Siyasət

Sərkisyandan işğal etirafı və xoflu müharibə açıqlaması

Sərkisyandan işğal etirafı və xoflu müharibə açıqlaması
Azərbaycanın ən azı 7 rayonu azad edilməyincə, hər hansı sülhün mümkün olmayacağını düşmən tərəf, nəhayət, dərk etməyə başlayıb; rusiyalı politoloq: “Bakı həmsədrlikdə Fransanı Almaniya ilə əvəzləməyə nail olacaq…”
Qondarma erməni “soyqırımı”nın yubiley törəninin tozanağı yatandan, düşmən təbliğat maşınının hay-küyü səngiyəndən sonra Dağlıq Qarabağ məsələsində yeni təşəbbüskarlığın başlayacağı gözlənilir. Artıq dəqiqdir ki, Fransa prezidenti Fransua Olland ayın sonunda İrəvana və Bakıya edəcəyi səfərləri çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini yenidən bir araya gətirməyə çalışacaq.

Ollandın ikinci cəhdinin nə dərəcədə səmərəli olub-olmayacağını söyləmək çətindir. Ancaq Qərb vasitəçiləri indi heç vaxt olmadığı qədər “pis sülh müharibədən yaxşıdır” məntiqini ciddiyə alırlar. Hesab edirlər ki, nəticəsiz olsa belə, prezidentlərin adicə təması, qarşı-qarşıya, göz-gözə oturması sülh yolunda müəyyən irəliləyişdir, müharibə ehtimalının azalmasıdır.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdikləri son bəyanatlar, bu bəyanatlarda prezidentlərin tezliklə görüşəcəyinə inamın ifadə edilməsi eyni məramın təzahürü sayıla bilər. Ancaq nə vaxtadək bəyanatlarla, formal görüşlərlə müharibə risklərini azaltmaq, gündəmdə arxa plana itələmək mümkün olacaq? Əsas məsələ də bundadır.

*****
Bu arada Ermənistan prezidenti Serj Sərkisyan “Rossiya 24\” telekanalının ”Mövqe\” proqramına müsahibəsində Qarabağ münaqişəsinin nizamlanması və müharibə perspektivlərindən danışıb. Sərkisyan deyib: “Erməni tərəfi əmindir ki, Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa dövlət başçılarının 6 bəyanatında və Azərbaycanla 7 ildir apardığımız danışıqlarda müzakirə olunan sənəddə əksini tapmış prinsip və elementlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qarşılıqlı məqbul yoldur. Həmsədr ölkələrin konsensus-mövqeyi bundan ibarətdir ki, prinsiplər və elementlər vəhdətlik təşkil eləməlidir, heç bir halda prinsiplərdən hər hansı birinə, yaxud digərinə üstünlük vermək olmaz”.

Ermənistan prezidentinin bildirdiyinə görə, həmsədr ölkələrin xalqların müharibəyə yox, sülhə hazırlanması barədə çağırışlara şərikdir. Bundan sonra Sərksyan ənənəvi olaraq rəsmi Bakını suçlayıb: “Təəssüf ki, Azərbaycan rəhbərliyi tam əksinə hərəkət edir. Biz ötən ilin yayından etibarən hamımız təmas xəttində situasiyanın gərginləşməsinin şahidi olduq. Rəsmilərin bəyanatlarından başa düşülür ki, vəziyyətin gərginləşməsini Azərbaycan istəyir”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bunu gizlətmir də: “Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın nümayəndəsi (prezidenti – red.) bəyan elədi ki, gərginlik o vaxta kimi davam edəcək ki, ermənilər Dağlıq Qarabağa bitişik rayonları azad etməyəcək. Bu xüsusda xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ davam edən atəşlərdən qorunmaq üçün ”təhlükəsizlik zonası\” yaratmağa məcbur idi\”.

Düşmən ölkə başçısı onu da söyləyib ki, əgər Azərbaycan müharibəyə başlasa, onların müdafiə olunmaqdan başqa yolu qalmayacaq: “Şərqdə deyildiyi kimi, müharibədə plov paylamırlar. Müharibə itkilər deməkdir. İstənilən nəticədə biz də böyük itkilər verərik. Böyük Vətən müharibəsində də böyük itkilər olub. Hər 9 ermənidən biri, əhalinin 12 faizi müharibədən qayıtmayıb”.

