Siyasət

Amerikadakı sanksiya çağırışına Bakıdan ilginc reaksiyalar

Amerikadakı sanksiya çağırışına Bakıdan ilginc reaksiyalar
Ərəstun Oruclu: “Mən ora imza atmamışam, atsam heç kimdən qorxmuram”; Novella Cəfəroğlu: “Amerika, ya Avropada oturub sifariş verməklə bu adamları həbsdən çıxara bilməyəcəklər”
Fəzail Ağamalı:“O zaman Azərbaycanı Leninin movzoleyi ilə hədələyirdilər, indi dövlət katibi ilə”

Bir sıra insan haqları təşkilatları və keçmiş diplomatların ABŞ dövlət katibi Con Kerriyə açıq məktub yazaraq insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, onların səhmlərini dondurmağa çağırması Vaşinqtonun Bakıya sanksiya qərarı verə biləcəyi ilə bağlı vaxtaşırı gündəmə gətirilən mövzunu bir daha aktuallaşdırıb.

AzadlıqRadiosunun məlumatına görə, müəlliflər Azərbaycanın dövlət qurumlarına ABŞ-ın ticarət sahəsində həvəsləndirici yardımlarını dayandırmağa səsləyiblər. “Son bir ildə artan repressiyalar belə yanaşmanı artıq tamamilə faydasız edib. Əgər Qərb həlledici qərarlar qəbul etməsə, biz yaxınlaşan parlament seçkilərində vəziyyətin daha da pisləşəcəyindən qorxuruq” deyə, bildirilir. Məktubda AzadlıqRadiosunun Bakı bürosunun qapadıldığı, dövlət rəsmilərinin Qərbə qarşı eybəcər kampaniyada iştirak etdiyi də qeyd edilir. İnsan haqları qrupları hesab edirlər ki, hökuməti tənqid edənlərin həbsləri Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində “küçələri təmizləmək” siyasəti ilə bağlıdır\”.

Con Kerriyə açıq məktuba imza atanlar ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams, Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, AzadlıqRadiosunun keçmiş direktoru Cefri Qedmin, “Freedom House” təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və digərləri olub. Lakin diqqətçəkən budur ki, həmin müraciətə imza atanlar sırasında Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və ya ictimai təşkilatın nümayəndəsi yoxdur. Belə iddialar var ki, bu, həmin şəxslərin özlərini həbs və təzyiqlərdən sığortalamasının məntiqi nəticəsidir. Ancaq rəyini soruşduğumuz ekspertlər fərqli fikirlər söylədi.

“Mən imza atmamışam. Atsam, açıq imza ataram və heç kimdən qorxmuram”. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Lakin onu da xüsusi vurğuladı ki, ilk növbədə Azərbaycanın problemlərini çalışıb ölkə daxilində həll etmək lazımdır: “İkincisi, bunu hakimiyyət də anlamalıdır ki, əgər onun opponentləri yaranmış problemləri ölkənin daxilində hakimiyyətlə danışıq yolu ilə həll edə bilməyəcəksə, əlbəttə, xaricə üz tutacaqlar. Orda da müxtəlif güclər, maraqlar var və bu maraqlar naminə həmin vasitədən istifadə olunacaq. Bunu nəzərə alaraq hesab edirəm ki, hakimiyyət özünün son davranışları ilə birmənalı olaraq buna rəvac verib. Təsəvvür edin ki, vətəndaş cəmiyyəti fəallarına ittiham 9-10 il həbs cəzası tələb edir.

