Siyasət

“Abbas Abbasov səfir Polad Bülbüloğlu ilə bir qayıqda yer alır” – Söyün Sadıxovdan şok iddia

“Abbas Abbasov səfir Polad Bülbüloğlu ilə bir qayıqda yer alır” – Söyün Sadıxovdan şok iddia
\”AzerRos\”un yeni prezidentindən Abbas Abbasova sərt ittihamlar; Söyün Sadıqov: “O, bu oyunlarda “peşka”dır”

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti – \”AzerRos\”un böyük səbirsizliklə gözlənilən növbədənkənar VI qurultayı keçirilib. Bu “birləşdirici qurultay” “AzerRos”u parçalamış, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov üçün “son şans” hesab olunurdu. Çünki diaspora üzvləri A.Abbasovu qurultaya dəvət edərək tədbirə gəlməyəcəyi təqdirdə siyasətdən getməyi təklif etmişdilər. A.Abbasov isə qurultaya gəlməyib və bununla da özünü qurumun işindən birdəfəlik kənarda qoyub.

\”AzerRos\” əvvəlcədən qurultayın Beynəlxalq Ticarət Mərkəzində keçirilməsini elan etsə də, tədbirin həmin ünvanda keçirilməsinə icazə verilməyib. Bu səbəbdən qurultay başqa ünvanda keçirilib.

Aprelin 14-də keçirilən qurultayda quruma yeni prezident, Federal Şuranın sədri və üzvləri seçilib. Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib. Qurultayı idarə etmək üçün Nizami Bəşirov sədr, Yusif Xıdırov isə katib seçilib. Qurultayın Rəyasət Heyətində isə akademik Heydər İmanov, Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal və \”AzerRos\”un fəxri prezidenti Söyün Sadıxov təmsil olunublar.

Daha sonra \”AzerRos\” prezidentliyinə namizədlər irəli sürülüb. Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov və digər diaspor üzvləri tərəfindən qurumun keçmiş prezidenti Söyün Sadıxovun yenidən prezidentliyə namizədliyi təklif olunub. Qurultayın yanvarın 17-də keçirilən ilk iclasında prezidentliyə namizədliyi irəli sürülən Mehriban Abdullayeva və Yusif Xıdırov Söyün Sadıxovun xeyrinə namizədliklərini geri götürüblər.

Digər namizəd Qalib Ağayev isə Söyün Sadıxova rəqib olacağını açıqlayıb. Beləliklə, \”AzerRos\” FMMM-in prezidentliyi uğrunda iki nəfər arasında mübarizə gedib.

Qurultay iştirakçıları arasında səsvermə keçirilib. Söyün Sadıxov \”AzerRos\” FMMM-in yeni prezidenti seçilib (apa).

Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib.

Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək \”AzerRos\” bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: \”Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda “peşka”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim\”.

Qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyadakı Azərbaycan diasporunun vahid olmasının, eyni məqsədə xidmət etməsinin, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini qeyd edib.

Akademik Heydər İmanov isə çıxışında Söyün Sadıxovu təbrik edib və bundan sonra “AzerRos”un daha ciddi fəaliyyət göstərməli olduğunu deyib. Qurultayda müxtəlif regionlardan gələn diaspor üzvləri çıxış edərək, qurumun bir müddət fəaliyyətsiz qalmasından təəssüflərini ifadə edib, yeni seçilən rəhbərin təşkilatdakı problemləri həll edəcəyinə ümid etdiklərini bildiriblər.

Qurultayda Rusiya hökumətinin nümayəndəsi İqor Valerianoviç Tiunçik də iştirak edib.

*****

Yeni seçilmiş prezident S.Sadıqov minval.az-a müsahibəsində deyib ki, Mehriban Sadıqova, Cəmil Sadıqbəyov, Vaqif Adıgözəlov, Tamilla Şıxməmmədova, Sərdar Adbdullayev və Fayaz Paşayev birləşdirici qurultaya buraxdıqları səhvlərdən utanaraq gəlməyiblər: “Onlar Abbas Abbasovdan aldıqları pulu xalqın maraqlarından üstün tutdular. Amma biz qəddar adamlar deyilik və milli maraqlar naminə birləşmək üçün insanların səhvlərini bağışlamağı bacarırıq. Mən əminəm ki, birləşdirici qurultay “AzerRos” üçün yeni bir tarixi səhifə açacaq, Rusiya və Azərbaycan xalqlarının mənafeyinə xidmət edəcək.”

S.Sadıqov A.Abbasovu kəskin ittiham edib. O, deyib ki, A.Abbasov ya çox axmaq, ya da namərd adamdır: “Amma mən üçüncü varianta inanmağa meylliyəm. O, anti-Azərbaycan qüvvələrinə xidmət edir, bu hətta erməni lobbisi də ola bilər. Çünki ola bilməz ki, uzun müddət yüksək vəzifədə işləmiş bir şəxs bu cür səhvlər buraxaraq anti-Azərbaycan mövqe tutsun, Rusiyada yaşayan azərbaycanlıların əleyhinə getsin. Bunları gördükdən sonra mən anladım ki, Abbas Abbasov kimilərinin əsl sifətini açmayanadək yaranmış problemləri həll etmək mümkün deyil”.

S.Sadıqov deyib ki, onlarda olan məlumatlara əsasən deyə bilərlər ki, A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bir qayıqda yer alır.

S.Sadıqovun sözlərinə görə, 17 fevralda qurultaya Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi birbaşa P.Bülbüloğlunun informasiyaları əsasında baş verib: “Axı, necə ola bilər ki, diasporanın 350-400 nəfər üzvü Abbas Abbasova tabe olmadıqları üçün səfirin göstərişi ilə təzyiqə məruz qalsınlar? Biz bu informasiyaya əvvəl inanmadıq.

Amma fevralın 20-də diasporanın 100 fəal üzvünün dağıstanlı qoluzorluların hücumuna məruz qalanda da səfir səsini çıxarmadı, hətta Dağıstan prezidentindən fəxri diplom da aldı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentinin təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button