Siyasət

Qarabağ danışıqları – 24 apreldən sonrakı gözləntilər…

Qarabağ danışıqları - 24 apreldən sonrakı gözləntilər...
Erməni tərəfinin “soyqırım” iddiaları və bu iddialara Qərbin bəzi dairələrinin dəstəyi problemin həllini daha da qəlizə salacaq; Türkiyədən işğalçıya və havadarlarına sərt mesaj: “Ermənistana qapılarımız həmişə açıqdır, ancaq öncə Qarabağ məsələsi həll olunmalıdır…”
Gözlənildiyi kimi, uydurma erməni “soyqırımı”nın 100 illiyi onsuz da dalana dirənmiş Qarabağ danışıqlarına öz neqativ təsirini göstərdi. Və çətin ki, Fransa prezidenti Fnansua Ollandın aprelin 24-dən sonra başlayacağı yeni təşəbbüskarlığı nəyisə dəyişə bilsin. Ona görə ki, sülh danışıqlarında əsas olan qarşılıqlı etimadın yaradılmasıdır ki, bu yöndə də ən kövrək ümidlər Ermənistanın məqsədli şəkildə ortaya atdığı “yubiley” mərasimləri və təbliğatı ilə basdırılmış oldu.

Ermənistan-Türkiyə münasibətlərinin bir qədər də gərginləşməsi, heç şübhəsiz, Qarabağ nizamlanmasına mənfi təsirlərini göstərəcək. Əfsus ki, bəzi ölkələrin və beynəlxalq qurumların (Roma Papası, Avropa Parlamenti), ermənilərin digər havadarlarının “oda yağ tökməsi” nəticəsində Qarabağ məsələsində İrəvan bir az da destruktiv mövqeyə köklənəcək. Zatən, erməni tərəfinin əsas məqsədlərindən biri də elə uydurma məsələdə beynəlxalq dəstəyi Qarabağ məsələsinə yönəltmək, işğala haqq və bəraət qazandırmaqdır.

Erməni rəsmiləri və ekspertləri bunu artıq gizlətmirlər də. Onlar “genosid” mövzusunun beynəlxalq gündəlikdə qalmasını “iki erməni respublikasının – ”DQR\” və Ermənistanın mövcudluq qarantlarından biri\” sayırlar. Çünki onların nəzərinə görə, bununla “bir yandan, Türkiyə Ermənistana, digər yandan isə Azərbaycan beynəlxalq qınaqlardan ehtiyat edərək Dağlıq Qarabağa mümkün hücumlardan çəkinmiş olur”.

Qısası, özünə havadarları hesabına “genosid” ideologiyası seçmiş belə bir marionet ölkədən öz əsas qonşuları olan Türkiyəyə və Azərbaycana qarşı tezliklə xoş məram, praqmatik münasibət gözləmək sadəlövhlük olardı. Hərgah, konkret olaraq rəsmi Ankara heç vaxt qapıları bağlı saxlamayıb.

***
“Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporudur, Ermənistan dövlətidir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan saxta genosidlə bağlı Avropada yaşanan isteriyaya, müəyyən dairələrin ermənilərə verdiyi təbliğati dəstəyə və Türkiyəyə ünvanlı əsassız çağırışlara münasibət bildirərkən söyləyib.

Türkiyə lideri bir daha xoş məramdan çıxış edərək bəyan edib ki, Türkiyə dövləti olaraq dəfələrlə Ermənistana əl uzadılıb, yaxşı niyyətlər ortaya qoyulub, ancaq Ermənistan erməni diasporunun və digər ölkələrin maraqlarına xidmət etdiyi üçün heç bir nəticə əldə olunmayıb.

O, əlaqələrin normallaşmasının əsas şərtini bir daha diqqətə çatdırıb: “Ermənistana qapılarımız hələ də açıqdır. Qondarma soyqırım iddiaları və Qarabağ münaqişəsində doğru addımlar atsalar, onlarla birgə işləməyə hazırıq. Bu cəsarəti nümayiş etdirəcək erməni siyasətçiləri ilə, Ermənistanı idarə edənlərlə görüşməyə, danışmağa daima hazırıq. Amma əvvəlcə Qarabağ münaqişəsi həll olunmalıdır”.