*****
İşğalçı ölkə başçısının açıqlamasında üç mühüm detal diqqət çəkməyə bilməz. Bunlardan biri Sərkisyanın Azərbaycan torpaqlarının işğalını rəsmən etiraf etməsidir. “Təhlükəsizlik zonası” adı altında olsa belə, bununla o, ən azından Dağlıq Qarabağ ətrafındakı 7 rayonu gec-tez boşaltmalı olacaqlarını anons edir. Halbuki, qondarma “DQR”in “sərhədləri” daxilinə Kəlbəcər və Laçın da daxil edilib.

İkinci məqam əraziləri qaytarmadan sülhün mümkün olmayacağının, həmin torpaqlarda gəlmə erməni ailələri hesabına süni məskunlaşdırmağın mənasız olduğunun başa düşülməsidir.

Üçüncü məqam isə ən azı, 7 rayon azad edilməyincə, müharibənin qaçılmaz olacağı barədə rəsmi Bakının bəyanatlarının ciddiyə alınması və bundan dolayı yaşanan müharibə xofudur.
Buradaca yada salaq ki, Serj Sərkisyan ötən ay Fransa telekanallarından birinə müsahibəsində də analoji xofu açıq şəkildə dilə gətirmişdi. Həmin müsahibə cəbhə xəttində düşmənin bir-birinin ardınca ciddi itkilər verməsi və kontraktçı hərbi qulluqçu Andranik Qriqoryanın öz silahını ataraq Azərbaycan tərəfə keçməsi, Bakıda bütün erməni əsgərlərini onun kimi hərəkət etməyə çağırması fonunda verilmişdi.

*****
Müharibədən qaçmağın yeganə yolu isə bəllidir: sülh danışıqlarında tezliklə köklü irəliləyişə nail olmaq. Bu da vasitəçilik institutunu təkmilləşdirməkdən keçir. Məsələn, Azərbaycan istəyərdi ki, Minsk Qrupu həmsədrliyində daha neytral və obyektiv ölkələr, misal üçün, Türkiyə və ya Almaniya da təmsil olunsun. Qeyd edək ki, belə bir perspektivin mümkünlüyündən ciddi əcnəbi şərhçilər də danışmağa başlayıblar.

“Mən hesab edirəm ki, Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrliyinə Almaniyanı gətirmək perspektivi mövcuddur”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloq, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, prezident Vldimir Putinin qəyyum elədiyi şəxs – Sergey Markov erməni portalına müsahibəsində bildirib.

“Vəziyyət elə formalaşıb ki, həmsədr dövlətlərin hər üçündə – Rusiya, ABŞ və Fransada dünyanın ən böyük erməni lobbisi məskunlaşıb. Bu, təbii ki, Minsk Qrupunun mövqeyində öz izini qoyur. Azərbaycan istəyərdi ki, böyük erməni diasporu olan Fransanı belə bir diasporun olmadığı, yaxud türk diasporu olan ölkə ilə, məsələn, Almaniya ilə əvəzləsin. Hesab edirəm ki, Bakı daim buna can atacaq. Bu, ona müyəssər olacaqmı? Söyləmək çətindir. Ancaq fikrimcə, yekunda buna nail olacaq” – deyib rusiyalı ekspert.

“Fransa məsələdə təkbaşına çıxış eləmir, o, Avropa İttifaqını təmsil edir. Rusiya və ABŞ-ın isə öz mövqeyi var. Üstəgəl, son vaxtlar müstəqil siyasi kursdan imtina etməsi səbəbindən Parisin mövqeləri zəifləyib. Fransa diplomatiyası indi xeyli dərəcədə ABŞ-dan asılıdır ki, bu da Fransanın mövqeyini zəiflədir. Bütün bunlar Fransanın Minsk Qrupundan sıxışdırılıb çıxarılmasına gətirə bilər” – əlavə edib politoloq.

*****

Söz yox ki, Türkiyə və ya Almaniyanın həmsədrliyə gətirilməsi ilə Qarabağ danışıqlarında dərhal sıçrayış baş verməyəcək. Ancaq “Madrid prinsipləri” kimi Bakıdan ötrü faktiki, təslimçi mahiyyət daşıyan təkliflərin irəli sürülməsi ehtimalı da xeyli azalacaq, işğalçı Ermənistana daha gerçəkçi münasibət formalaşacaq.

Yada salaq ki, rəsmi Berlin Dağlıq Qarabağ daxil, bütün işğal altındakı ərazilərin Azərbaycana məxsus olduğunu dəfələrlə və birmənalı şəkildə bəyan edib. 2015-ci ilin əvvəllərində isə Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Ermənistanın havadarı Rusiyanın ünvanına sərt fikirlər söyləyib, onu Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqda, cəbhə xəttində gərginlik yaratmaqda ittiham eləmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button