Siyasət

Razi Nurullayev MŞ-dən çıxarıldı

Razi Nurullayev MŞ-dən çıxarıldı
Razi Nurullayev MŞ-dən çıxarıldı
“Milli Şuranın dəfn prosesi gedir, Milli Şura artıq narazı kəsimin iradəsini təmsil edə bilməz”

Aprelin 26-da Milli Şuranın sessiyası keçirilib. Sessiyada AXCP-dən edilən müraciət əsasında Razi Nurullayev Milli Şura üzvlüyündən xaric edilib. Milli Şuradan xaric edilməsinə Razi Nurullayevin münasibətini öyrəndik. O qeyd etdi ki, xaric ediləcəyi gözlənilən idi: “Bilirdim ki, oradan uzaqlaşdırılmağımla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı olacaq, bunu gözləyirdim. Düşünürdüm ki, məni sessiyaya dəvət edərək bu addımı atacaqlar.
Təbii ki, dəvət olunsaydım, iştirak edəcəkdim və sözümü də deyəcəkdim.

Lakin bəlli oldu ki, mənim iştirakım olmadan barəmdə qərar veriblər və əslində belə bir qərar verilməsi qanunsuzdur. Bununla belə, hər hansı addım atmaq niyyətində deyiləm, yəni buna əhəmiyyət vermirəm. Fərqli düşünən insanın qurumdan uzaqlaşdırılması təəssüf doğurur. Ümumiyyətlə, fərqli düşünən insan orada qala bilməz. Mən özüm də istefa verə bilərdim, amma bu addımı atmadım. Yaxşı ki, belə bir addım atmadım, şərait yaratdım ki, Milli Şura bu cür qanunsuz qərar çıxarsın.

Bilirsiniz ki, Milli Şuradan xeyli insan çıxıb. Yəni bundan sonra Milli Şuranın dəfn prosesi gedir. Milli Şura, artıq narazı kəsimin iradəsini təmsil edə bilməz. Orada təmsil olunan hər bir insanın şəxsiyyətinə hörmətim var. Hətta Əli Kərimli ilə də siyasi baxışlardan başqa heç bir problemim yoxdur. Əli Kərimlinin Milli Şurada apardığı siyasəti əvvəlcə də bəyənmirdim, indi də bəyənmirəm. Milli Şuranı dəfn etmək istəmirlərsə, ora yeni fikirli insanları cəlb etməlidirlər. Mənim Milli Şuradan xaric edilməyim bir daha göstərdi ki, Milli Şura AXCP-nin, konkret olaraq Əli Kərimlinin diktəsi ilə fəaliyyət göstərir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə APA-ya deyib ki, Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb: “Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi. Razi Nurullayevin qurumdan kənarlaşdırılması həm də onun bir ayağı iqtidarda, bir ayağı müxalifətdə olması ilə izah edilə bilər”.

Xatırladaq ki, Razi Nurullayev təxminən iki ay öncə AXCP üzvlüyündən istefa verib. Buna qədər o, AXCP sədrinin müavini postunu tuturdu.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button