Milli Məclisdə Rəsulzadənin büstünün dağıdılmasına və Roma Papasına etirazlar…
Bu gün Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başladı.
Cari məsələlərlə bağlı çıxış edən deputat Siyavuş Novruzov Azərbaycanın adının korrupsiyalaşmış ölkələr sırasında çəkilməsinə etiraz etdi: “Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar olaraq, daxili və xarici təşkilatların qərəzli mövqeyi ayrı-ayrı QHT-lər vasitəsilə Azərbaycana qarşı şantaj kampaniyası gedir. Bu yaxınlarda korrupsiya ilə bağlı saxta bəyanat yayılıb. Azərbaycan az-az ölkələrdəndir ki, burada prezident və prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Dünyanın hər yerində bu bəla var və buna qarşı mübarizə gedir. Təəssüf ki, Azərbaycan xalqının əleyhinə işləyən siyasi partiya və QHT-lər var ki, Azərbaycanda kütləvi aksiyalara çağırır, bəyanatlar qəbul edirlər. Bütün bunlar onu göstərir ki, erməni lobbisinin və xaricdən aldıqları qrantların hesabına bu addımları atırlar. Milli Məclisdə bu hallara qarşı mübarizə aparmalı və bu antimilli qüvvələrin cavabını verməliyik”.
Spiker isə deputatın çıxışına “Ehtiyac varmı bunun müzakirəsinə, bunlar ermənilərdən də pisdirlər”, – deyə reaksiya verdi.
Fazil Mustafa dedi ki, bu gün Azərbaycanda həmrəyliklə bağlı problem var: “Nə qədər ki, bu kimi hadisələrə münasibətdə həmrəy ola bilməyəcəyik, problemlər həll olunmayacaq. Baxın, bu günlərdə biz Çanaqqala zəfərinin Bakıda qeyd olunması barədə təklif verdik, heç bir rəsmi reaksiya olmadı”.
Deputat Məhəmməd Əmin Rəsulzadənin büstünün depodan götürülməsinə də etiraz etdi: “Biz artıq məmurlara demirik ki, Allaha bax, Konstitusiyaya, qanunlara əməl elə… Biz deyirik ki, heç olmasa, səni ora təyin edən prezidentin sərəncamına bax… Prezidentin sərəncamında bir bənddə də yazılmayıb ki, Rəsulzadənin büstünü yığışdırın. Son 15-16 ildə ölkənin 9 rayonunda Rəsulzadənin büstü və adı götürülüb. Gəncədə başına torba salınıb, universitetdən adı götürülüb. Biz tariximizə hörmət etmək istəyiriksə, bu kimi dəyərlərə toxunmamalıyıq. Prezident bir addım atırsa, deməli, onu dəyərləndirir. Mən Rəsulzadənin büstünün götürülməsinə etirazımı bildirirəm və bu kimi addımların dayandırılmasını tələb edirəm”.
Fəzail Ağamalı dedi ki, Avropa Oyunları ərəfəsində həm Azərbaycandakı, həm də xaricdəki anti-Azərbaycan qüvvələri bir yerdə birləşiblər: “Artıq Azərbaycandakı antimilli qüvvələr bəyanat verərək, idmanla bağlı qurumlara müraciət edərək, onları Azərbyacandakı yarışlarda iştirak etməməyə çağırırlar. Bunun adı xəyanətdir\”.
F.Ağamalı Roma Papasının saxta soyqırımla bağlı bəyanatına da etiraz etdi: “Haqqa, ədalətə söykənməyi özünə borc bilən dini lider haqqı, ədaləti kənara qoyub, saxta soyqırımın yanında yer alır. Mən bir Azərbaycan vətəndaşı olaraq, Roma Papasının mövqeyini qəti şəkildə pisləyirəm və onu haqqın yanında olmağa çağırıram”.
Vahid Əhmədov 21 fevralda Mərkəzi Bankın verdiyi qərara toxundu: “Bu gün Mərkəzi Bankın ehtiyatlarının 15 milyarddan 9 milyarda enməsi ciddi təhlükədən xəbər verir. Belə getsə, ilin sonuna qədər ehtiyat qalmayacaq. Mən Mərkəzi Bankın siyasətini başa düşə bilmirəm. Mərkəzi Bank öz məzənnə siyasətini tamamilə dəyişməlidir. Elə etməlidir ki, bankın ehtiyatları qorunub-saxlansın”.
V.Əhmədov dərman preparatlarının qiyməti ilə bağlı ölkə prezidentinin dediklərini xatırlatdı: “Biz burada qanun qəbul etdik ki, dərman preparatlarının qiyməti tənzimlənsin. Üç ay keçməsinə baxmayaraq, biz hökumətin qərarını ala bilməmişik. Bu sahədə ciddi problemlər var”.
Məlahət İbrahimqızı Azərbaycana qarşı korrupsiya ilə bağlı bəyanatları Azərbaycana düşmənçilik mövqeyi hesab etdi: “Həmin hesabatda Avropa Birliyinə daxil olan ölkələrdə tibbi sığorta ilə bağlı külli miqdarda korrupsiya faktlarının olması da əksini tapıb. Amma nədənsə, bu antimilli qüvvələr öz ölkələrinə qarşı xəyanət mövqeyində dayanırlar. Ancaq bu gün Avropa qəzetlərində Mehriban xanımın rəhbərlik etdiyi bu işlər geniş işıqlandırılır”.
M.İbrahimqızı da Roma Papasına etiraz etdi: “100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi ən azı qınayıcıdır, təəssüfediricidir”.