Türkiyə prezidenti haqlı olaraq Minsk Qrupunun həmsədr ölkələrini də qınayıb: “Qarabağ məsələsində ABŞ da üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Rusiya da vəzifəsini yerinə yetirmir, Fransa da elə. Minsk Qrupu, beynəlxalq qurumlar Azərbaycanı haqlı göstərdiyi halda, Azərbaycanın hüququnu qorumadılar. Soyqırım məsələsini siyasətçilərin deyil, tarixçilərin üzərinə buraxsalar, məsələ həllini tapar. Bu həmçinin azərbaycanlı qardaşlarımızın qanayan yarası Qarabağ məsələsinin də həllinə şərait yaradacaq. Bizim mövqeyimiz bu qədər konkretdir, açıqdır”.

***
İqtisadi-sosial problemlər içində boğulan Ermənistan rəhbərliyinə isə hələ ki, belə çağırışlar təzir eləmir. Rəsmi İrəvan hələ də Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmalı olduğunu deyir. Bu isə qeyri-mümkündür, çünki əvvəla, indiyədək Türkiyənin sərhəd siyasətinin yanlış olduğunun Ankara tərəfindən etirafı olardı, ikincisi isə Azərbaycan torpaqlarının bir qarışını belə azad eləmək fikrində olmayan təcavüzkarı daha da şirnikləndirərdi.

Üçüncü yandan, təcavüzkarla sərhədləri bağlı saxlamağı ən əvvəl işğalçı ölkələrə müasir dünyanın, beynəlxalq birliyin, beynəlxalq hüququn, Qərbin özünün yanaşması diktə edir. İndi necə olur, Krımı ilhaq elədiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq edilir və bu sanksiyaların götürülməsinin əsas şərti kimi Kremlin işğalçı siyasətə son qoyması tələb edilir, ancaq Ermənistana gələndə val dəyişir?

Türkiyə nədən erməni qəsbkarlarına bu lütfkarlığı göstərməlidir – Qərb Ermənistana qarşı Rusiya kimi sanksiyalar tətbiq eləməli olduğu halda? Ən önəmlisi, Krıma görə Rusiyaya soyuq müharibə açan Qərb dövlətləri nə üçün işğalçı və xristian Ermənistana qarşı bunca loyaldır? Türkiyə və Azərbaycanı daim təzyiq altında saxlamaq üçünmü? Nəhayət, Ərdoğanın da vurğuladığı kimi, niyə məsələdə ABŞ üzərinə düşən vəzifəni yerinə yetirə bilmir, Rusiya öz vəzifəsini yerinə yetirmir, Fransa da elə?

***
Sözsüz ki, ədalətli nizamlamanı əngəlləyən əsas dövlət Rusiyadır. Kremlin Qarabağ məsələsində maraq və hədəfləri isə çoxdan bəllidir. Moskva separatçı hərəkatlar və rejimlər vasitəsilə postsovet məkanının “sözəbaxmayan” ölkələrini öz təsir dairəsinə qaytarmağa çalışır. Prezident Vladimir Putinin Ukraynadakı iki separatçı qurumu – qondarma Donetsk və Luqansk Xalq respublikalarını tanıya biləcəklərini istisna eləməməsi buna bir daha bariz sübutdur.

Bu barədə o, Rusiya telekanallarının birinə müsahibəsində bildirib. Sitat: “Moskva ortaya çıxacaq reallıqlara baxacaq və ona uyğun da hərəkət edəcək. İndi mən bu haqda danışmaq istəməzdim. Çünki nə desəm, hamısı kontur-produktiv ola bilər. Biz yaranacaq reallıqları əsas götürəcəyik”.

Demək, Rusiyanın fors-major vəziyyətdə Dağlıq Qarabağdakı separatçı rejimə yanaşmasında da bənzər planın olması istisna deyil. Bu yerdə bəlli bir faktı bir daha yada salaq ki, Ukraynanın Avropa Birliyinə qoşulacağı təqdirdə Krımın Rusiyaya birləşdirilməsi variantı hələ xeyli öncədən Putinin masası üstündə olub. Şübhəsiz, onun Dağlıq Qarabağa münasibətdə də A, B və hətta C planı var.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button