən orada olmayıbsa, təşkildə iştirakı, yoxsa vətəndaş kimi orada iştirak edə bilərlər.

– Bir müddət əvvəl Müsavat Partiyasının keçmiş və indiki sədri, həmçinin AXP sədri də Milli Şuranın mitinqində tribunaya dəvət edilməmişdilər. Siz də onlar kimi meydanda diqqətsiz qalacağınızdan çəkinirsiniz? Qorxursunuz ki, sizi tribunaya dəvət etməzlər?

– Heç vaxt. Heç vaxt mənim belə bir qorxum olmayıb. Qorxum bir Allahdandır. Qətiyyən narahat deyiləm. Nə üçün? Bu gün Azərbaycan siyasi səhnəsində olan adamların böyük əksəriyyəti zaman olub ki, iki adam tapıb söz deməyə həsrət çəkiblər. İndi orada, yüzlərlə, minlərlə adam var, biz niyə qorxuruq ki? Öz adamlarımızdır. Hər zaman da tribunada olmaq doğru deyil. Və yaxud başqaları qorxu keçirdir ki, belə bir adam gəlsə, tribuna əldən gedər. O qorxu ola bilsin kimdəsə var, amma məndə yoxdur.

– İddia var ki, narazılıq səbəbindən KXCP rəhbərliyi MŞ-nin mitinqinə üzvlərinin qatılmasına qarşıdır. Hətta təzyiqlər olur, sonradan danlayırlar ki, niyə mitinqdə iştirak etmisiniz. Bu iddialar doğrudurmu?

– Qətiyyən. Biz öz adamlarımızı kifayət qədər tanıyırıq. Təbii, elə insanlarımız var ki, mitinq kimin olur olsun, hətta bizə alternativ qurumun, şəxsin olsun, mitinqdə ürəyimizdən keçən şüarlar varsa, iştirak edəcəklər. KXCP-də belə adamlar çoxdur. Biz hətta qərar qəbul etsək ki, iştirak etməyin, adamlar var ki, onlar partiyadan ayrılmaq dərəcəsinə qədər razı olarlar, amma mitinqdən qalmazlar. Bizim şöbə sədrlərimiz var ki, mitinqlərdə iştirak edirlər, təşkil edirlər, adamlar gətirirlər…

– Yəni sizin iradənizin əksinə olaraq…

– Xeyr. İradəmizin əksinə deyil. Biz qadağa qoymamışıq. Təbii ki, siz sualı real vəziyyətdən və eşitdiklərinizdən formalaşdırmısınız. Amma orada məsələ nədir – biz nə deyiriksə, onu edirik. Göründüyümüz kimi oluruq. Biz adamlara deyə bilmərik ki, sən niyə getmisən mitinqə? Niyə deməliyik ki? Onlar bizə irad tuta bilirlər hətta – niyə gəlmirsiz deyə. Biz isə bu iradı tuta bilmirik. Sərbəstlik vermişik, kim istəyir iştirak edir. Məsələn, martın 15-dəki mitinqdə həmin gün müşavirədə olmasaydım, iştirak edəcəkdim.

– Ölkədə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz? Artıq seçki ilinin üç ayı arxada qalıb…

– Azərbaycanda bu gün seçkiqabağı mühit yoxdur. AvropaOyunları qabağı mühit var. Ölkənin siyasi səhnəsi də, iqtisadi səhnəsi də, hakimiyyətin daxili, xarici siyasəti də, hətta hərbi siyasət də, Qarabağla bağlı məsələlər də o yarışa köklənib. Ona görə də indi seçkidən danışmaq tezdir. Böyük ehtimalla, seçkiyə avqustun sonundan etibarən start veriləcək.

– Milli Şuranın missiyasının bitməsindən danışdınız. Bundan əvvəl də İctimai Palatada təmsil olunmuşdunuz, sonra bildirildi ki, onun da missiyası başa çatıb. Seçkiqabağı birliklərin missiyası nədir sizcə – seçkiqabağı birləşib, seçkidən az sonra dava-dalaşla ayrılmalar, sonra yenə zəncirvari proses?

– İnsan elementar olaraq plan qurur, sabaha aid proqramı yazmaq üçün bugünkü səhifəni çevirir. Azərbaycan siyasətində bu, yoxdur. Hər şey baş-ayaqdır. Məsələn, nizamnamədə göstərilir ki, qurultay olmalıdır, partiya sədr seçkisinə gedir, parlament seçkisinə gedir. Qurumun nə məqsədlə yaradıldığı, nə zaman xitam veriləcəyi də qeyd olunur. Məsələn, 2013-cü ilin prezident seçkiləri ilə bağlı yaradılmış Demokratik Qüvvələrin Milli Şurası.

– Mirmahmud bəy, gənclər niyə azdır partiyanızda? Niyə gənclər sizin partiyaya gəlmirlər, aktiv deyillər, sayları azdır?