Bu, ağlasığmaz bir şeydir. Son illər belə bir təəssürat yaranıb ki, Azərbaycanda ən böyük cinayətkarlar, sən demə, vətəndaş cəmiyyətindəymiş. Ölkənin büdcəsini yeyib-talayanlar da, ölkənin maraqlarını satanlar, sərvətlərini talayanlar da onlar imiş”. Ə.Oruclunun sözlərinə görə, hakimiyyətin bu davranışı sonda buna gətirəcək ki, ölkədə hakimiyyətə opponent olan siyasi qüvvələr, ayrı-ayrı fərdlər, təşkilatlar xarici dəstəyi məmnuniyyətlə qəbul edəcəklər: \”Hakimiyyət bu barədə çox ciddi şəkildə düşünməlidir\”. Politoloq hesab etmir ki, Kerriyə müraciət təsirsiz qalacaq: “Təcrübə göstərir ki, bu cür müraciətlər bu və ya digər şəkildə öz cavabını tapır, cavabsız qalmır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, sözügedən müraciətin məzmunu ilə tanış deyil: “Tanış olandan sonra bu barədə öz mövqeyimi açıqlayaram”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, belə bir müraciət haqqında ona hər hansı məlumat verilməyib: “Axı iddia edirlər ki, biz hökumətə satılmışıq. Lakin mənim birmənalı mövqeyim var və səfirliklərdəki görüşlərdə də bunu açıq deyirəm. Rusiyaya qarşı sanksiyalar verildi, nəsə dəyişdimi? Əksinə, sanksiyalardan sonra insan haqları daha çox pozuldu, Nemtsovu öldürdülər. Deməli, sanksiya müsbət nəticələrə gətirib çıxartmır. Sanki Azərbaycanı qorxutmaqla nəyəsə nail olmaq istəyirlər, ancaq bu, mümkün görünmür. Əgər bu məsələlər Azərbaycanda həll olunursa, onda hökumətlə danışığa gedək, nəyəsə nal olaq. Amerika, ya Avropada oturub danışmaq çox asandır. Mən bilirəm ki, Azərbaycanda çox işlər görülməyib, problemlər var, insanlar həbsdədir. Amma onu da bilirəm ki, heç bir təzyiqlə heç nəyə nail olmaq mümkün deyil. Mən istəyirəm ki, İntiqam, Rəsul, Tofiq, Leyla, İlqar, Xədicə, Anar, digərləri azadlığa çıxsın. Biz canımızı veririk ki, onlar azadlığa qovuşsun. Amma Amerika, ya Avropada oturub sifariş verməklə bu adamları həbsdən çıxara bilməyəcəklər”.

AVP sədri, deputat Fəzail Ağamalı hesab edir ki, Kerriyə müraciət zaman-zaman söylənilən anti-Azərbaycan qüvvələrinin mövqeyi kimi qiymətləndirilməlidir: “Bunlar Azərbaycanın əleyhinə kampaniya aparan şəxslərdir ki, indi bir araya gəliblər, hansısa səviyyədə koordinasiya olunublar. Onlar vaxtilə fərdi şəkildə dedikləri fikirləri ümumiləşdirərək yenə də böhtan, qərəz, iftira dolu ifadələrin əksini tapan müraciəti imzalayaraq ABŞ dövlət katibinə göndəriblər. Bu, anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı növbəti iftirasıdır. Mən birmənalı şəkildə bunun arxasında erməni diasporunu görürəm, birmənalı şəkildə burda erməni izi özünü göstərir. Çox təəssüf edirəm ki, bunların arasında azərbaycanlı olduğu və Azərbaycana bağlı olduğunu deyə bilmərəm, amma hər halda, soyadı azərbaycanlı olanlar da var. Onlar hansısa səbəbdən Azərbaycanı tərk edib ABŞ-da isti yuva tapan və yəqin ki, Azərbaycana qarşı olan qüvvələrin çətiri altında öz həyat səviyyəsini quran, həyat tərzini yüksək səviyyədə təmin edən insanlardır. Mənim buna qətiyyən şübhəm yoxdur”.

F.Ağamalı qeyd etdi ki, bu petisiya ona vaxtilə Azərbaycanda ayrı-ayrı şəxslərin, həmçinin ermənilər tərəfindən təşkil olunan Lenin movzoleyinə, Sov.İKP MK-ya ünvanlanan petisiyanı xatırladır: “O zaman Azərbaycanı Lenin movzoleyi, Mərkəzi Komitənin baş katibi ilə qorxudub çəkindirirdilər, indi də artıq mahiyyət yox, ünvan dəyişib. İndi Azərbaycanı ABŞ-ın dövlət katibi ilə hədələyirlər. Vaxtilə baş katib idi, indi dövlət katibidir. Bu paralellik məndə çox qəribə təəssürat yaradır”. Lakin AVP sədri bu təhdidlərin fayda verəcəyini düşünmür: “Azərbaycan müstəqil dövlətdir. Bu cür yazılar, petisiyalar, müraciətlər əlbəttə, ürək bulandırmaqdan başqa bir şey deyil. Ola bilsin cənab Kerri bundan istifadə edib öz məmurlarına tapşırıq verəcək ki, bu petisiyadan da müəyyən cümlələri hesabata yazın, getsin. Nəticə etibarilə bu, Azərbaycana qarşı ayrı-ayrı ölkələrdə formalaşan vahid bir anti-Azərbaycan koalisiyasının apardığı şərh, böhtan, iftira kampaniyasının tərkib hissəsidir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button