Siyasət

“Soyqırımı” tanıyan dövlətlərin soyqırımlı tarixi

“Soyqırımı” tanıyan dövlətlərin soyqırımlı tarixi
24 apreldə saxta erməni iddialarına dəstək verən dövlətlərin tarixi gerçək genosid cinayətləri ilə zəngindir…
24 aprel ərəfəsi dünyanın bir sıra nüfuzlu dövlətləri və qurumları 1915-ci il olaylarını “soyqırımı” kimi tanıdılar. Roma Papası, daha sonra Avropa Parlamenti, Avstriya, dünən isə Almaniya 100 il əvvəl Osmanlı dövləti ərazisində baş verən hadisələri “erməni soyqırımı” kimi qeyd etdilər.

Əlbəttə, ədalətsiz qərardır və tarix, fakt və sübutlar 100 il əvvəl məqsədli bir soyqırımı baş vermədiyini, Osmanlı dövlətinin sadəcə, müharibə dövründə döyüşən orduya problem yaradan, məqsədli çaxnaşmalar təşkil edən əhalinin köçürlməsini həyata keçirib. Bu isə heç bir halda “soyqırımı” hesab edilə bilməz.

Bu mübahisəli tarixi ermənilərin təkidi və məqsədli lobbi fəaliyyətləri, o cümlədən öz dövlət maraqları naminə “soyqırımı” kimi tanıyan ölkələrin sayı az deyil. Son olaraq Almaniya və Avstriyadan başqa əvvəlki illərdə bir sıra nüfuzlu dünya dövlətləri bu təqvimi “soyqırımı” adlandırıb. O cümlədən, İsveç parlamenti – 12 mart 2010-cu ildə səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruqvay – 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri – 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsassız “soyqırımı” tanıyan ştatlar bunlardır: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.
Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya – əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada – 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan – 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan – Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan – İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb.

İsveçrə – “soyqırımı” iddialarını 2003-cü, Slovakiya və Hollandiya – 2004-cü, Polşa, Almaniya, Venesuela, Litva 2005-ci ildə qəbul edib. Çili isə 2007-ci ildə saxta erməni iddialarını qanuniləşdirib. Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Bundan başqa, BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası “erməni soyqırımı” iddialarını təsdiqləyən qərarlara imza atıblar.

Əlbəttə, yuxarıda bu mövzunun mübahisəli olduğu, alimlər tərəfindən sübuta yetirilmədiyi, arxivlərdəki materiallara zidd olduğunu qeyd etdik. Ancaq aydın məsələdir ki, bir sıra dövlətlər bu qərarı “tarixi həqiqətin təsdiqi” olaraq deyil, Türkiyəyə təzyiq vasitəsi, məhz Türkiyə hesabına erməniləri müdafiə etmək, onlara üstün haqq tanımaq məqsədilə qəbul edib. Yəni bu qərarların bir çoxunun arxasında siyasi maraqlar dayanır.

Lakin eyni zamanda bir həqiqət də var. Saxta soyqırımı iddialarını təsdiq edən ölkələrin özlərinin tarixində sübuta yetirilmiş, tarixi sənədlərlə təsdiqini tapmış soyqırımı və kütləvi qırğın hadisələri olub.

Məsələn, “soyqırımı” iddiaları ilə bağlı ermənilərin ən yaxın dəstəkçisi və aprelin 24-də İrəvanda prezident səviyyəsində təmsil olunan Fransa dövləti çox da uzaq olmayan keçmişdə, 20-ci əsrin ortalarında Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirib. Afrikanın demək olar ki, yarısını 19-cu əsrdə işğal edən fransızlar müqavimət göstərən 10 minlərlə yerli insan öldürüblər. Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, o cümlədən Suriya, Livan və nəhayət, ən dəhşətli və sübut olunmuş qətliamların törədildiyi Əlcəzair.

Fransa ordusu Əlcəzairi 19-cu əsrin əvvəlində işğal edib. Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, 132 il Fransanın işğalı altında olub. Bu ölkədə bir neçə dəfə baş verən xalq üsyanları hər dəfə güclü ordu və texnikaya sahib Fransa qüvvələri tərəfindən amansızlıqla yatırılıb. 1954-cü ilin noyabrından 1962-ci ilin martına qədər davam edən milli azadlıq savaşı zamanı bütün mütərəqqi dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Bu, təxminən hər gün 550 nəfərdən çox insanın öldürülməsi deməkdir. Fransanın ilk nüvə silahı sınaqları da (!) məhz Əlcəzairdə keçirilib.

Almaniya, Rusiya kimi ölkələrin 20-ci əsrdə törətdiyi insan ölümləri barədə xüsusi qrafa açmağa ehtiyac yoxdur. Hər iki dünya müharibəsi və aralıq dövrlərdə, eləcə də daxildə baş verən kütləvi sürgünlər zamanı milyonlarla insan öldürülüb və ya köçürülmə nəticəsində faktiki olaraq ölümə buraxılıb.

Aprelin 24-də İrəvana səfər edənlər arasında Serbiya prezidenti də olub. Tomislav Nikoliçin həmvətənləri olan Serbiya və Bosnya serbləri 1992-95-ci illərdə Bosniyada soyqırımı törədib və beynəlxalq insan haqları təşkilatları tərəfindən soyqırımı kimi qəbul olunan bu hadisələr nəticəsində yalnız Serebrinitsa şəhərində 15 mindən artıq dinc, günahsız insan yalnız müsəlman olduğu üçün qətlə yetirilib.

2000-ci ildə “erməni soyqırımı”nı tanıyan İtaliya dövləti 19-cu əsrin sonundan 20-ci əsrin ortalarına qədər Şimali Afrikada on minlərlə dinc insana qarşı qətliam törədib. Liviya, Efiopiya kimi ölkələri işğal edən italyan ordusu müqavimət göstərən, etiraz edən bütün insanları məhv edib. 1935-ci ildə Həbəşistana hərbi yürüş edən İtaliya ordusu bu ölkəni 1 ilə tamamilə işğal edir.

1998-ci ildə saxta erməni iddialarını “soyqırımı” kimi tanıyan Belçika dövlətinin “ayağında” yüz minlərlə Afrikanın məhv edilmiş həyatı yazılıb. Afrika Konqosunda milyonlarla insan Belçika Krallığı üçün kauçuk meyvəsi toplanmasına cəlb olunub və bu dövrdə kauçuk toplaya bilməyən və ya imtina edən yüz minlərlə (bəzi rəqəmlərə görə 10 milyon) insan öldürülüb.
“Erməni soyqırımı” iddialarını iki dəfə – 2000 və 2015-ci ildə – tanıyan Vatikan isə 1095-ci ildə etdiyi çağırışla başlatdığı səlib yürüşləri zamanı Yaxın Şərqdə yüz minlərlə insanın öldürülməsinin fətvasını verib.

Yuxarıda sadalanan ermənilərin saxta iddialarını rəsmiləşdirən dövlətlərin tarixində yer almış soyqırımı və kütləvi qətllərin ən qabarıq və yaddaqalan detallarıdır. Tarix günahsız insan qətliamları ilə “zəngindir”. Dünya isə ədalətli deyil…
(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button