Siyasət

“Putin və Lavrov Türkiyənin adını Rusiya ilə birgə hallandırmaqla…” – Moskva konfransında Türkiyəyə MESAJ

“Rusiya paytaxtında beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransı keçirildi. Moskvadakı konfrans beynəlxalq aləmdə məşhur olan Münhen təhlükəsizlik konfransının uğursuz bənzəridir. Hər il keçirilən Münhen təhlükəsizlik konfransına adətən dəvət olunan ölkələrin tamamı qatılır. Moskvadakı konfransa isə Qərb ölkələri, o cümlədən NATO təmsilçiləri dəvət olunsalar da, orada Şimali Atlantika Blokundan kimsə yox idi”.

Savash.org xəbər verir ki, bunu Moskva konfransını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, NATO təmsilçilərinin Rusiya paytaxtına getməməsinin sadə səbəbi var.

“Krımın ilhaqına görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları var, NATO Rusiyanı təhlükə kimi görür. Qərb ölkələrinin təmsilçiləri və NATO generalları Moskvadakı konfransa qatılsaydılar, Rusiyanın Krımı ilhaqı və beynəlxalq hüquqa digər zidd addımlarını qəbul etdiyi görüntüsü yaranacaqdı. Qərb və NATO belə görüntünün yaranmasını istəmir.

Buna baxmayaraq, Moskva konfransında digər dövlətlərdən 600 qonaq iştirak edirdi. Azərbaycanı konfransda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edirdi. Konfransda iki gün ərzində qlobal və regional sabitlik problemləri, təhlükəsizliyin müxtəlif aspektləri, yeni koronavirus infeksiyası ilə mübarizədə hərbçilərin rolu mövzuları müzakirə edildi. Aydındır ki, konfransda ən çox Qərb ölkələrinin siyasəti tənqid olundu, təndiçilərə cavab verməyə kimsə yox idi”.

E.Şahinoğlu qeyd edib ki, prezident Vladimir Putin konfransdakı çıxışında Rusiyanın sərhədlərində NATO hərbi qüvvə və infrastrukturunu yerləşdirməsinin narahatlıq yaratdığını söylədi:

“Buna baxmayaraq Putin dedi ki, Qərb ölkələri və NATO ilə dialoqa hazırdır. Konfransın ikinci günü Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin və xarici işlər naziri Sergey Lavrov çıxış etdilər. Onlar da prezidentləri kimi, bütün bəlalarda Qərbi ittiham etdilər, elə bil ki, Gürcüstanı, Ukraynanı parçalayan, müxtəlif ölkələrdəki seçkilərdə kiberhücumlar təşkil edən və keçmiş xəfiyyələri öldürən Rusiya deyil”.

Politoloq xatırladıb ki, konfransdakı çıxışlarda Türkiyənin adı bir neçə dəfə müsbət mənada hallandırıldı.

“Prezident Vladimir Putin Rusiyanın qlobal təhlükəsziliyin təminatından danışarkən bunları dedi: “Suriya məsələsində rolumuz var. Türkiyə və İranla Astana formatı çərçivəsində siyasi və diplomatik işlər gördük. Rusiyanın sayəsində Dağlıq Qarabağda qarşıdurmalar dayandırıldı”. Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın tək Rusiya, Çin və İranı hədəf götürmədiyini, NATO-dakı müttəfiqi Türkiyəni sıxışdırmağa çalışdığını bildirdi.

Putin və Lavrov Türkiyənin adını Rusiya ilə birgə hallandırmaqla sanki Ankaraya belə bir mesaj göndərmiş oldular ki, “bizim düşərgədə yer alsan Amerikaya qarşı birgə mübarizə apararıq”. Əlbəttə, Ankaranın Vaşinqtonla münasibətlərində bəlli problemlər var. Vaşinqton Türkiyənin bölgədə artan müstəqil rolunu qəbul etməkdə çətinlik çəkir. Ankaranın da Vaşinqtona ünvanladığı xeyli sualı var ki, cavabını ala bilmir.

Buna baxmayaraq, Türkiyənin milli və təhlükəsizlik maraqları Ankara üçün Rusiya və Çin seçiminin təhlükəli olduğunu nümayiş etdirir. Rusiya və Çinin müttəfiqləri yoxdur. Çünki Moskva və Pekinə bərabərhüquqlu tərəfdaşlar deyil, onların sözünü və istəyini təkrarlayan dövlətlər lazımdır. Elə Amerika da eyni siyasət yürütdüyünə görə Türkiyə ilə Vaşinqton arasında çatlar əmələ gəldi”, – E.Şahinoğlu şərhini tamamlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button