Siyasət

Rusiya Baş Qərargah rəisindən Qarabağda savaş xəbərdarlığı

Rusiya Baş Qərargah rəisindən Qarabağda savaş xəbərdarlığı
Zahid Oruc: “Azərbaycanın ərazi bütövlüyünün təminatı Rusiyanın da təhlükəsizliyinin qarantıdır”; Üzeyir Cəfərov: “Azərbaycan çox rahat şəkildə öz sərhədləri daxilində antiterror əməliyyatlarına başlaya bilər”
Arzu Nağıyev: “Bu bəyanatlar regional və daha böyük miqyaslı münaqişələrin alovlanmasına gətirib çıxara biləcək məsələlərə bir eyhamdır”

Son günlər davamlı şəkildə Rusiyadan Qarabağda müharibənin alovlana biləcəyi barədə xəbərdarlıqlar yayılmaqdadır. Düzdür, ara-sıra Rusiya rəsmiləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti savaşın başlanmasını təsəvvürə belə gətirmədiklərini də açıqlayırlar. Lakin bu məsələ ilə bağlı bəyanatların ardıcıllığına diqqət yetirsək, savaş ehtimalını özündə ehtiva edənlərin sayı daha çoxdur.

“Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq” deyə, rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. “Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək” deyə, politoloq qeyd edib. Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib: “Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdur. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı”.

Postsovet məkanında mövcud olan “dondurulmuş” münaqişələr Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Moskvada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib. Onun dediyinə görə, bu münaqişələr Rusiyanın təhlükəsizliyini təhdid edir. Üstəlik, general münaqişələrin Qərb tərəfindən qızışdırıla biləcəyinə eyham vurub: “SSRİ-nin parçalanmasından sonra 20 ildən artıqdır ki, Moldovanın Dnestryanı bölgə ilə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə münaqişəsi, habelə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın statusuna görə münaqişə öz həllini tapmayıb. Rusiya Federasiyasının ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda bu münaqişələr sərhədlərimizin yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır”. General Gerasimov bildirib ki, hazırda Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiyanın güc yolu ilə respublikanın tərkibinə geri qaytarılması niyyətinin olmadığını bildirir. Ancaq Rusiyanın bu respublikaları tanıması və onlarla əlaqələr yaratması rəsmi Tiflis tərəfindən “ilhaq” kimi qəbul edilir. O qeyd edib ki, son vaxtlar Moldova Ukraynanın yeni hakimiyyətinin dəstəyi ilə Dnestryanı bölgədən rus sülhməramlılarının çıxarılmasında tez-tez israr edir, bu tanınmamış “respublikanı” iqtisadi blokadaya almaq səylərini dayandırmır.

Qeyd edək ki, Moskvada 16 apreldə işə başlayan beynəlxalq təhlükəsizlik konfransı sayca dördüncüdür. Orada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu da çıxış ediblər. 79 ölkənin müdafiə nazirləri və hərbi heyətlərinin dəvət olunduğu konfransda Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

Ermənistan müdafiə naziri Seyran Ohanyan da iştirakçılar arasındadır. Belə bir tədbirdə dondurulmuş münaqişələrlə bağlı səslənən fikirlər növbəti gərginlik ocağının anonsu sayıla bilərmi? Düzdür, Azərbaycan tərəfi torpaqlarını düşməndən azad etmək üçün bütün variantlara hazır olduğunu daim bəyan edir. Son vaxtlar ordu rəhbərliyinin silahlı qüvvələrin döyüş hazırlığını yoxlamaq üçün irimiqyaslı gecə və gündüz təlimlərini keçirməklə bağlı qərar verməsi, həmçinin cəbhədəki gərginlik, hər iki tərəfdən itkilərin olması da böyük müharibə ehtimalını hər zaman aktual edir. Lakin Ermənistanın buxovunu əlində saxlayan Rusiyadan bu kimi mesajların gəlməsi daha həssas yanaşma tələb edir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Zahid Oruc bu barədə “Yeni Müsavat”a bildirdi ki, “dondurulmuş münaqişələr”in Rusiyanın təhlükəsizliyinə zərbə vurduğunu şimal qonşumuzun hərbi rəhbərliyinin etiraf etməsi mühüm hadisədir: “Çünki ötən illər ərzində, əksinə, Qarabağ və digər ərazilərdə gedən silahlı toqquşmalardan müxtəlif dövlətlərin fayda götürdüyü barəsində gerçək təhlillər, faktlar ortaya qoyulurdu və belə ”idarə olunan\” hərbi toqquşmaların geosiyasətə, təhlükəsizlik planlarına, yaxud iqtisadi sərvətləri ələ keçirməyə görə törədildiyini hətta sadə insanlar belə bilirdilər. Nəhayət, Kremlin başında olanlar ötən ilin təcrübəsinə baxaraq, xüsusilə də Qərbin regiondakı istənilən münaqişəni ələ almağa çalışmaqla bölgəni siyasi-iqtisadi cəhətdən fəth etməyə çalışdığını gördükdən sonra etiraf etməli oldular ki, Qarabağ konflikti olmasaydı, Rusiya bundan daha çox faydalana bilərdi. Bir tərəfdən, ölkəmizlə daha geniş koperasiya baxımından, digər tərəfdən, istənilən anda növbəti hərbi eskalasiyanın başlayıb onu Rusiyanı bir neçə cəbhədə vuruşmağa vadar etməkdə, terrorizmi yaymaqda və qeyri-sabitlik dalğasını rus dünyasına keçirməkdədirlər. Ona görə Azərbaycanın ərazi bütövlüyünün təminatı Rusiyanın da təhlükəsizliyinin qarantıdır. Əgər regionda sülh bərqərar olsa, bu heç bir halda Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxmasına səbəb olmayacaq, əksinə, münaqişələr yeni müstəqil ölkələri Qərbdə özünə dayaq axtarmağa vadar edir\”.

