Siyasət

“AzerRos” prezidenti: “Öz millətini satan Abbas Abbasov mənə maraqlı deyil artıq”

“AzerRos” prezidenti: “Öz millətini satan Abbas Abbasov mənə maraqlı deyil artıq”
Söyün Sadıxov Rusiya prezidentinə müraciət hazırlayır

Aprelin 14-də keçirilən qurultayda quruma yeni prezident, Federal Şuranın sədri və üzvləri seçilib. Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov və digər diaspor üzvləri tərəfindən qurumun keçmiş prezidenti Söyün Sadıxovun yenidən prezidentliyə namizədliyi təklif olunub. Qalib Ağayev isə Söyün Sadıxova rəqib olub. Səsvermədə Söyün Sadıxov qalib çıxıb və “AzerRos” FMMM-in yeni prezidenti seçilib.

Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib.

Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək “AzerRos”un bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: “Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda ”peşka\”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim\”.

Qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyadakı Azərbaycan diasporunun vahid olmasının, eyni məqsədə xidmət etməsinin, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini qeyd edib.

Yeni seçilmiş prezident S.Sadıxov minval.az-a müsahibəsində deyib ki, Mehriban Sadıqova, Cəmil Sadıqbəyov, Vaqif Adıgözəlov, Tamilla Şıxməmmədova, Sərdar Abdullayev və Fayaz Paşayev birləşdirici qurultaya buraxdıqları səhvlərdən utanaraq gəlməyiblər: “Onlar Abbas Abbasovdan aldıqları pulu xalqın maraqlarından üstün tutdular. Amma biz qəddar adamlar deyilik və milli maraqlar naminə birləşmək üçün insanların səhvlərini bağışlamağı bacarırıq. Mən əminəm ki, birləşdirici qurultay ”AzerRos\” üçün yeni bir tarixi səhifə açacaq, Rusiya və Azərbaycan xalqlarının mənafeyinə xidmət edəcək\”.

S.Sadıxov A.Abbasovu kəskin ittiham edib. O deyib ki, A.Abbasov ya çox axmaq, ya da namərd adamdır: “Amma mən üçüncü varianta inanmağa meylliyəm. O, anti-Azərbaycan qüvvələrinə xidmət edir, bu hətta erməni lobbisi də ola bilər. Çünki ola bilməz ki, uzun müddət yüksək vəzifədə işləmiş bir şəxs bu cür səhvlər buraxaraq anti-Azərbaycan mövqe tutsun, Rusiyada yaşayan azərbaycanlıların əleyhinə getsin. Bunları gördükdən sonra mən anladım ki, Abbas Abbasov kimilərinin əsl sifətini açmayanadək yaranmış problemləri həll etmək mümkün deyil”.

S.Sadıxov deyib ki, onlarda olan məlumatlara əsasən deyə bilərlər ki, A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bir qayıqda yer alır. S.Sadıxovun sözlərinə görə, 17 fevralda qurultaya Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi birbaşa P.Bülbüloğlunun informasiyaları əsasında baş verib: “Axı necə ola bilər ki, diasporanın 350-400 nəfər üzvü Abbas Abbasova tabe olmadıqları üçün səfirin göstərişi ilə təzyiqə məruz qalsınlar? Biz bu informasiyaya əvvəl inanmadıq. Amma fevralın 20-də diasporanın 100 fəal üzvünün dağıstanlı qoluzorluların hücumuna məruz qalanda da səfir səsini çıxarmadı, hətta Dağıstan prezidentindən fəxri diplom da aldı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentinin təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?”

“AzerRos” prezidenti moderator.az-a deyib ki, artıq Abbas Abbasov onun üçün maraqlı deyil, amma o qurultayda üzləşdikləri problemlə bağlı Rusiya prezidenti Putinə müraciət etmək niyyətindədir: “Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin milli muxtariyyət və xarici agent haqqında qanunu pozması haqqında RF-nin prezidentinə müraciətimdə yazacağam. Ona görə ki, Ədliyyə Nazirliyi Prezident Administrasiyasının hansısa nümayəndəsinə və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına istinad edir. Mənə Abbas Abbasov maraqlı deyil artıq, çünki mən dedim ki, öz millətini satan birisidir və o, azərbaycanlıların toplantısına FTX və polis göndərməklə özünü ifşa etdi. Prezident Administrasiyasının və FTX-nin hərəkətləri azsaylı xalqların hüquqlarının pozulmasına gətirib çıxarır və bu da sonda Azərbaycan ictimaiyyəti tərəfindən Rusiyaya qarşı etimadsızlıq mühitinə gətirib çıxara bilər”. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button