Siyasət

İşğalçı Rusiyaya “qamçı”, işğalçı Ermənistana “kökə…”

İşğalçı Rusiyaya “qamçı”, işğalçı Ermənistana “kökə...”
Qərbin saxta genosid iddiasına dəstəyi elə Qarabağın işğalına verilən dəstək anlamındadır; İrəvanın 24 aprel mərasimlərində güddüyü iki mühüm hədəfdən biri Azərbaycan ərazilərinin işğalına bəraət almaqdırsa, Bakı danışıqların formatını dəyişməyə niyə də çalışmasın?

Ermənistan prezidenti Serj Sərkisyan uydurma soyqırımın 100 illiyi ərəfəsində bir qrup xarici jurnalistə verdiyi müsahibəsində Azərbaycanı Dağlıq Qarabağa dair sülh danışıqlarını uzatmaqda ittiham edib.

Düşmən ölkə başçısı bildirib ki, guya Bakı Minsk Qrupu həmsədrlərinin təklif elədiyi “Madrid prinsipləri”ni bildiyi kimi təqdim və şərh edir, həmçinin, nizamlama prosesinə əngəllər yaradır, son vaxtlar isə danışıqların formatını dəyişmək istəyir.

Sitat: “Ötən il biz Azərbaycan prezidenti ilə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə üç görüş keçirdik.

Həmin görüşlər zamanı Azərbaycan prezidenti demək olar açıq şəkildə dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bizə təklif etdiyi nizamlama prinsiplərini qəbul etmir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əksini tapan prinsiplər və elementlər ”Madrid prinsipləri\” adı alan sənədin özəyini təşkil edir: problem güc tətbiqi olmadan nizamlanmalı, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququna əsaslanmalıdır\”.

Sərkisyanın sözlərinə görə, bu prinsiplər əsasında münaqişənin həllini tapmaq olar: “Və mühüm məqam budur ki, həmsədrlər, prezidentlər bu prinsiplərin və elementlərin vahid təşkil etdiyini, onların bir-birindən ayrı nəzərdən keçirilməsinin mümkün olmadığını bildirirlər”. Ermənistan prezidenti deyib ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanması prinsipini qəbul etmir, çünki bu prinsipdən həmişə “əgər” kateqoriyasında danışır.

“İkincisi, Azərbaycan öz müqəddəratını təyin etmə prinsipini qəbul etmir və ya öz bildiyi kimi qəbul edir. İndi onlar danışıqlar formatını dəyişməyə və ya danışıqları başqa müstəviyə keçirməyə çalışırlar. Məhz bu səbəbdən gərginlik yaradılır” – iddia edib işğalçı ölkənin prezidenti.

***
Danışıqların formatının dəyişdirilməsi məsələsi isə həqiqətən də var və rəsmi Bakı bu yöndə müəyyən təşəbbüskarlıqlara başlayıb. Əvvəla, ona görə ki, sülh danışıqlar işğalçı ölkənin maksimalist tələbləri üzündən illərdir ki, dalana girib və status-kvonun bu şərtlər daxilində dəyişməsinə, münaqişənin həllində tezliklə real irəliləyişin yaranacağına ümid qalmayıb.

İkinci yandan, aydındır ki, saxta genosidin yubiley törənindən, dünyadakı bir çox havadarından stimul alan, Avropa Parlamentinin, Roma Papasının məlum bəyanatlarından ruhlanan Ermənistan 24 apreldən sonra Qarabağ məsələsində daha radikal mövqeyə köklənəcək, bir az da ipə-sapa yatmaz mövqeyə köklənəcək. Onsuz da 20 ildən çoxdur münaqişənin həllində dönüş yarada bilməyən vasitəçilərin İrəvanın bir az da destruktiv mövqeyi ilə nəyəsə nail olacağını düşünmək əlbəttə ki, sadəlövhlük olardı.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən ikisi – Fransa və Rusiyanın prezidentləri aprelin 24-də İrəvanda olub, “yubiley” mərasiminə qatılılar. Türkiyə baş naziri Əhməd Davudoğlu bu vəziyyətə münasibət bildirərkən haqlı olaraq qeyd edib ki, “həmsədr ölkədən ikisinin başçısının İrəvanda olması Minsk Qrupunun qərəzsiz olmadığını nümayiş etdirir”.

