Siyasət

Amerikanın Rusiyaya Bakıdan hədə kimi mesajı

Amerikanın Rusiyaya Bakıdan hədə kimi mesajı
ABŞ Azərbaycanın təhlükəsizliyi vədində sözdən işə keçir; Senatın ölkəmiz də daxil, 8 dövlətin müdafiəsini nəzərdə tutan qanunu icraya yönəlir; səfir Sekutanın Türkiyə ilə təlimlərdə iştirak etmiş azərbaycanlı hərbi pilotlarla görüşünün mühüm səbəbi var; Kremlin Azərbaycanda “rəngli inqilab” xəbərdarlığına Vaşinqtonun “dubl” cavabının pərdəarxası…
ABŞ-la Rusiya arasında ziddiyyətlər çoxdandır ki, özünü həm də informasiya savaşı müstəvisində göstərməkdədir. İki fövqəldövlətin rəsmi şəxslərinin üz-üzə gəldikləri beynəlxalq tədbirlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının toplantıları çərçivəsində, həmçinin Yaxın və Orta Şərq ölkələrindəki dramatik hadisələrə münasibətdə bunu tez-tez müşahidə eləmək olar.

Təbii ki, iki Moskva və Vaşinqtonun köklü maraqlarının ən çox toqquşduğu bölgələrdə bunu daha qabarıq görmək mümkündür. Həmin bölgələrdən biri də Güney Qafqaz və onun açar ölkəsi sayılan Azərbaycandır.

Azərbaycan uğrunda Rusiya ilə ABŞ arasında gizli-açıq rəqabətin getdiyi sirr deyil. Bu rəqabətin şiddətləndiyi məqamda kifayət qədər maraqlı bir olay yaşanıb. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Müdafiə Nazirliyinin pilotları ilə görüşüb. Bu barədə səfirliyin rəsmi twitter hesabında məlumat gedib. Məlumata görə, “görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edilib”.

* * *
Xatırladaq ki, təxminən bir həftə öncə – aprelin 8-də Bakıda Azərbaycan və ABŞ hərbçilərinin birgə konfransı keçirilmişdi. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində baş tutan konfransda iki ölkə arasında müdafiə sahəsində həyata keçirilən işlər və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun ”İş planı\”nın layihəsi müzakirə edilmişdi.

8 aprel tədbirində Azərbaycan Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak etmişdilər. Müşahidəçilər isə bu tədbiri ciddi önəm daşıyan və gələcək əməkdaşlıq üçün yaxşı perspektiv vəd edən addım kimi dəyərləndirmişdilər.

Bu yerdə onu da yada salmaq lazım gəlir ki, az öncə – ötən ayın sonlarında ABŞ Senatında Azərbaycanın da təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan qanun qəbul olunub. Sənəddə prezident Barak Obamaya bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulur. Bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək, bu ölkələrin təhlükəsizliyini təmin edəcək.

* * *
Təbii ki, yeni səfirin gəlişindən dərhal sonraya təsadüf edən və sıralanan bu qəbil tədbirlər, üstəlik, birbaşa hərbi təhlükəsizliklə bağlı tədbirlər Qərblə soyuq savaşda olan Rusiyanı əməlli-başlı qıcıqlandırır. Təsadüfi deyil ki, Bakıda keçirilən konfransla eyni gündə Moskvada Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədri, Qərbə qarşı ən sərt mövqeyi ilə tanınan Aleksey Puşkov mətbuat konfransı keçirərək Azərbaycan-ABŞ münasibətləri mövzusunda sensasion açıqlamalar vermiş, Vaşinqtonu ittiham eləmişdi.

