Siyasət

Prezidentlərin İrəvan səfəri ərəfəsində politoloqdan ciddi xəbərdarlıq

Vəfa Quluzadə: “Müharibə başlayan kimi tək Gümrüdəki rus hərbi bazası yox, şimal sərhədimizdən qoşun gələ, yaxud Xəzərdə olan Rusiya Hərbi Donanması hərəkətə keçə bilər”

24 apreldə Ermənistanda keçiriləcək saxta “soyqırım” törəninə ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsinin lideri də qatılacaq. Rusiya lideri Vladimir Putin və Fransa prezidenti Fransua Ollandın işğalçı Ermənistanda qurulacaq ağlaşma şousunda iştirakı ətrafında ən müxtəlif şərhlər verilir. Lakin hesab olunur ki, bu iki lider Türkiyəni və Azərbaycanı sakitləşdirmək, həmçinin Qarabağ məsələsinin həllində maraqlı olduqlarını nümayiş etdirmək üçün bəzi addımlar ata bilərlər. Ollandın Bakıya səfəri də gözlənilir.

Eyni zamanda bu arada Rusiya XİN başçısı S. Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Moskvaya səfər edəcəyini də bildirib. “Fikrimcə, artıq problemin həllinin vaxtı çoxdan yetişib” – Lavrov deyib. Fransa prezidenti isə aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş mərasimlərdə iştirak etmək üçün İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etməyə hazırlaşır. Virtualaz.org da Fransa diplomatik qaynaqlarına istinadən xəbər verir ki, Ollandın səfər proqramına Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşlər keçirərək münaqişənin nizamlanmasını müzakirə edəcək. Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ötən ilin noyabrında Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi. O görüşdən sonra Sərkisyan növbəti görüş vaxtının 2015-in sentyabrı olacağını anons etmişdi. Lakin hər an müharibənin alovlanması ehtimalı beynəlxalq gücləri alternativ axtarışı ilə üz-üzə qoyub.

Politoloq Vəfa Quluzadə ABŞ və Türkiyə prezidentlərinin bölgəyə səfərlərinin irəliləyişlərə gətirib çıxaracağına, yaxud Ollandla Putinin Qarabağ məsələsini ciddi müzakirə edəcəyinə inanmır. Eyni zamanda Fransa prezidentinin Bakı səfərinin də mühüm irəliləyişlərə səbəb olacağını güman etmir: “Mən hesab edirəm ki, Ollandın Azərbaycana səfəri yalnız diplomatik baxımdan Qərbin Cənubi Qafqaza marağını nümayiş etdirməsidir. Qarabağ məsələsinin həlli isə Rusiyanın siyasətində hansısa bir dəyişiklik olacağı təqdirdə mümkündür. Əgər belə bir dəyişiklik görünsəydi, biz onu bilərdik. Gərginlik hər gün var, cəbhə xəttində mütəmadi şəkildə atəşkəs pozulur. Ona görə də inanmıram ki, Olland Qarabağ məsələsində Putinlə hansısa bir razılığa gələ bilər. Üstəlik də səfərin gündəliyi artıq məlumdur. Ollandla Putin gəmilərin taleyini müzakirə edəcəklər. Əvvəldən bəyan edilib ki, bu şəraitdə gəmilər Rusiyaya verilə bilməz. Həmin gəmilərin ödəmə pulu, cəzalar məsələsi və digər məsələlər müzakirə mövzusu olacaq. Mən inanmıram ki, prezidentlə Qarabağ məsələsini ”soyqırım\”ın 100 illiyi vaxtında müzakirə etsinlər. Eyni zamanda “soyqırım” iddialarının artması ilə əlaqədar Türkiyə-Ermənistanla münasibətləri daha da gərginləşib. Odur ki, perspektivdə işıq yolu görünmür\”.