***
Bu və digər amilləri nəzərə alan Azərbaycanın formatın dəyişdirilməsində maraqlı olması təbii və məntiqli deyilmi? Məntiqldir. Çünki status-kvonun dəyişməsində, problemin həllinin tezliklə tapılmasında ən çox məhz ərazisinin 20%-i işğal altında olan Azərbaycan maraqlıdır. Bu mənada Sərkisyanın ittihamları yumşaq desək, gözə kül üfürməkdir.

Bakını hərbi xərcləri artırmaqda, hərbi kvotaları aşıb sürətlə silahlanmada ittiham eləmək də belə vəziyyətdə absurdudur. Münaqişə ədalətli həllini tapana qədər Azərbaycan hərbi qüdrətini artırmaqda davam edəcək, əlverişli məqamda isə öz torpaqlarını güc yolu ilə azad edəcək. Hərbi ekspert Üzeyir Cəfərovun təbirincə desək, bu qədər silah sursatı Bakı vitrinə qoymaq üçün almayıb ki. Artıq Azərbaycan gecə şəraitində də hərbi təlimləri keçirməyə başlayıb ki, bu da təcavüzkara növbəti xəbərdarlıq mesajıdır…

***
Ümumiyyətlə, Azərbaycan fərqindədir ki, bəzi Qərb dövlətlərinin və beynəlxalq təşkilatlarının işğalçıya loyal münasibətinin, uydurma genosid məsələsində ona verdiyi dəstəyin nəticəsidir ki, təcavüzkarın ayağı yer tutmur. Bu bir nonsens, beynəlxalq hüququn, ədalətin zorlanmasıdır ki, Ermənistandan ilk növbədə qonşu ölkənin işğal elədiyi əraziləri boşaltmağı tələb etmək əvəzinə, onun “soyqırım” adlı yalançı dərdinə şərik çıxılır, təcavüzkar ölkəyə qucaq açılır.

Bu, elə işğalçıya qucaq açmaq, Dağlıq Qarabağın işğalına haqq qazandırmaq, “siz genosidə məruz qalmısınız, sizə qonşunun torpaqlarını ələ keçirmək olar!” deməkdir. Bununla təcavüzkarın dili heç şübhəsiz daha da uzanacaq. “Genosid” qətnamələrindən sonra hansı üzlə Ermənistana “Azərbaycan torpaqlarından çıx!” deyəcəklər? Axı, özü cəmi 23 il öncə Xocalı soyqırımı törədən, Azərbaycan torpaqlarında etnik təmizləmə həyata keçirən, qonşusunun 20% ərazisini hələ də işğal altında saxlayan bir millətin dərdinə necə şərik olmaq, onun uydurma nağıllarına nə cür inanmaq olar?

Tutaq ki, Krımı işğal eləmiş Rusiyaya gücünüz çatmır. O zaman cırtdan Ermənistana niyə işğalçı deyib də yerində oturtmursunuz? Hər ikisi beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, öz qonşusunun ərazi bütövlüyünü tapdamayıbmı?

***
Hələ bu azmış kimi, üstəlik, ermənilərin 100 illik yalanını sənədləşdirib Türkiyəyə, Türkiyə timsalında Azərbaycana qarşı ittiham aktına çevirmək nə demək bəs? Bunun ikili standart yanaşmadan başqa adı varsa, desinlər. Bu məsələdə nisbətən ədalət prinsipini gözləyən dövlət – üçüncü həmsədr ölkə kimi ABŞ oldu. O da müstəsna olaraq Türkiyə ilə xüsusi münasibətlər səbəbindən. Fəqət yetərlimi? Təəssüflər olsun ki, Amerikadan ötrü də Dağlıq Qarabağ problemi hələ ki prioritet məsələ deyil. (musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button