Puşkov ABŞ-a təhdid xarakterli tonda, sanki Bakının adından danışaraq demişdi ki, Azərbaycan Rusiya ilə münasibətlərini ABŞ-a qurban verməyəcək. Sitat: “Bizim ümumi sərhədlərimiz, tarixi yaxınlığımız var. Rus və Azərbaycan xalqları arasında çox yaxşı münasibətlər mövcuddur. Azərbaycan hökuməti bunu bilir və ondan çıxış edir ki, Rusiya onunla qonşu ölkələrdə stabillikdə və balanslaşdırılmış siyasi prosesdə maraqlıdır, başqaları kimi dövlət çevrilişləri həyata keçirmir. Məncə, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti bir sıra suallar doğurur – o cümlədən onların fəaliyyətinin siyasi aspektləri. Axı, Amerikanın xarici siyasətində ”narıncı inqilab\” tematikasını heç kim ləğv etməyib. ABŞ-ın bir sıra ölkələrdə “narıncı inqilabları” inadla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır\”. Puşkov “ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar”, – deyə dolayısı ilə rəsmi Bakıya xəbərdarlıq da eləmişdi.

Puşkov

* * *
Bəllidir ki, Rusiya yetkilsinin bəyanatına Birləşmiş Ştatlar səfirliyinin sərt cavabı özünü gözlətməyib. Orada deyilirdi: “ABŞ-ın Azərbaycanın suverenliyinə və müstəqilliyinə göstərdiyi uzunmüddətli dəstək yalnız sözlərdən ibarət deyil. Bizim həyata keçirdiyimiz fəaliyyətlər onu göstərir ki, Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın ən sabit və tərəqqili gələcəyini təmin etmək istəyirik. Rusiya Duması üzvünün verdiyi bu bəyanatların əsası və dəyəri yoxdur. Yeri gəlmişkən, dövlət katibinin müavini Entoni Blinken martın 31-də Vaşinqtonda qeyd etmişdi ki, Rusiyanın öz ətrafında həyata keçirdiyi fəaliyyət beynəlxalq quruluşun əsasına təhlükə yaradır”.

Belə kəskin söz duelinin ardınca səfir Robert Sekutanın azərbaycanlı hərbi pilotlarla görüşməsi və bunu dərhal ictimailəşdirməsi xüsusi diqqət çəkir və səfirliyin cavab bəyanatında vurğulandığı kimi, doğrudan da “ABŞ-ın Azərbaycanın suverenliyinə və müstəqilliyinə göstərdiyi uzunmüddətli dəstəyin yalnız sözlərdən ibarət olmadığını” təsdiqləyir.

Yəni Amerika Azərbaycanı Rusiyadan müdafiə eləmək məsələsində sözdən işə keçmiş kimi görünür ki, bu da heç şübhəsiz, Rusiyaya Bakıdan növbəti mesaj sayılmalıdır. Bu mesajı diplomatik dildən tərcümədə belə anlamaq olar: 1. Ağ Ev Kremlin hər cür təhdidlərinə baxmayaraq, rəsmi Bakı ilə həqiqətən hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcək. 2. Bu, məhz Azərbaycanın siyasi iradəsi əsasında həyata keçirilən addımlardır.

Pilotlarla görüş habelə, Amerikanın son vaxtlar Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafından, ortaq hərbi təlimlərdən məmnun qalması kimi anlaşıla bilər. Bu görüşü həmçinin, Moskvanın Bakıya “rəngli inqilab”la bağlı xəbərdarlığına ABŞ-ın verdiyi növbəti cavab reaksiyası və Senatda qəbul edilən sənədin praktikada real təzahürü saymaq mümkündür.

Gözləyək görək, Bakı-Vaşinqton hərbi əməkdaşlığının qarşılıqlı maraqlar əsasında yeni fazaya keçməsinə Moskva hara kimi dözüm göstərək…

* * *
Kremlin reaksiyasından asılı olmayaraq, bir şey aydındır ki, bu gün regiona Rusiya təhlükəsi heç vaxt olmadığı qədər realdır. Ukraynadakı hadisələr hamıya görkdür. Bu mənada Bakı-Vaşinqton münasibətlərində səfirin gəlişi ilə atılan “daşların yığılmağa başlanması” təqdir edilməyə bilməz – bir şərtlə ki, “yaralı ayı”dan gələn potensial təhlükələr ciddiyə alınsın. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button