Siyasət

Putinin İrəvan müəmması

Putinin İrəvan müəmması
Qabil Hüseynli: “Rusiya prezidenti İrəvana getməsi müqabilində Türkiyənin könlünü ala biləcək nələrisə etməlidir”
Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvanda keçiriləcək qondarma “erməni soyqırımının” 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edib-etməyəcəyi məlum deyil. Doğrudur, ötən müddətdə Putinin İrəvana gedəcəyi və keçirəcəyi görüşlərlə bağlı bir sıra mənbələrdən məlumat verilib, lakin Rusiya Prezident Administrasiyasından səfər proqramı ilə bağlı rəsmi açıqlama hələlik yoxdur.

Son olaraq iki gün əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin aprelin 24-də keçiriləcək tədbirdə Fransa prezidenti Fransua Ollandla birlikdə iştirak edəcək və bu zaman iki liderin görüşü baş tuta bilər. Bundan başqa bir qədər əvvəl Putin və Sərkisyan arasında telefon danışığı olub və “ikitərəfli əlaqələrlə bağlı planlar, həmçinin ”soyqırımın\” 100 və Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərdə birgə iştirak məsələləri müzakirə olunub\”.

Qeyd edək ki, aprelin 24-də Türkiyə dövləti də beynəlxalq tədbir keçirəcək. Çanaqqala qələbəsinin 100 illiyi münasibətilə Türkiyədə təşkil olunacaq bayram tədbirlərinə 100-dən artıq dövlətin rəhbərliyi, o cümlədən Putin də dəvət olunub. İndiki vaxtda Türkiyə-Rusiya əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyi bir zamanda Putinin Türkiyə prezidentinin, yoxsa ənənəvi müttəfiqi Ermənistanın yanında olacağı maraqla qarşılanır.

Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli Türkiyənin son illərdə dünyada baş verən proseslərin fonunda Rusiya ilə xeyli dərəcədə yaxınlaşmasına diqqət çəkir. Onun fikrincə, indi Türkiyə ilə Rusiya arasında xeyli dərəcədə yaxın münasibətlər var və bu səbəbdən də indi Putin İrəvana getmək məsələsində ciddi tərəddüd keçirir: “Putin Avropanı parçalamaq xətti tutub və buna qismən də olsa nail ola bilib. NATO-nun içərisində də bu sindromları yarada bilib. Məsələn, Yunanıstan, Sloveniya, Macarıstan, Çexiya, hətta Polşanın özü Rusiyaya qarşı sanksiyalar məsələsində xeyli tərəddüdlərə qapılıblar. Yunanıstan isə hətta Avropa zonasından ayrılmaq haqqında anonslar verir. Türkiyə NATO üzvü olsa da, tamamilə sərbəst siyasət yürüdür. Məsələn, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Üstəlik, Rusiya ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Bu gün Rusiya sanksiyaları yarmaq və özünün qaz vasitəsilə siyasət yeritmək imkanlarını Türkiyə vasitəsilə həyata keçirməyə çalışır. Hətta Ukraynadan yan keçməklə Türkiyə ərazisindən Avropa sərhədlərinə çıxarılacaq yeni qaz kəməri layihəsini ”türk axını\” adı ilə tarixə salıblar. Üstəlik, Türkiyə Rusiyanın köməyi ilə nüvə dövlətinə çevrilməyə çalışır. Hətta bir ara Türkiyə Avrasiya Birliyinə daxil olmaqla bağlı niyyətini ortaya qoydu. İndi isə Çin, Rusiya və digər dövlətlərin iştirakı ilə Asiya İnfrastruktur və Əməkdaşlıq Bankının təsisçiləri sırasına daxil olub. Bu isə o deməkdir ki, Türkiyə tamamilə üzünü Avrasiyaya doğru çevirib. Rusiya yaxşı başa düşür ki, Türkiyənin xətrinə dəysə, onun Qərbə qarşı qurduğu siyasət iflasa uğraya bilər. Bu səbəbdən də İrəvana getmək məsələsində Putin ciddi tərəddüdlər keçirir\”.

Lakin bütün bunlarla yanaşı, Q.Hüseynli Putinin İrəvana gedəcəyini proqnozlaşdırır. Onun fikrincə, Putin bunun əvəzində Türkiyənin könlünü almaq üçün hansısa addımlara gedə bilər: “Zənnimcə, Putin İrəvana gedəcək. Və orada həm Qarabağ məsələsi ilə bağlı, həm də Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair müəyyən bir sazişə ya nail olacaq, ya da nail olmağa çalışacaq. Çünki o, İrəvana getməsi müqabilində Türkiyənin könlünü ala biləcək nələrisə etməlidir. Əks təqdirdə, yüksələn xətlə inkişaf edən Türkiyə-Rusiya münasibətləri maneələrə rast gələ bilər. Ona görə də Putin İrəvanda ehtiyatlı davranmaqla yanaşı, bölgədəki problemlərin həll çözülməsinə də müəyyən töhfə verməyə də səy göstərəcək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button