Siyasi şərhçi Arzu Nağıyev hesab edir ki, Qarabağda böyük savaşın başlanacağı barədə bəyanatların səsləndirilməsi dünyada və regionda baş verən proseslərin davamıdır: “Məlumdur ki, yaz aylarında Rusiyanın Şimali Qafqaz regionunda münaqişələrin yenidən qızışması ehtimalı böyük olur. Bundan başqa, Rusiya və Ukrayna arasında gedən Donbasla bağlı münaqişə öz həllini tapmayıb və yəqin ki, yaxın zamanda tapmayacaq. Eyni zamanda Orta Asiyada yarana biləcək münaqişələr Rusiyanın xeyrinə deyil. NATO Ukrayna hadisələri ilə bağlı müxtəlif silah növlərini Rusiyanın sərhədlərinə yaxınlaşdırır. Demək olar ki, bu münaqişələrin yaranmasında, konkretləşdirsək, Gürcüstanla Cənubi Osetiya və Abxaziya, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ, Moldovanın Dnestryanı bölgəsində olan problemlərin həll edilməməsində Rusiya birbaşa məsuliyyət daşıdığını dərk edir”.

A.Nağıyevin fikrincə, bu gün regionda hər hansı bir münaqişə başlayarsa, bu, domino effekti verə bilər: “Məlumdur ki, bu gün Rusiya hərbi xərclərini artırıb və sanki dünya müharibəsinə hazırlaşır. Hərbi ekspertlərin rəyinə görə, Rusiya 5-6 ildən sonra NATO ilə böyük regional savaşa başlamağa hazırlıq görür. Moskva belə başa düşür ki, bir neçə ildən sonra dünya krizisi başlaya bilər və əsas resurs mənbəyi kimi Rusiya seçilər. Bunun qarşısını almaq üçün isə indidən hazırlıq görmək lazımdır. Daha doğrusu, münaqişə ocaqlarını öz sərhədlərindən uzaqlaşdırıb bufer zonası yaratmaq vacibdir. Əsas rəqib ABŞ olsa da, Moskvanın fikrincə, Ukrayna da daxil olmaqla, perimetr üzrə müdafiə sistemi yaradılmalıdır. Məhz buna görə də nəyin bahasına olursa-olsun cənubdan Ermənistan, Qərbdən Ukrayna, təbii ki, Orta Asiyada da bu proseslər davam edəcək. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsi bu planın tərkib hissəsi ola bilər. Eyni zamanda NATO da Avropa korpusu yaratmaqla istər Pribaltika, istərsə də digər ölkələrdə, mərkəzi qərargah Polşada olmaqla, hazırlıq işləri görür. İnkar etmək olmaz ki, NATO bu proseslərə məhz İŞİD və digər qruplaşmaları da istər Orta Asiyadan, istərsə də digər ölkədən cəlb etməyəcək. Yəni bu bəyanatlar tək Dağlıq Qarabağ münaqişəsinin deyil, regional və daha böyük miqyaslı münaqişələrin alovlanmasına gətirib çıxara biləcək məsələlərə bir eyhamdır”.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, müharibə ilə bağlı mesajlar hər zaman ciddi qəbul olunmalıdır: “Nə qədər ki, münaqişə öz həllini tapmayıb, müharibə riski hər an var. Düzdür, Rusiyanın müdafiə naziri Lavrov Ermənistan XİN başçısı Nalbəndyanla görüşündə demişdi ki, biz Dağlıq Qarabağda müharibəni təsəvvürümüzə belə gətirmirik. Amma müharibəyə başlayıb-başlamamaq barədə qərar Moskvada yox, Bakıda qəbul olunur. Əgər ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər işğalçıya təsirli təzyiq göstərərək torpaqların azadlığı istiqamətində addımlar atmasa, Azərbaycan bütün digər vasitələrlə yanaşı, güc amilindən istifadə edəcək”.

Hərbi ekspert Rusiyanın savaşa qoşulması ehtimalına da münasibət bildirdi: “İstər Gerasimov, istər Bordyuja olsun, onlar gözəl bilirlər ki, Azərbaycanın heç vaxt ermənilərə qarşı torpaq iddiası olmayıb. Azərbaycan işğal altındakı ərazilərini azad etmək niyyətindədir. Azərbaycan çox rahat şəkildə öz sərhədləri daxilində antiterror əməliyyatlarına başlaya bilər. Necə ki, Ukraynanın antiterror əməliyyatları dünyada dəstəklənir, o cümlədən də heç kim Azərbaycanın bu addımına qarşı çıxa bilməz. Bizim digər bir üstünlüyümüz də var. Belə ki, ərazilərimizin işğaldan azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu addımımıza hüquqi əsas verir”. Ü.Cəfərov güman edir ki, Gerasimov erməni tərəfdarlarını sakitləşdirmək üçün belə bir mövqedən çıxış edib: “Amma o bilməlidir ki, belə bir vəziyyət sona qədər davam edə bilməz. Yaxşı olardı ki, Gerasimov erməni həmkarları Xaçaturova, Ohanyana başa salsın ki, başqa ölkənin ərazilərini zəbt etmək olmaz, gec-tez bunun ağır cavabı olacaq”.
(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button