Sahib Alıyev dedi ki, Papanın sülh arzusunu dilə gətirməsi inandırıcı görünmür: “Özü də saxta soyqırım ayinində Xocalı soyqırımının iştirakçısı, əli azərbaycanlıların qanına batmış S.Sarkisyan və Z.Balayan başda əyləşdirilmişdi”.
Zahid Oruc dedi ki, nə qədər ki, Türkiyə ilə düşmənçiliyi körükləyəcək qərarlar veriləcək, bu, ermənilərin xeyrinə olmayacaq: “Ermənilərin nefti və qazı olmasa da, iki mühüm silahları var. Uydurublar ki, xristianlığın beşiyi oradır və soyqırım silahından yararlanırlar”.
Z.Oruc buna cavab olaraq, Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsini, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif etdi: \”Katolik kilsəsinin rəhbərinin qərarı erməniərə ən böyük zərbədir“.
Deputat İqbal Ağazadə də dedi ki, Rəsulzadəyə bu cür münasibət bəsləyənlər ən azı prezidentin sərəncamına əməl etməlidirlər.
İqbal Ağazadə ötən həftə Xətai rayonunda baş verən yanğında mənzillərin və insanların külli miqdarda zərər çəkdiyini xatırladıb, binaları süni və zərərli materiallarla üzləyənlərə etiraz etdi: “Bakı şəhərinin rəhbərliyi nəhayət, insan həyatı üçün təhlükəli olan bu materiallarla binaların üzlənməsini dayandırmalıdır. Kim icazə verib, bu cür zəhərli materialların binaların üzərinə çəkilməsinə..? Gözəllik insan üçündür. Amma insanı zəhərləyən materialları kim bura gətirib? Nobel prospekti boyu binaları üzləyiblər. O yanğına baxanda adam dəhşətə gəlir ki, bir dəqiqə ərzində birinci mərtəbədən 9-cu mərtəbəyədək alov bürüdü. Bu, gecəyarısı olsaydı, nə baş verərdi? Xahid edirəm, bu tipli materialları gətirib, Bakını gözəlləşdirmək adı ilə binalara hörənlərə “dur” deyilsin. Sabah bir təxribat nəticəsində bu hadisə bütün digər binalara da keçə bilər\”.
Sabir Rüstəmxanlı dedi ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: “Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Niyə Azərbaycanda bir normal soyqırım muzeyi, abidəsi olmasın?”
S.Rüstəmxanlı dedi ki, Roma Papasının davranışı onun ora layiq olmadığını göstərdi: “Min ildir ki, fitnə-fəsad Roma Papasının başının altından çıxır. Argentina əsillidir, bu adam və orada da ermənilər at oynadırlar. O vaxt Türkiyədə 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir 1,5 milyon erməni öldürülüb. Bəs, ermənilər öldürüldüsə, onda dünyada yaşayan bu ermənilər hardan törəyib? Ən azı ədalətli, vicdanlı adam Ermənistana \”işğaldan əl çək\” deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik”.
Azay Quliyev müdafiə naziri Zakir Həsənovun fəaliyyətini təqdir etdi: “Amma narahatedici fakt budur ki, Suriya və Livandan muzdlular Ermənistan ordusuna cəlb edilir. Ən azı ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal olunmuş Azərbaycan ərazilərində Suriya və Livan ermənilərinin yerləşdirilməsinə siyasi qiymət verməlidir”.
Xalq artisti Zeynəb Xanlarova da söz aldı: “40-ı çıxmış Papanın haqqında danışmağa dəyməz. Bu adamın yan-yörəsi bizə qarşı düşmənlərdən ibarətdir. Papanın başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər. Mən Amerikadan təzə gəlmişəm. Bir ay ərzində orada hətta sadə insanlarla görüşlərim oldu. Hətta Nyu-York şəhərinin meri də konsertimə gəldi. Azərbaycan haqqında məhəbbətlə danışırdı. Deyir, \”Az qalıram, ailəmlə Azərbaycana köçüm. Hər gedib-gələndə Azərbaycanda yeni gözəlliklər görürəm”.
Z.Xanlarova Amerika yəhudilərinin Azərbaycan prezidentinə ünvanlı sözlərini də çatdırdı: “Dedilər ki, biz Azərbaycanı o qədər çox sevirik ki, Azərbaycan bayrağını senaqoqda asmışıq, nə lazmdırsa, biz kömək etməyə hazırıq. Bəzi adamlar var ki, kor gözləri ilə bu gözəllikləri görmürlər. Bu inkişafı görməmək baxa-baxa kor olmaqdır”.
Spiker O.Əsədov da fikirlərini bölüşdü: “Biz iqtidarlı-müxalifətli milli məsələlərdə birləşməyi bacarmırıq. Mən hələ ermənilərdə görməmişəm ki, hansısa milli məsələlərdə bir-birinin ziddinə getsinlər. Avropa Oyunlarına qarşı çıxmaq Azərbaycana qarşı çıxmaqdır”.
O.Əsədov dedi ki, Vatikanda səfərdə olan zaman erməni katolikosunun heykəlini görüb: “Səbəbini soruşdum, dedilər ki, bu da bizim kardinaldır. Biz onlardan niyə inciməliyik? Bu məsələni tarixçilər araşdırmalıdır. Təəssüf ki, Roma Papası belə mövqe sərgiləyir. Ancaq ona məktub yazmağın mənası yoxdur”.
Elşad PAŞASOY