Siyasət

Bakıdakı ABŞ səfirliyinə Rusiyadan sensasion ittiham

Bakıdakı ABŞ səfirliyinə Rusiyadan sensasion ittiham
\\Kremlin xarici siyasət “qırğısından” Azərbaycana xəbərdarlıq ; Sergey Puşkov: “Bakıdakı səfirliyin fəaliyyəti bir sıra suallar doğurur…”; Dumanın komitə sədrinin ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı konfrans keçirildiyi gün açıqlama verməsi təsadüfə oxşamır…
Azərbaycan-ABŞ münasibətlərində son aylar müşahidə edilən gərginlik nisbətən səngiyib. Rəsmi Bakı “atəşə-atəş” taktikasını seçərək Vaşinqtondan yalnız tənqidlər gəldikdə ona cavab verir. Amerikanın Bakıya gələn yeni səfiri Robert Sekuta isə hələ ki “kəşfiyyat” aparır və ölkəni gəzdikdən sonra mediaya geniş açıqlama verəcəyini vəd edib.

Aprelin 8-də Bakıda Azərbaycan-ABŞ hərbçilərinin birgə konfransı keçirilib. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində baş tutan konfransda iki ölkə arasında müdafiə sahəsində həyata keçirilən işlər və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun İş Planı”nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, yüksək səviyyəli bu tədbir ciddi önəm daşıyır və gələcək əməkdaşlıq üçün yaxşı perspektiv vəd edir.

Maraqlıdır ki, Bakıda keçirilən konfransla eyni gündə Moskvada Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov da mətbuat konfransı keçirib və Azərbaycan-ABŞ münasibətlərindən danışaraq sensasion açıqlamalar verib.

Kremlin Qərblə münasibətlərində ən sərt mövqeyi ilə seçilən Puşkovun mətbuat konfransında gözlənilmədən Azərbaycan-ABŞ münasibətlərinə diqqət yetirməsi sırf təsadüf də ola bilər. Çünki Kremlin yaxın qonşularının Amerika ilə əlaqələrinə qısqanclıqla yanaşdığı yeni fakt deyil. Amma bu dəfə Kremlin adamının konkret ittihamları da var ki, bunun indiki vaxtda səslənməsi təsadüf olmaya da bilər…

Puşkov deyib ki, Azərbaycan Rusiya ilə münasibətlərini ABŞ-a qurban verməyəcək: “Bizim ümumi sərhədlərimiz var, tarixi yaxınlığımız var, rus və Azərbaycan xalqları arasında çox yaxşı münasibətlər mövcuddur. Azərbaycan hökuməti bunu bilir və ondan çıxış edir ki, Rusiya onunla qonşu ölkələrdə stabillikdə və balanslaşdırılmış siyasi prosesdə maraqlıdır, başqaları kimi dövlət çevrilişləri həyata keçirmir”(virtualaz.org). Puşkov “başqaları kimi dövlət çevrilişləri həyata keçirmir” dedikdə aydındır ki, ABŞ-ı nəzərdə tutur.

Komitə sədri sonrakı fikirlərində ittihamın konkret hədəfini açıqlamaqdan çəkinməyib. “Mənə elə gəlir ki, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti bir sıra suallar doğurur, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri. Axı Amerikanın xarici siyasətində ”narıncı inqilab\” tematikasını heç kim ləğv etməyib\” deyə, Puşkov bildirib. Puşkov əlavə edib ki, “ABŞ-ın bir sıra ölkələrdə ”narıncı inqilabları\” inadla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır\”. O, “ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar” deyə, dolayısı ilə rəsmi Bakıya xəbərdarlıq da edib.

Dövlət Dumasının komitə sədri onu da deyib ki, Azərbaycanın Qərbin hansısa sərfəli iqtisadi layihəsində iştirakının avtomatik olaraq Rusiyaya qarşı olduğunu düşünmür: “Çünki Azərbaycanın özü üçün sərfəli olan hansısa imkanlarda istifadə etməməsi təəccüblü olardı” deyə, sözlərini bitirib.

Puşkov yuxarıda da qeyd etdiyimiz kimi, Kremlin xarici siyasətinin aparıcı fiqurlarından biridir və onun açıqlamasına xüsusi diqqət ayırmaq lazım gəlir.

Bu ilin fevralında Bakıya səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland “Azərbaycanda ”rəngli inqilab\”ların hazırlanması ilə bağlı Vaşinqtona ünvanlanan ittihamlara cavab vermişdi. Nuland aşıq demişdi: “”Rəngli inqilablar\” o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq, gərginlik və bağlı qapılar olsun. Yəni onların bir-birilərinin ehtiyaclarını həll etmək üçün zəruri və lazımi şərait olmasın\”. Bununla da o, Amerika adından Azərbaycanda bu cür dəyişikliyə səbəb olacaq vəziyyəti görmədiyini ifadə etmişdi.

Rusiyanın narahatlığı əslində başa düşüləndir. Kreml son aylar Gürcüstanda heç şübhəsiz, Qərbin dəstəyi ilə eks-prezident Mixail Saakaşvilinin lideri olduğu Milli Birlik Partiyasının intensivləşən mitinqlərindən narahatdır. Və baş verənləri Amerikanın Cənubi Qafqazda itirilmiş mövqelərinin bərpası cəhdi kimi qiymətləndirir. Rusiya-ABŞ qarşıdurmasının yaxın illərdə yumşalmayacağını Kremldə də, Vaşinqtonda da, elə Bakıda da yaxşı bilirlər. Kreml Azərbaycanın balanslı siyasətindən razı olsa da, komitə sədrinin açıqlamasından da görünür ki, ABŞ-la münasibətlərin normallaşmasını qətiyyən arzu etmir. Bu səbəbdən də Amerikanın Bakıdakı səfirliyi barədə “narıncı inqilab” hazırlıqları barədə şübhələri ictimailəşdirir. Görünən budur ki, Kreml Azərbaycanın Amerika ilə münasibətlərinin gərginliyini arzu edir və bu tendensiya yaxın illərdə də dəyişməyəcək.

Dövlət Dumasının komitə sədri Puşkovun yuxarıdakı açıqlaması ilə bağlı ABŞ-ın Bakıdakı səfirliyi münasibət bildirməyə tələsmir. “Yeni Müsavat”ın sorğusunu qəbul edən səfirlikdən bildiriblər ki, bu iddialara cavab olacaq, lakin bu cavab operativ xarakter daşımayacaq…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button