Siyasət

Milli Şura 3 may mitinqi ilə bağlı BŞİH-nə müraciət edib

Milli Şura 3 may mitinqi ilə bağlı BŞİH-nə müraciət edib
Qurumda daxilində mitinq hazırlıqları gedir; Müsavat isə gənc xanım üzvünün ölümü ilə bağlı siyasi tədbirlərini təxirə salıb…
Milli Şura 3 may tarixində “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda “Talana son” şüarı ilə növbəti mitinqini keçirəcək. Qurumun 25 aprel sessiyasında bu məsələ geniş müzakirə olunub. Artıq mitinqlə bağlı BŞİH-nə müraciət ünvanlanıb.

Bu barədə qəzetimizə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verdi: “Bildiyiniz kimi, Milli Şura mayın 3-də növbəti mitinqini keçirməklə bağlı qərar verib. Mitinq ənənəvi olaraq, ”Məhsul\” stadionunda keçiriləcək. Əsas şüar “Talana son” olacaq. “Siyasi məhbuslara azadlıq” və ölkədə demokratik mühitin yaradılması da əsas şüarlardan biri olacaq. Artıq mitinqlə bağlı BŞİH-nə müraciət etmişik. Mitinqə hazırlıq işləri başlayıb. Hazırlıq işləri Milli Şuranın Koordinasiya Mərkəzinin keçən toplantısından start götürüb. Milli Şuranın 25 aprel sessiyasında bu məsələ geniş müzakirə olunub.

Həm təşkilatı işlərin görülməsi, həm məlumatı işlərin həyata keçirilməsi, həm də sosial şəbəkələr üzərindən müvafiq təbliğat-təşviqat işlərinin aparılması barədə qərarlar qəbul olunub, tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər davam edir. Düşünürük ki, mitinq normal şəkildə keçəcək. Ölkədə əhalinin artan sosial narazılığı mitinqlə kəmiyyət və keyfiyyət baxımından paralellik təşkil edəcək\”.

Müsavat Partiyası isə mitinq barədə hələ ki, düşünmür. Buna səbəb, partiyanın gənc və fəal üzvü Nərgiz Yaqublunun vaxtsız ölümüdür. Qurumda bütün siyasi tədbirlər təxirə salınıb. Buna baxmayaraq, başqan müavini Elman Fəttah yaxın günlərdə mitinq məsələsinin müzakirə olunacağını istisna etmir: “Müsavat Partiyası Nərgiz Yaqublunun ölümü ilə bağlı bütün siyasi tədbirlərini təxirə salıb, bir qismini ləğv edib. Buna görə mitinq məsələsi ilə bağlı müzakirə aparmırıq. Formalaşmış fikir yoxdur. Kütləvi aksiyalar müxalif düşərgənin hakimiyyətə qarşı keçirdiyi əhəmiyyətli tədbirlərdəndir. Kimlər belə tədbirlər keçirirsə, biz bu məsələlərə normal yanaşırıq. Acı günlərimizi keçirdikdən sonra, yaxın zamanlarda kütləvi aksiyalar və digər məsələlərin müzakirəsi başlayacaq. Müsavat Partiyası bildiyimiz kimi, BŞİH-ni məhkəməyə verir. Yürüşə qanunsuz olaraq, icazə və cavab verməməsinə görə. Yeni aksiyaların keçirilməsi ilə bağlı işlərimiz davam edəcək”.
(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button