Siyasət

Türkiyəyə qarşı “erməni kartı”

Türkiyəyə qarşı “erməni kartı”
ABŞ Konqresinə təqdim olunan sənəd qəbul olunarsa, Türkiyəyə qarşı təzminat iddiaları gündəmə gələ bilər…
Roma papasının ardınca Avropa Parlamenti də saxta soyqırım məsələsində analoji mövqe sərgilədi. Təbii ki, dərhal da Türkiyə hakimiyyətindən sərt reaksiyalar gəldi. Azərbaycan da öz cavabını verdi. Xarici işlər naziri qərarı pisləyən bəyanat yaydı. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin qərarını antimüsəlman və antitürk ovqatından qaynaqlandığını bildirdi.

Bu qərara reaksiyanın necə olmasından asılı olmayaraq bu qətnamələrin Türkiyə üçün fəsadları olacağı gözlənilir. Məsələ burasındadır ki, ermənilər illərdir bu yöndə kampaniya başladıblar və uzun müddət məqsədli şəkildə öz hədəflərinə doğru irəliləyiblər. İndi isə uzun illər ört-basdır edilən “erməni minaları” partlamağa başlayıb.

O da məlum olub ki, “erməni soyqırımı” məsələsi ABŞ Konqresində müzakirələrə çıxarıla bilər. Konqresin Nümayəndələr Palatasının üzvü Adam Schiff Ermənistanın nyus.am saytına açıqlamasında bir neçə konqresmenlə birlikdə “Erməni soyqırımı ədalət və həqiqət layihəsi” adlı sənəd hazırlayaraq Konqresə təqdim edib. Konqresmen bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il layihənin qəbul olunmasına ümid çoxdur.

Gələn bilgilərə görə, Konqresin “erməni məsələsi”ni müzakirəyə çıxarmağa hazırlaşması Türkiyə hökumətini hərəkətə keçirib. Aprelin 16-da ABŞ-a səfər edən baş nazirin müavini Əli Babacanın Amerikada “soyqırım” məsələsi ilə bağlı lobbi işi aparacağı və ABŞ rəsmiləri ilə danışıqlar aparıb Konqresin erməni iddialarını qəbul etməməsinə çalışacağı bildirilir.
Lakin hazırda Türkiyə hökuməti ilə Vaşinqton arasında münasibətlər soyuqdur və əvvəlki illərdə olduğu kimi, Ankaranın Vaşinqtona təsir imkanları qalmayıb.

Çünki ilk növbədə hökumətlər arasında münasibətlər soyuyub, ikincisi isə AKP hökumətinin uzun illər Türkiyənin müttəfiqi olan yəhudi lobbisi ilə münasibətləri pis olduğu üçün indi Vaşinqtonda dəstəyi xeyli dərəcədə azdır. Üstəlik, Türkiyənin yürütdüyü siyasət Vaşinqtonda bəyənilmir və ABŞ hakimiyyətinin bu vasitə ilə Türkiyəyə zərbə vurmaq istəməsi də gözardı edilmir.

Bu baxımdan bir müddət xarici işlər naziri işləmiş, “erməni məsələsi” ilə bağlı, Sürix protokolları prosesini aparmış Əli Babacanın Beynəlxalq Valyuta Fondunun toplantısında iştirak etmək üçün getdiyi Vaşinqtonda ciddi nəticəyə nail olması real görünmür.
Məsələ burasındadır ki, “erməni soyqırımı” qanun şəklində qəbul olunarsa, o zaman ermənilərin ABŞ məhkəmələrində Türkiyəyə qarşı təzminat iddiaları qaldırmaq üçün hüquqi əsasları yarana bilər. Çünki ABŞ qanunları yerli məhkəmələrdə başqa ölkəyə qarşı iddia qaldırmaq hüququ verir. Ekspertlərə görə, ermənilər Türkiyəyə qarşı təzminat iddiası da qaldıra bilərlər.

Ötən əsrin əvvəllərində Osmanlı dövlətində “The New York Life Insurance”, “Equitable Life of New York”, “AXA”, “Munich Re”, “La Compagnie L’union”, “La Federale Insurance Company” adlı sığorta şirkətləri fəaliyyət göstərib. Osmanlının erməni sakinlərinin məhz bu şirkətlərdə sığorta olunduğu bildirilir. Əgər ermənilər bu şirkətlərə qarşı təzminat iddiaları qaldırsa, o zaman bu şirkətlər də qarşılıqlı olaraq Türkiyə dövlətinə qarşı, daha doğrusu, həmin vaxt köçürülən və ya iddia edildiyi kimi, öldürülən ailələrə məxsus əmlakı tələb edəcəklər. Bu isə illərlə vaxt tələb edən, qalmaqallı və yorucu məhkəmə prosesləri deməkdir. Aydın məsələdir ki, bu məhkəmə iddiaları və “erməni soyqırımı” qanunları ilk növbədə Türkiyə dövlətinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunacaq.

Hələlik Türkiyə dövlətinin bu iddialara və ehtimal olunan təhlükəyə qarşı hansı planlarının olması ilə bağlı məlumat verilmir. Ankaranın Qərbin “erməni kartı” üzərindən oyununa qarşı Türkiyənin hansı cavabı verəcəyini isə yaxın günlərə qədər gözləmək lazım olacaq.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button