“Azərbaycanda bu gün seçkiqabağı mühit yoxdur – ölkənin nəbzi Avropa Oyunlarına köklənib”

– Gənclərimiz var, sadəcə, bizim gənclərimiz güclü, başqa partiyaların gənclərindən fərqli, bir az da elmi araşdırma aparan, kitablar yazan gənclərdir. Bizim ruporumuz, təbliğatımız yoxdur. Azərbaycan gənclərinin elmi əsaslarla simvoluna çevrilib Cavid Mehrəliyev. Onu 2011-ci ilin aprel mitinqləri ilə bağlı Bakı Dövlət Universitetindən xaric etdilər, bərpa olunmaq üçün məhkəməyə verdi, sonunda Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Bu gün ortalığa “Əski Əhəməni yazısı” əsəri ilə çıxıb. Bu, bizim gəncimizin birinin gördüyü iş və bütün Azərbaycan gəncliyinə nümunə olan işdir.

– Doğru. Amma o, bir nəfərdir. İddialar isə budur ki, kifayət qədər narazılıqlar var gənclərin partiyaya qoşulmaması ilə bağlı. İcazəmi verilmir?

– Elə bir şey yoxdur. Gənclərimiz var ki, saytlara rəhbərlik edirlər. Gənclərimiz var, xüsusi olaraq bələdiyyə seçkilərində iştirak etdilər, namizədliyini irəli sürdülər, təcrübə qazandılar. Başqa heç bir partiyadan bu qədər gənc bələdiyyə seçkilərində iştirak etmədi. YAP-dan da məcburi getdilər. Gənclərimizin bir qismi xaricdədir. Təbii ki, kütləvi şəkildə Azərbaycanın gəncləri də bir arada deyil. Könül istəyər ki, gənclər doğrudan doğruya bu estafeti qəbul etsinlər. Gənclərimiz var, ancaq kifayət qədər deyil. Sizi və bizi qane edəcək qədər deyil. Bu, reallıqdır.

– KXCP-nin yeddi partiya ilə birlikdə seçkidə iştirakı yekun qərardır? Ola bilərmi ki, partiyanız boykota getsin?

– İstənilən məsələ ola bilər. Amma düşüncəmizdə boykot yoxdur. Mənb məsələn, boykotun əleyhdarıyam. Təşkilat qərar qəbul edərkən də mənim də sözüm təsirli ola bilər. Nə üçün? Azərbaycanda kimsənin etmədiyini etdiyimizə görə. Qazandığımız deputat mandatından imtina etdiyimizə görə. Hesab edirəm ki, hətta 1998-ci ildə də boykotunuz doğru deyildi. O zaman da fərd olaraq əleyhinə idik. Amma daxili müzakirələrdən, verilən qərardan sonra ya qərarı yerinə yetirməli idik, ya da çıxıb getməli idik. Boykot o zaman ola bilər ki, təsiri, nəticəsi olsun. AXC vaxtı boykotun təsiri var idi, nəticəyə təsir edə bilirdi. Bu gün həmin boykot nəticəyə təsir edə bilmirsə, nəyisə dəyişdirə bilmirsə, bunu etmək doğru deyil.

– Bəs iştirakın da nəticəyə təsir etməyəcəyi, edə bilməyəcəyi əvvəlcədən bəllidirsə, bu seçkidə iştirak lazımdırmı?

– Əsas odur ki, haqq bildiyin işi edirsən. Qısa ömründə tribunada sözünü deyirsən. 1993-cü ildə qiyamdan sonra bizim çıxışlarımızdan, artıq yavaş-yavaş sıralar seyrələndən sonra mandatdan məhrum olanlar, olandan sonra bizə bu sözləri deyənlər bildirirdilər ki, ekranın qabağında oturmuşdum, sən məni infarktdan qurtardın, sağ ol. Sonra həmin adamların özləri gəlib deputat oldular. Və hətta başqa işlər də oldu. Amma mən onlara həmin “sağ ol”u deyə bilmədim. Həqiqətən millətin sözünü deməkdən ötrü tək də olsan, bu işi görmək lazımdır. Mən 2000-ci ildə parlamentdə mandatdan imtina edəndən sonra Elçibəyi yaxından tanıyan adamlar sual verirdilər ki, Elçibəy sağ olsaydı, sən parlamentə gedərdinmi?

Mən də dedim ki, bu gün Elçibəy yoxdur və mənə o sözü deyən, təsiredici olaraq deyən yoxdur. Bilirdim parlamentə getmək lazımdır. Həm də bu hərəkətimi də düz sayırdım ki, 19 kişi söz vermişdik. Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı. Dedim, heç olmasa bir nəfər dayansın. Ancaq seçicilərimin qarşısında borclu qaldım. Hər dəfə Əli Bayramlıya gedəndə, ovaxtkı seçicilərim qarşısında söhbət edəndə deyirəm ki, həyatda borclu olduğum çox adam var, amma sizin qədər borclu olduğum yoxdur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button