Siyasət

Ermənilərin “4T” planı suya düşdü – 100 illik məğlubiyyətin göz yaşları…

Ermənilərin “4T” planı suya düşdü - 100 illik məğlubiyyətin göz yaşları...
Pənah Hüseyn: “Həm Ermənistan, həm də dünya erməniləri məqsədlərinə nail ola bilmədilər”

24 aprel, saxta “soyqırım” tədbirləri arxada qaldı. Ermənilərin uzun zamandan bəri hazırlıq gördükləri saxta “soyqırım” iddialarının 100 illiyi adı altında dünyadan dəstək almaq ümidləri demək olar ki, puç oldu. İrəvana yalnız bir neçə ölkənin lideri qatıldı. Üstəlik, “soyqırım” mövzusunda Ermənistanın əsas havadarı rolunu oynayan qüvvələr də gözlənildiyi qədər fəallıq nümayiş etdirmədilər. ABŞ prezidenti “soyqırım” ifadəsi işlətmədi, Fransa prezidenti isə İrəvandakı tədbirdən dərhal sonra Bakıya gəldi.

AXP sədri Pənah Hüseynin fikrincə, 24 apreldə ermənilər bütövlükdə qarşılarına qoyduqları hədəflərinə nail ola bilmədilər. Saxta “soyqırım” iddialarının 100 illiyi tədbirlərinə ermənilərin hələ uzun illər əvvəldən hazırlaşdıqlarını xatırladan həmsöhbətimiz deyir ki, ermənilərin planlaşdırdığı böyük aksiya baş tutmadı: “Həm Ermənistan, həm də dünya erməniləri məqsədlərinə nail ola bilmədilər. Türkiyə mətbuatında ermənilərin ”4 T\”, yəni tanıma, tanıtma, təzminat və torpaq hədəflərinin olduğu haqda yazılırdı. Tanıtma, yəni “soyqırımın” Türkiyə tərəfindən tanınması istiqamətində hər hansı bir uğur qazana bilmədilər. Əksinə, son illərdə Türkiyənin mövqeyindəki yumşalma sərtləşmə ilə əvəz olundu. Torpaq məsələsi, ümumiyyətlə, gündəmə gətirilmədi.

Təzminatın olması üçün isə BMT-nin ayrıca qətnaməsinin qəbul edilməsi hədəfi qoyulmuşdu. Ümumiyyətlə, bunun müzakirəsi belə baş vermədi. Hətta İrəvanda 24 aprel tədbirində BMT-dən xüsusi heyət olmadı. Yalnız 24 aprel ərəfəsində Vatikanın, Avropa Parlamentinin və digər ölkə və təşkilatların tanıması, yaxud da təkrar tanıması bəyanatları oldu. Ancaq nəzərə almaq lazımdır ki, bu bir “yüzillik” tədbiri idi, bundan sonra kampaniyada müəyyən bir eniş olacaq. Doğrusu, növbəti kampaniya dalğasını ən azı qarşıdakı 10 ildə gözləmək çətindir.

Bu baxımdan mən hesab edirəm ki, strateji olaraq öz mövcudluğunu “erməni soyqırımı” siyasəti üzərində quran dairələr iflasa uğradılar. Əlbəttə ki, bu da Türkiyənin və bu məsələdə ona dəstək olan, xüsusən də Azərbaycanın yardımı nəticəsində mümkün oldu. Ümumiyyətlə, “bir millət-iki dövlət” şüarı müəyyən diskussiya mövzusu olsa da, bəzi məsələlərdə biz bir millət, iki dövlət deyil, bir millət bir dövlət olaraq hərəkət etməliyik.

Düşünürəm ki, bu prosesdə strateji əməkdaşlıq öz bəhrəsini verdi. O cümlədən Fransa prezidentinin elə həmin gün Bakıya gəlməsi, Rusiya prezidentinin genosid barədə mülahizələrlə yanaşı, bunu kompensasiya edən fikrilər səsləndirməsi və bugünlərdə Türkiyə-Rusiya iqtisadi əməkdaşlıq toplantısının keçirilməsi yuxarıda qeyd etdiyimiz prosesin əhəmiyyətini göstərir\”.

\”Bu gün İstanbul dünya siyasətində Qüds kimi rolu olan bir şəhərdir. Söhbət dərin siyasətdən gedir; neçə əsrdir ki, İstanbulun yenidən xristian mərkəzinə çevrilməsi üçün iş aparan qüvvələr var”

Lakin P.Hüseyn deyir ki, 24 aprel arxada qalsa da, bu vəziyyət arxayınçılıq yaratmamalıdır. Çünki “erməni məsələsi” yalnız ermənilərin deyil, dünyanın bir çox güclərinin Türkiyəyə qarşı planlarının alətidir: “Bu məsələdə Türkiyə və Azərbaycanın fəaliyyətində müəyyən çatışmazlıqlar da oldu. ”Erməni soyqırımı\” məsələsi yalnız bir tarix məsələsi deyil. O mənada ki, bu kartdan Türkiyəyə qarşı ideoloji silah kimi istifadə olunur. Bu hadisə bir dövlətə qarşı kütləvi qırğın silahı olaraq ortaya qoyulub, siyasi təzyiqdən ciddi məsələdir. Bu səbəbdən də bu istiqamətdə fəaliyyətə daim ehtiyac var. Lakin panikaya düşməyə də gərək yoxdur.

Burda daha bir mühüm nüans erməni məsələsinin, göründüyü kimi, yəni yalnız dövlətlərarası bir məsələ olmamasıdır. Mən konspirologiyaya xüsusi əhəmiyyət verən adamlardan deyiləm, ancaq anlamaq lazımdır ki, bu gün İstanbul dünya siyasətində Qüds kimi rolu olan bir şəhərdir. Söhbət dərin siyasətdən gedir. Neçə əsrdir ki, İstanbulun yenidən xristian mərkəzinə çevrilməsi üçün iş aparan qüvvələr var. Nə qədər cəfəng görünsə də, bu cür qüvvələr bəzən dünya siyasətində ciddi fəsadlara səbəb olurlar. O cümlədən Türkiyənin ərazilərinə iddia edən qüvvələr var və bunlar yalnız ermənilər deyil. Türkiyənin cənub-şərqində başqa bir xəritələrdə Türkiyəyə qarşı ərazi iddiaları var. Hətta bəzi xristianlar üçün İstanbula sahiblənmək “müqəddəs dini hədəflər” kimi qoyulub. Bütün bunları nəzərə alanda, əlbəttə ki, daim işləmək lazımdır. Ancaq hesab edirəm ki, bu mərhələdə Türkiyə uduzmadı.

“Erməni soyqırımı” göstərdi ki, bu, keçmiş məsələsindən çox gələcək üçün qurulan strategiyadır. Bu məsələyə məhz indinin və keçmişin deyil, gələcəyin məsələsi kimi yanaşmaq lazımdır. Və bunu da unutmaq lazım deyil ki, bu zəmin hazırlayanlar yalnız ermənilərlə məhdudlaşmır. Daha geniş bir çevrə var və bu prosesdə ermənilərin vasitə olaraq istifadə edildiyini görürük\”.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button