Siyasət

Azərbaycanlı politoloqdan ermənilərə xilas çağırışı

Azərbaycanlı politoloqdan ermənilərə xilas çağırışı
Azərbaycanlı politoloqdan ermənilərə xilas çağırışı
“Əgər xilas olmaq istəyirlərsə, bu həqiqəti dərk etsinlər, nə Minsk Qrupu, nə də hansısa dövlətlə məsləhətləşmədən Azərbaycanla sülh bağlasınlar”
Erməni soyqırımının 100 iliyi şoularının iflasla nəticələndiyini, bu hay-küyün Ermənistana fayda verməyəcəyini anlayan ermənilər də var. Bir əsr öncə Türkiyə ilə düşmənçilik münasibətlərində olan dövlətlərin rəhbərlərinin belə Çanaqqala zəfərinin 100 illiyinə qatılaraq ermənilərin cəfəngiyyatlarına arxa çevirməsi düşmən ölkədə əməlli-başlı pessimist ovqat yaradıb.

Soyqırım məsələsinə görə Ermənistanın hüquqi əsası yoxdur və beynəlxalq məhkəməyə müraciət etməyə hazır deyil. Bu barədə Qərbi-Erməni Konqresinin sədri, beynəlxalq hüquq üzrə ekspert Suren Seraydaryan bildirib. “Ermənistan beynəlxalq məhkəməyə hüquqi sənədlərlə müraciət etməyə tamamilə hazırlıqsızdır. Böyük işlər görülməlidir və bunun üçün xüsusi qrup yaradılıb”, – deyə uydurma soyqırımın 100 illiyi ilə bağlı İrəvanda səfərdə olan Seraydaryan vurğulayıb (ans).

Erməni ekspert həmin qrupun işinin uğurla nəticələnəcəyinə tam əmin deyil. Onun fikrincə, işçi qrup hüquqi əsasları tam öyrəndikdən sonra beynəlxalq məhkəməyə və ya danışıqlar üçün Türkiyəyə müraciət üçün qərar verməlidir. “Bu məsələyə emosional yanaşmaq olmaz, səhv buraxmamaq üçün çox ehtiyatlı olmalıyıq. 1-ci Dünya müharibəsinin başlamasına hazır deyildik, buna görə darmadağın olduq, müstəqilliyə də, sovet sisteminə də hazır deyildik. Hər dəfə tələyə düşdük. Amma indi hazır olmalıyıq, dünyanın 5 il sonra harda olacağını indidən müəyyən etməliyik”, – deyə Suren Seraydaryan qeyd edib.

Ekspertlər hesab edir ki, böyük ehtimalla, erməni ekspert beynəlxalq məhkəmə nəticəsində Ermənistanın iddialarının tam tərsinin ortaya çıxacağından qorxur. Çünki indiyə kimi aparılmış bir çox araşdırmalar erməni iddialarının yersiz olduğunu ortaya çıxarıb. Məhz buna görə Seraydaryan erməniləri bu məsələdə ehtiyatlı olmağa və beynəlxalq məhkəməyə müraciət etməməyə çağırıb.

Üstəlik, tarixçilər hətta Rusiya arxivlərində də erməniləri təkzib edən çoxsaylı sənədlərin mövcudluğuna diqqət çəkir. Türkiyə arxivlərini araşdırmağın da ermənilərə fayda gətirməyəcəyini Sərkisyanın son sərsəmləməsindən də gördük.

İstənilən halda “soyqırım” şousunun 100 ili arxada qaldı. Yeri gəlmişkən, bu günlərdə Türkiyə və Azərbaycanın birliyi daha da möhkəmləndi. Artıq Türkiyə hakimiyyəti düşmənə və onun havadarlarına açıq mətnlə işğaldakı Qarabağı, Xocalını nişan verir. Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin əleyhinə qərar verən ölkələri Srebrenitsada, Xocalıda baş vermiş soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırıb: “Türkiyənin əleyhinə qərar verənlər Qafqazda soyqırıma məruz qalaraq Anadoluya köçmək məcburiyyətində qalan abxazlardan, çeçenlərdən, Axıska türklərindən, gürcülərdən danışsınlar. Yaxın tarixdə Srebrenitsa və Xocalıda baş vermiş soyqırımların hesabını versinlər”.

Bəs, soyqırım məzhəkələrindən sonra Qarabağ məsələsində nə gözlənilir?

“Onsuz da hər şey çoxdan məlumdur, ”soyqırım\”ın 100 illiyi ortaya yeni heç nə qoya bilmədi. Əgər Ermənistanda ermənilərin marağını nəzərə alıb, müstəqil, bu ölkənin siyasətinə təsir edənlər, Moskvanın iradəsinə qarşı çıxan qüvvələr varsa, onlar gərək bu 100 illikdən nəticə çıxarsınlar\”. Bunu politoloq Vəfa Quluzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert ermənilərin bu hay-küylü tədbirlə ciddi uğura imza ata bilmədiyini düşünür: “Birinci nəticə ondan ibarətdir ki, ermənilər xüsusilə son illərdə 100 illiyin qeyd edilməsinə çox böyük önəm verirdilər. Qeyd olundu, ancaq Putindən və Ollanddan başqa ora sanballı adam getmədi. Yaxşı, 100 il keçdi, 100 illik soyqırım ideologiyası Ermənistana nə verdi? Görəsən, bunu Ermənistanda düşünüb başa düşən adam varmı?”

