Siyasət

Qarabağ məsələsində “xalq diplomatiyası” arxivə verilir

Qarabağ məsələsində “xalq diplomatiyası” arxivə verilir
Münaqişənin həllində işıq ucunun görünməməsi ABŞ-ı öz taktikasına yenidən baxmaq zorunda qoyub; Vaşinqton Azərbaycan və Türkiyənin Ermənistanla barışığına yönəlik layihələrə ayırdığı vəsaiti azaldır; Ağ Evin tezliklə sülh əldə olunmasına inamsızlığının arxasında nə durur?
Belə görünür, 2015 Dağlıq Qarabağ məsələsinin dinc yolla həlli danışıqlarında ən uğursuz, ən durğun illərdən biri kimi tarixə düşəcək. Şübhə yox ki, bu durğunluğa qondarma erməni soyqırımının “yubiley” törənindən dolayı amillər də öz möhürünü basacaq və basmaqdadır. Ən azı ona görə ki, saxta “genosid” iddiaları və bu iddialara dəstək münaqişə tərəfləri arasında etimadsızlıq mühitini daha da gücləndirəcək – həm də qeyri-müəyyən müddətə.

Lakin başqa ənənəvi və qeyri-ənənəvi təsir faktorları da var. Hansılar ki, Azərbaycanın iradəsindən kifayət qədər kənardadır. ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya ilə ABŞ arasında həlli uzanan Ukrayna böhranına görə yaşanan “soyuq savaş” bu qəbildəndir. Çünki bir çox analitiklərə görə, Moskva Güney Qafqaza və buradakı münaqişələrə Ukraynadakı mümkün geosiyasi uğursuzluğa görə revanş variantı kimi baxır, regiondan Qərbi vurub birdəfəlik çıxarmaq üçün son fürsət kimi qiymətləndirir.

Belə vəziyyətdə, yəni iki əsas həmsədr dövlət arasında münasibətlərin gərgin olduğu dönəmdə vasitəçilərin böyük əmək sərf edib Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüş təşkil eləməsi hansı real nəticəni verə bilər ki? Demək, Fransa prezidenti Fransua Ollandın aprelin sonunda İrəvan və Bakıya edəcəyi səfər çərçivəsində aparacağı Qarabağ danışıqlarından da möcüzə gözləməyə dəymir.

Hətta istisna deyil ki, Azərbaycan tərəfi bu dəfə Serj Sərkisyanla görüşə lüzum görməyərək, sadəcə, təklifi çevirəcək. Bu barədə Azərbaycan rəsmilərindən biri anons da edib. Hər halda, acı gerçək budur ki, indiki mərhələdə konfliktin həllində köklü dönüş Fransanın, Avropanın yox, yalnız ABŞ və ya Rusiyanın ciddi və səmimi təkanları nəticəsində mümkün ola bilər. O da üfüqdə görünmür.

* * * * *

Bu arada məlum olub ki, ABŞ Türkiyə və Azərbaycanın Ermənistanla barışıq proqramlarına yönəlik vəsaitləri azaltmağı qərar alıb. “ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin həyata keçirdiyi proqramlar üzrə, o cümlədən Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında barışıq proseslərinə yönəlik proqramlar üzrə ayrılan vəsaitlərdə azalmalar olacaq”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Ermənistandakı səfiri Riçard Millz bildirib.

Riçard Millz

Diplomatın sözlərinə görə, bir sıra yeni qlobal təhdidlər, o sırada Ebola virusu, səhiyyədə beynəlxalq böhranla bağlı məsələlər, Ukraynaya kömək və İŞİD-lə mübarizə zərurətinin təsiri altında “prezident Obama başda olmaqla, ABŞ rəhbərliyi ayrılan vəsaitlərin məbləğinə yenidən baxıb”. “Bu addımlar çərçivəsində həmçinin USAİD proqramı üzrə Ermənistana ayrılan vəsaitlər də azaldılıb” – əlavə edib səfir.

* * * * *

Bəs belə bir qərar hansı imperativdən qaynaqlanır, ABŞ Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan barışığına niyə inanmamağa başlayıb? Doğrudanmı səbəb Birləşmiş Ştatlar üçün yaranan yeni qlobal təhdidlərlə bağlıdır?

