Siyasət

Məmmədyarovun böyük sülh sazişi anonsu: reallıq nə deyir?

Məmmədyarovun böyük sülh sazişi anonsu: reallıq nə deyir?
Elxan Şahinoğlu: “Bunun yolu Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafındakı hərbi təşəbbüsü öz əlinə almasından keçir”; Arzu Nağıyev: “Müharibənin öz qanunları var, düşməni sülh masasına əyləşdirmək üçün ondan qat-qat güclü olmaq lazımdır”
Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.

Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur. Nazir “Şərq Tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə bu barədə danışıb. E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirdiyini bildirib: “Bununla əlaqədar olaraq, mən AQS-nin nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim.

Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir. Bu, Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır.

Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərmişdir ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq “bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır\”.

Elmar Məmmədyarov ölkənin Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayıb.

XİN başçısının böyük sülh sazişi ilə bağlı rəsmi Bakının mövqeyini bir daha, özü də həssas bir məqamda ifadə etməsi fərqli yozumlara meydan yaradır. Qarşıdan 24 aprel tədbirləri – Türkiyədə Çanaqqala zəfərinin 100 illik törənlərinin, Ermənistanda isə “soyqırım”a həsr olunan şouların ildönümü gəlir. Dünya ölkələrinin bu iki paytaxtdan hansını seçəcəyi də həssaslıqla izlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni iddialarının cavabında, həmçinin sərhədlərin açılması tələblərinin qarşılığında dünyaya “öncə Qarabağ azad olunsun” mesajını verdi. Üstəlik, ATƏT-in Minsk Qrupunun iki həmsədr dövlətinin başçısı Əhməd Davudoğlu İrəvandakı şoularda iştirak edəcəyini bəyan edib. Fransa və Rusiyanın prezidentlərinin Cənubi Qafqaza səfərini şərh edən bəzi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa tərpənişlərin olacağı barədə də yozumlarla çıxış edir. Xatırladaq ki, 2014-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirib.

Bundan sonra eyni təşəbbüsü ikinci həmsədr ölkə – ABŞ təkrarladı və Nyuportdakı NATO sammiti çərçivəsində tərəfləri ABŞ dövlət katibi Con Kerri bir araya gətirdi. Ötən ilin oktyabrında isə Yelisey sarayında Fransua Ollandın təşəbbüsü ilə daha bir görüş keçirildi. Lakin Serj Sərkisyan görüşdən sonra növbəti bu tipli görüşün 2015-ci ilin sentyabrında keçiriləcəyinin anonsunu verdi. Müşahidəçilər bunu Sərkisyanın “soyqırım” şouları üzərində qurduğu siyasətlə əlaqələndirərək onun Azərbaycan prezidenti ilə yaxın aylarda üz-üzə oturmağa cəsarət etməyəcəyini proqnozlaşdırırdı. Elə təxminlər özünü doğrultdu, hətta cəbhədə gərginlik pik həddə çatdı. Elə isə E.Məmmədyarov hansı amillərə əsaslanaraq böyük sülh sazişi barədə anons edib? Axı situasiya sülh sazişini diktə etmir. Fakt budur ki, ermənilər bir addım geri çəkilmək istəmir, hətta Ermənistan böyük sülh sazişi ilə bağlı işçi qrupun yaradılması ideyasından müxtəlif bəhanələrlə imtina edib. Üstəlik, “soyqırım” şoularının ardınca may ayında qondarma “DQR”-də “seçki”lərin keçirilməsi də nəzərdə tutulub. Düzdür, yayılan məlumatlara görə, Putin və Olland Qarabağ separatçılarının başçısı Bako Saakyanın 24 apreldə İrəvana səfər etməsinin qarşısını alıblar. Belə ki, Qarabağ separatçısı qondarma “soyqırım” tədbirləri üçün İrəvana getmək istəsə də, buna izn verilməyib. Məlumatlara görə, Fransa və Rusiya dövlət başçıları separatçının İrəvana səfərinin Azərbaycanla əlaqələrə mənfi təsir edə biləcəyini nəzərə alaraq Saakyanın gəlişinə icazə verməyiblər. Lakin bu, sadəcə, Bakını sakitləşdirmək üçün düşünülə bilər. Lap deyək ki, qarşı tərəf də sülhə hazır olduğunu bildirdi, böyük saziş imzalanacaqmı, bunun üçün şərait varmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bu barədə maraqlı fikirlər söylədi: “Elmar Məmmədyarovun daima böyük sülh sazişindən danışmasının mənası odur ki, tərəflər sənəd üzərində işə başlasınlar. Bu, doğru yanaşmadır. Bununla Azərbaycan davamlı danışıqlara hazır olduğunu, ikincisi isə böyük sülh sazişi əsnasında Dağlıq Qarabağ probleminin həllinə çalışdığını ortaya qoyur. Dünyada mövcud olan münaqişələri də bu yolla həll etməyə çalışırlar. Yəni böyük sülh sazişi ideyası yeni bir şey deyil. Böyük sülh sazişi ”təmas qrupunun\” yaradılmasını diktə edir. Həmin təmas qrupuna qarşıduran tərəflərin nümayəndələri və həmsədrlər daxil edilirlər. Və bu əsasda bütün tərəflər yekun sənəd üzərində çalışmalara başlayırlar\”.