“Ona görə də inanmıram ki, Olland Qarabağ məsələsində Putinlə hansısa bir razılığa gələ bilər”

V.Quluzadə Putin və Ollandın Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirəcəyini də güman etmir: “Hansısa təmaslar olsa belə, yenə də böyüklərin siyasətində dəyişiklik olmasa, ciddi irəliləyişlər olmayacaq. Qərbin postsovet ölkələrinə gəlib bizdən neft-qaz almaqdan, tranzit kəmərləri çəkməkdən və öz yüksək standartlarını tələb etməkdən başqa biz onların ayrı bir işini görmürük. Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə xeyli inkişaf edib, amma Qərbin mövcudluğu hiss olunmur”. Son günlər düşmən ordusunun özü də Qarabağ cəbhəsindən deyil, Ermənistan ərazisindən, özü də həmsədr ölkələrin İrəvana səfəri ərəfəsində davamlı şəkildə mövqelərimizə həmlələr etməsini şərh edən V.Quluzadə bildirdi ki, cəbhədəki gərginlik ermənilərin “soyqırımı” bu şəkildə qeyd etmək cəhdindən başqa bir şey deyil: “Azərbaycanı daim təzyiq altında saxlamaq istəyirlər. Azərbaycan unutmamalıdır ki, Qarabağ münaqişəsi yenidən alovlana bilər. Sözsüz ki, burada Rusiya iştirak edəcək, o halda Azərbaycan yeni rayon itirə bilər. Nəticədə də bu, Azərbaycan iqtidarına böyük bir təhlükədir”.

Politoloq Rusiyanın növbəti müharibəyə qoşulmayacağı, Ermənistanın arxasında dayanmayacağı barədə Moskvadan gələn mesajları ciddi saymır: “Bu mesajlar ciddi mənbələrdən gəlmir. Elə isə Putin, yaxud onun sözçüsü Peskov bu barədə bir dəfə bəyanat versin. Bütün bunların hamısı boş-boş söhbətlərdir. Rusiya ilə Ermənistan arasında hərbi müqavilələr var, həmin müqavilələr işə düşəcək. Azərbaycana təhdidlər daim olacaq. Çünki Moskva Azərbaycandan gözünü çəkməyib. Rusiya istəyir ki, biz könüllü surətdə Avrasiya İttifaqına daxil olaq, Avropaya inteqrasiya fikirlərindən əl çəkək, birdəfəlik Qərblə əlaqələri pozaq, Ermənistan kimi bir dövlət olaq. Bu gün Azərbaycanın Qərblə əlaqələri xeyli soyuqdur. Ona görə də Rusiya burda təzyiqləri artırır, özü də hər bir cəbhədə”.

Ekspert güman edir ki, Ermənistan-Azərbaycan savaşı alovlandığı halda Rusiya müxtəlif istiqamətlərdən Azərbaycana müdaxilə edə bilər: “Odur ki, Rusiyanın neytral qalacağı ilə bağlı deyilənlər yalnız bizim ictimai rəyə hesablanıb. Yəni guya Rusiyanın Azərbaycan torpaqlarının işğalına, Qarabağ probleminə dəxli yoxdur. Bundan başqa, onlar belə bəyanatlarla bütün günahı Azərbaycan iqtidarının üzərinə yıxmaq istəyirlər. Bəyanat verirlər ki, Rusiya qarışmayacaq, o halda Azərbaycan ictimai rəyi düşünsün ki, yaxşı, Rusiya qarışmayacaqsa, onda bu iqtidar niyə gedib torpaqlarımızı azad etmir.

Yəni belə bəyanatlar təxribat məqsədilə səsləndirilir. Əslində isə müharibə başlayan kimi tək Gümrüdəki rus hərbi bazası yox, şimal sərhədimizdən qoşun gələ, yaxud Xəzərdə olan Rusiya Hərbi Donanması hərəkətə keçə bilər. Bunların hamısı bizə təhlükədir. Özü də artıq Rusiya böyük təcrübə qazanıb, hibrid müharibələrinə gedir, yəni elan etmədən. Rus qoşunu adı ilə yox, könüllülər adı ilə hərəkətə keçir. Eyni zamanda Qarabağ müharibəsinin alovlandırılması Ukraynadakı hadisələrin arxa plana keçirilməsi üçün yaxşı bir fürsət yarada bilər”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button