İnandırıcı deyil. Ən azı varlı və qüdrətli ölkə kimi “xalq diplomatiyası”na, barışa ayrılan vəsaitlər Amerikanın digər daha qlobal və humanitar layihələrə ayırdığı məbləğlərlə müqayisədə çox kiçikdir.

Gerçək səbəblər əslində bir neçə ola bilər. Birincisi, mümkündür ki, indiyədək ayrılan vəsaitlər səmərəli istifadə olunmayıb, müəyyən QHT-lər, şəxslər tərəfindən təyinatdan kənar xərclənərək mənimsənilib və bu üzdən onların bundan sonrakı təyinatı sual altına düşüb.
İkincisi, fakt budur ki, bu layihələr nə Azərbaycan və Ermənistan cəmiyyətləri arasında nə hansısa inam və etimad körpülərinin yaranmasına gətirib, nə də Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə təkan verib. Əksinə, vəziyyət bu sahələrdə indi daha mürəkkəb və ümidsiz görünür. Üstəlik, Azərbaycanda da, Ermənistanda da “xalq diplomatiyası”nın mühüm fiqurları təqib edilir, həbsə salınır. Uydurma soyqırımı ətrafında güclənən ajiotaj isə Türkiyə-Ermənistan sərhədlərinin yaxın və ya orta perspektivə açılmasını əlçatmaz edib.

Üçüncü mühüm amil əlbəttə ki, Rusiyanın Dağlıq Qarabağ məsələsində münaqişə tərəflərinə destruktiv təsirlərinin artması ilə əlaqədar ola bilər. Vaşinqtonda artıq anlamağa başlayıblar ki, Rusiyanın Qarabağ məsələsinə təsir və müdaxilə imkanları minimuma endirilməyincə “xalq diplomatiyası” da effektli olmayacaq. Odur ki, onu ən yaxşısı, qeyri-müəyyən müddətə tarixin arxivinə göndərmək, hələliksə amerikalı səfirin dediyi kimi, daha aktual problemlərə özünü doğrulda biləcək vəsaitlər ayrıla bilər.

* * * * *

Sadalananlardan belə qənaət hasil olur ki, ABŞ yaxın perspektiv üçün Qarabağ ixtilafının həllinə yönəlik xüsusi bir təşəbbüskarlıq göstərməyə hazırlaşmır. Görünür, Amerikanın “beyin mərkəzləri” ölçüb-biçib, hesablayıb və Obama hökumətinə məsləhət görüb ki, boş yerə pul xərcləməsin, dünyada indi Qarabağ ab-havası deyil, Qarabağın vaxtına, növbəsinə hələ qalır.

Bu da o anlama gəlir ki, konflikt zonasında müharibə riskləri artmaqda, Rusiyanın münaqişə ilə manipulyasiya edib Bakı və İrəvana güclü təzyiq rıçaqlarını saxlamaqda davam edəcək. Kremlin Qarabağ məsələsində izlədiyi əsas hədəf isə bəllidir – məsələni bacardıqca uzadıb Azərbaycanla Ermənistanı özündən asılı saxlamaq, onların Qərbə, Avropa Birliyinə sarı hərəkətini əngəlləmək.

Hələ ki Kreml öz istəyinə nail olur. “Xalq diplomatiyası”nın gündəmdən çıxması da bütünlüklə Moskvanın maraqlarına cavab verir. Çünki şimal qonşumuz münaqişə tərəfləri arasında birbaşa təmaslardan, inam körpüləri yaranmasından həmişə ehtiyat edib. Şübhə yox ki, bundan sonra da əlindən gələni edəcək ki, Azərbaycanla Ermənistan arasında düşmənçilik ən yüksək həddə qalsın.

Ən azı o vaxta kimi ki Azərbaycan da Ermənistan kimi Avrasiya İqtisadi Birliyinə qoşulmaq qərarı versin. Bakı isə belə bir qərarı çətin ki, verə. Ona görə ki, Ermənistanla bir yerdə olduğumuz acı SSRİ təcrübəsi var…(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button