Siyasət

Ermənistan Rusiyaya lazımdırmı?

Ermənistan Rusiyaya lazımdırmı?
Aprelin 24-nə qədər Rusiya prezidenti V.Putinin hara yollanacağı ilə bağlı müəyyən ehtimallar və gümanlar olsa da, hətta onun Çanaqqala tədbirlərində iştirak etmək üçün Türkiyəyə yollanacağı deyilsə də son anda Putin öz fransalı həmkarı F.Olland kimi Ermənistanı seçdi…
Təbii ki, bu iki ölkənin başçılarının belə hərəkət etməsi Bakıda və Ankarada haqlı narazılıq yaratdı. Ona görə ki, onların hər ikisi hamıya bəlli olduğu kimi, Minsk Qrupunun həmsədrləridir. Yalnız ABŞ rəsmiləri özlərinin hisslərini cilovlaya bildilər – bu ölkənin prezidenti ənənəvi müraciətində “soyqırım” sözü olmadan keçindi, hansısa yüksək çinli ABŞ rəsmisi İrəvana yollanmadı…

Amma siyasətin əqrəbləri birdən-birə tamam tərsinə dönə də bilməzdi. Elə bu səbəbdən də V.Putinin Yerevana səfəri iki yüz illik imperiya siyasətinin məntiqi nəticəsi, həm də davamı idi. Başqa cür ola da bilməzdi…

Amma bir nüans var. Rusiyada Ermənistanı əvvəlkindən fərqli, başqa istiqamətdə başa düşmək meylləri də hiss olunur. Ölkə sanki Ermənistan adlı dövlətin bundan sonra ona lazım olub-olmayacağını çək-çevir etmək ərəfəsindədir…

Təbii ki, öz mülahizələrimizlə tələsik nəticələrə rəvac vermək istəməzdik. Amma siyasətdə əbədi dostlar və düşmənlər olmur. Rusiya siyasətçilərindən biri bir dəfə Yerevanda bəyan etdi ki, Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur…

Amma gəlin düşünək. Tutaq ki, Ermənistan forpostdur. Amma kimə qarşı? Bu regionda indi Rusiyanın potensial və real rəqibi qalıbmı?

Əvvəllər Rusiya burada İranı və Türkiyəni rəqib kimi görürdü. Amma indi bu iki dövlətin hər ikisi yalnız bircə şeyin arzusundadır: Rusiya ilə normal əməkdaşlıq etmək… Ola bilsin, Türkiyənin NATO üzvü olması, onun ABŞ-a yaxınlığı Rusiyanı bir qədər çəkindirir. Amma Türkiyə dəfələrlə nümayiş etdirib ki, heç də Qərbin hərbi orkestrində passiv ifaçı olmaq niyyətində deyil, ölkə öz siyasətini özü götür-qoy edir və özü də qərar qəbul edir…

Bəlkə də Rusiya İrandakı dini rejimdən, onun öz müsəlman əhalisinə təsir edə bilməsindən ehtiyat edir. Amma İran Rusiyaya qarşı tamam neytraldır…

Düzdür, heç kim deyə bilməz ki, Rusiyanın türk və müsəlman xalqları heç bir halda Türkiyəyə və ya İrana tərəf boylanmayacaqlar. Bunu birmənalı şəkildə iddia etmək çətindir. Amma indiki reallıq budur ki, nə İran, nə də Türkiyə hər hansı formada Rusiyada etnik və dini separatizmə dəstək vermir…

Təbii ki, generalları inandırmaq elə də asan deyil. Bədbəxtlikdən də Rusiyanın milli təhlükəsizlik konsepsiyasını və hərbi doktrinasını onlar cızırlar…

Sözsüz ki, onlar bölgədə dini radikalizm tendensiyalarını da nəzərə alırlar, milli və etnik separatizm proseslərini də… Hələ mən narkotiklərin və qaçaqmalçılığın, silah alverinin müxtəlif təzahürlərini demirəm. Fəqət, bütün bunların qarşısnda sədd çəkmək istəsən, gərək, dünyanın hər bir yerində özünün və müttəfiqlərinin hərbi bazalarını yerləşdirəsən… Bu günün Rusiyası buna qadirdirmi? Onun buna gücü çatarmı?…

Keçək əsas məsələyə – Azərbaycana və Ermənistana… Bəlkə də Ermənistan öz davranışı ilə Rusiyaya Azərbaycanı müəyyən çevrədə saxlamağa, onu müəyyən qədər idarə olunan hala salmağa kömək edir. Bəli, bu vaxta qədər bu, elə belə də olub – Rusiyanın Azərbaycanı “sahmanlayan” əli Ermənistandan keçib…
Amma dünya dəyişir. Heç nə öz yerində qalmır. Ona görə də düşünürsən ki, o nədir ki, onu Rusiyaya rəsmi Bakının özü yox, Ermənistan təkilf edir? Dərin və ətraflı düşünəndə görürsən ki, Rusiyanı daha çox narahat edən NATO-nun və AB-nin bölgəyə potensial gəlişidir. Amma rəsmi Bakı onları bura gətirmək istəyirmi? Əsla. Ən azı indiki hakimiyyətin belə planları yoxdur…
O ki qaldı digər məsələlərə, onlar artıq əvvəlki kimi ehtiyatlandırmır – Rusiya Azərbaycanın müstəqilliyi ilə hesablaşır və onun da mövqelərini nəzərə almağa cəhd edir. Demirik ki, bu, tamam ideal şəkildə cərəyan edir. Yox, hər yerdə olduğu kimi, burada da problemlər var, özü də az deyil, amma onlar həll edilə bilinəndir…
Sadəcə, Rusiyanın siyasətində həmişə bir şey çatmayıb. O şey ki, o, müasir və inkişaf edən Qərbin siyasətinin əsasını təşkil edir. Onun adı praqmatizmdir və Cənubi Qafqazdakı Rusiya siyasətində çatışmayan əsas cəhət məhz odur…
Ona görə də məhz praqmatizm baxımından bir suala cavab verməyin deyəsən əsl vaxtıdır: Ermənistan Rusiyaya lazımdırmı?..

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button