V.Quluzadə Seraydaryanın ermənilərə ünvanladığı çağırışdakı bəzi məqamların haqlı olduğunu vurğuladı: “Bütün bunlar məlum məsələdir. Ancaq qlobal baxımdan ermənilər başa düşməlidir ki, əgər onlar gələn 200 illiyi gözləsələr, deməli, daha 100 il cındır vəziyyətdə, ölkələrinin dağılması halında yaşamalı olacaqlar. Bu yolla onlar heç bir şey əldə etməyəcəklər. Ermənistan başa düşməlidir ki, onun salamat qalması, inkişaf etməsi üçün yeganə şansı – Azərbaycanla əlaqələri bərpa etmək, Türkiyə ilə sərhədləri açmaq, münasibətlər qurmaqdır. Üstəlik, ermənilər başa düşməlidirlər ki, onların dünyada dostu yoxdur. Bütün özünü dost kimi göstərənlər erməniləri, erməni məsələsini öz milli maraqları üçün istifadə edirlər, onları fırladırlar. Rusiya Ermənistan üçün nə edib? Bu gün Ermənistan hər cəhətdən cındır vəziyyətdədir. Amma Moskva Ermənistana ”dost\” deyib, ondan Azərbaycana və Türkiyəyə qarşı istifadə edib. Ermənistan Rusiyaya türklərə təzyiq vasitəsi kimi lazımdır. Ermənistanı yaradan Rusiya onu özü üçün yaradıb, ermənilər üçün yox\”.

Politoloq ABŞ-ın da eyni siyasətdən yararlandığını vurğuladı: “Vaşinqton erməni məsələsindən öz maraqları üçün istifadə edir. Onlar Ermənistana 3-4 milyonluq yardım edir ki, bu ölkə qudurmasın. Amerika heç də Ermənistanın çiçəklənən, inkişaf etmiş dövlət olmasını istəmir. Çünki Ermənistanın inkişafı ona lazım deyil. Amma Amerika da Qarabağ məsələsindən istifadə edib Azərbaycana təsir etmək istəyir, ermənilərin ”soyqırım\” iddiası ilə Türkiyəni hədələyir. İndiyə qədər ABŞ-ın bütün prezidentlərinin “soyqırım”ı tanıyacağına ermənilərin inamı olsa da, bu, baş verməyib. Amerikanın gələcək prezidenti də bundan istifadə edəcək ki, “Türkiyə, özünü yaxşı apar, yoxsa soyqırımı tanıyaram”. Ermənistan onlara bunun üçün lazımdır. Heç kim düşünmür ki, Ermənistan yazıqdır, elə edək onlar da normal həyat yaşasınlar. Bunu gərək ermənilər özləri düşünsünlər. Gərək anlasınlar ki, bu müharibəni ermənilərə də sırıyıblar.

Böyük beyin mərkəzlərinə malik olan Rusiya erməni problemini, Qarabağ problemini özünün milli maraqları üçün yaradıb. Bu milli maraqlar isə erməni milli maraqlarının əleyhinədir. Əgər ermənilər xilas olmaq istəyirlərsə, bu həqiqəti dərk etsinlər, nə Minsk Qrupu, nə hansısa dövlətlə məsləhətləşmədən Azərbaycanla sülh bağlasınlar. Qoy onlar Azərbaycanın işğalda saxladığı torpaqları azad etsinlər, Türkiyə ilə sərhədləri açsınlar. Onda Ermənistan dirçələ biləcək. Əks təqdirdə ermənilərdən başqa dövlətlər öz maraqları üçün istifadə edəcəksə, Ermənistan heç nəyə nail ola bilməyəcək, ermənilər gündən-günə pis vəziyyətə düşəcək. Ona görə də Qarabağ məsələsinin həllində ermənilər öz milli maraqları uğrunda döyüşə bilmədiyinə görə hansısa irəliləyiş görmürəm.

Qarabağ məsələsini Azərbaycan və Ermənistan həll etməlidir. Türkiyə ilə sərhəd məsələsini də Rusiya diktə etməməlidir. Lavrov bilirdi ki, İrəvan Sürix protokollarına qol çəkəcək, amma ermənilərin soyqırım və ərazi iddiaları qala-qala Türkiyə ilə sərhədlər açılmayacaq. Amma heç kim ermənilərə demir ki, siz 80 milyonluq Türkiyədən nə təzminat, nə də torpaq ala bilməyəcəksiniz. Əgər 1994-cü ildən Bakı ilə İrəvan arasında sülh bərqərar olsaydı, Ermənistanın üzərindən neft boru kəmərləri, başqa tranzit xətləri keçəcəkdi. O zaman Ermənistan Türkiyədən istədiyi təzminatlardan qat-qat artıq qazanc əldə edəcəkdi. O halda ayaqaltı dövlət olmayacaqdı ki, hər keçən onun başını soyqırımı məsələsinə görə sığallayıb sonra da ayağını ola silməyəcəkdi. Mən ermənilərə çağırış edirəm, ağıllarınızı başınıza yığın!\”
(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button