E.Şahinoğlu bu barədə danışarkən son nümunələrə diqqət yetirməyi zəruri sayır: “Ukrayna münaqişəsinin həlli üzrə ”Normand dördlüyü\” (Ukrayna, Rusiya, Almaniya və Fransa-red.) mövcuddur. Məhz bu formatın qısa müddətdə təmasları nəticəsində “Minsk sazişi” ərsəyə gəldi. Doğrudur, bu sazişin atəşkəsdən başqa digər bəndləri hələ ki işlək vəziyyətə salınmayıb. Ancaq saziş var və sənəddəki bəndlərin yerinə yetirilməsi mexanizmi daima müzakirə olunur, gələcəkdə həmin bəndlər yerinə yetirilməlidir. Bu sazişə görə separatçılar Ukraynanın ərazi bütövlüyünü tanıyır, Ukrayna hakimiyyəti isə Donbasa xüsusi status verir. Biz də Dağlıq Qarabağ üçün bunu istəyirik. Yaxud İran ətrafındakı nüvə problemini götürək. Bu problemin həlli ilə bağlı 5+1 formatı yaradıldı və uzun müddət bu format çərçivəsində danışıqlar aparıldı. Nəticə göz qabağındadır. Böyük ehtimalla iyunun 30-da İranın nüvə məsələsi ilə bağlı yekun sənəd imzalanacaq. Buna görə də daimi təmaslar, danışıqlar vacibdir. Çünki bu cür danışıqlarda məntiq əsas götürülür\”.

Ekspertin sözlərinə görə, bizim məsələmizdəki əsas məntiq isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır: “Bunu heç kim inkar edə bilməz. Məhz buna görə Ermənistan böyük sülh sazişi ilə bağlı işçi qrupun yaradılması ideyasından müxtəlif bəhanələrlə imtina edir. Çünki bu saziş münaqişənin mərhələli həllini diktə edir. Yəni sadədən mürəkkəbə doğru hərəkət edilməlidir. Bu isə işğalçı dövlətin maraqlarına cavab vermir. Onlar bölgənin status məsələsini bəri başdan müəyyənləşdirmək istəyirlər ki, bu da mümkün deyil. Ancaq böyük sülh sazişi ideyasına yalnız İrəvan müqavimət göstərmir. Təəssüf ki, Minsk Qrupu həmsədrləri böyük sülh sazişi ideyasına münasibət bildirmirlər. Onların bu mövzuda açıqlamasını görməmişəm. Halbuki daimi işçi qrupun formalaşmasında birinci növbədə məhz həmsədrlər maraqlı olmalıdırlar. Bu dövlətlər Normand dördlüyü yaradırlar, 5+1 formatı təsis edirlər, Dağlıq Qarabağa gəldikdə isə ”tərəflər öz aralarında razılığa gəlməlidirlər\” deyirlər. Demək, Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük dövlətlərin həvəsi yoxdur. Odur ki, biz onları bu həllə həvəsləndirməliyik. Bunun yolu isə Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafındakı hərbi təşəbbüsü öz əlinə almasından keçir\”.

Politoloq Arzu Nağıyev isə situasiyanı şərh edərkən öncə xatırlatdı ki, “Şərq Tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan da iştirak edib: “Belə bəyanatla Azərbaycan tərəfi dəfələrlə çıxış edib. Lakin erməni tərəfi heç vaxt bu sazişin müddəaları ilə razı olmayıb. Hətta yaxınlaşma olduğu məqamlarda Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar daha da güclənib və yadda qalan məsələlərdən biri də keçən il olan helikopter hadisəsidir. Bununla ermənilər sülhün mümkün olmadığını bəyan etmək məqsədi güdüblər. Məlumdur ki, böyük sülh sazişinin əsas müddəası ərazi bütövlüyüdür. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri son vaxtlar böyük sülh sazişinin layihəsi üzərində yenidən işə başlamaqla bağlı təkliflərlə çıxış etmələrinə baxmayaraq, Ermənistan tərəfi bu təklifləri daima rədd edib”.

Ona görə də A.Nağıyevin fikrincə, nə vaxta qədər ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayacaqlar, atəşkəsə əməl edilməyəcək və dünya ictimaiyyəti öz biganəliyini nümayiş etdirmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə biganə qalacaq, sülhdən söhbət belə gedə bilməz: “Məhz ATƏT-in Minsk Qrupunun həmsədrləri də boş bəyanatlardan əl çəkməli və Ermənistandan beynəlxalq öhdəlikləri yerinə yetirməyi tələb etməlidirlər. Bir sözlə, sülh sazişini Azərbaycan tərəfi təklif edir, lakin bu qəbul edilmirsə, deməli, güc nümayişi də lazımdır. Müharibənin öz qanunları var, düşməni sülh masasına əyləşdirmək üçün ondan qat-qat güclü olmaq lazımdır, istər hərbi sahədə, istərsə digər sahələrdə”. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button