Siyasət

Baydenlə Putin harada görüşəcək? – Mümkün şəhərlər siyahısında Bakının da adı hallanır

“Məlumdur ki, ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Putinə görüşlə bağlı təkliflər verib. Təklifdə həmçinin vurğulanıb ki, görüş Avropa ölkələrindən birində baş tutsun. Ancaq Putin tərəfindən heç bir cavab yoxdur. Görüş yeri ilə bağlı yəqin ki, Rusiya prezidentinin də öz təklifi olacaq”.

Bunu Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Məmmədov deyib. Deputat qeyd edib ki, Putin və Baydenin razılığı ilə görüşün Bakıda keçirilməsi yaxşı olardı: “Bu, Azərbaycanın beynəlxalq aləmdə hansı hörmətə, nüfuza , təhlükəsizlik məsələlərində etibara malik olmasını bir daha nümayiş etdirərdi”.

Politoloq  Əlimusa İbrahimov isə Putin-Bayden görüşünün yeri ilə bağlı danışarkən bildirib ki, Bayden görüşün neytral ölkələrin birində keçirilməsini təklif edib: “Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da görüşün “Avropa ölkələrindən birində” keçirilə biləcəyinə eyham vurub. Avstriya, Finlandiya, Çexiya iki prezidentin görüşünə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Avstriyanın Xarici İşlər Nazirliyindən yüksək səviyyəli görüşlərin keçirilməsinə həmişə hazır olduqlarını diqqətə çatdırıblar.

Finlandiya prezident aparatı da öz xidmətini təklif edib.2018-ci ilin iyulunda Trampla Putin arasında görüş də elə məhz Helsinkidə keçirilmişdi. O zaman iki ölkə lideri 4 saat söhbət etmiş və heç bir müqavilə imzalamasalar da keçirdikləri görüşdən razı qalmışdılar”.

Politoloqun sözlərinə görə, görüşün keçirilməsi üçün namizədliyini irəli sürən 3-cü ölkə Çexiyadır: “Bu ölkənin vitse-prezidenti Yan Qamaçek Moskva və Vaşinqtona bu barədə öz təkliflərini irəli sürəcəkləri haqda məlumat verib. Praqa Rusiya-Amerika görüşlərinin keçirilməsi sahəsində yetərli təcrübəyə malikdir. 2010-cu ildə burada Barak Obama ilə Dmitri Medvedyev arasında görüş keçirilib. Strateji Hücum Silahlarının məhdudlaşdırılması tədbirləri haqqında Bayden və Putinin bu il müddətini uzatdıqları müqavilə (CHB-III) məhz burada imzalanıb.

Avropa ölkələrinin görüş yeri təklif etməkdə bir-biri ilə yarışa girmələri başa düşüləndir. Onlar Rusiya-Amerika qarşıdurmasından ən çox əziyyət çəkən ölkələrdir və bu qarşıdurmanın bir an tez sona çatmasını istəyirlər. Amerikanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ilk növbədə Rusiya əziyyət çəkirsə , ikinci yerdə Avropa ölkələri gəlir”.

Günay Rəsulqızı

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button