Siyasət

Hərb, yoxsa sülh: Qarabağla bağlı seçim anı yaxınlaşır

Hərb, yoxsa sülh: Qarabağla bağlı seçim anı yaxınlaşır
Beynəlxalq Böhran Qrupu: “Bölgədə təsadüfi müharibə ehtimalı artıb”; sülh prosesindəki uzunmüddətli pauzanın əsas səbəbi bəlli oldu; Azərbaycan prezidenti İlham Əliyev: “Ermənistan elə bir təxribata əl atdı ki…”(gündəm)
“Qarabağ münaqişəsinin həllinin uzanması birbaşa Ermənistandan asılıdır. Rəsmi İrəvan Azərbaycanın bölgədə gündən-günə gücləndiyini görüb, bu münaqişənin tez bir zamanda həllinə yardımçı olmalıdır”. Bu sözləri Türkiyənin eks-prezidenti Abdulla Gül ötən həftəsonu Bakıda verdiyi müsahibədə demişdi.

O, həmçinin Qarabağ konfliktinin həllində beynəlxalq vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymamış, qurumu ikili standart yanaşması nümayiş etdirməkdə qınamışdı. “Minsk Qrupunun sədrliyində yer alan Rusiya və Fransa liderləri Ermənistanda idi. Belə olan halda bu qrupa necə etibar edilə bilər”, – deyə eks-prezident haqlı sual etmişdi.

Abdulla Gül onu da xüsusi vurğulamışdı ki, konfliktin həllinin bunca uzanması çox təhlükəlidir. “Özəlliklə bu münaqişənin həllinin iki yolu var. Dünya praktikasına nəzər yetirsək görərik ki, buna bənzər münaqişələr ya müharibə, ya da siyasi yolla həll olunur”, – əlavə eləmişdi Gül.

* * *
Əfsuslar olsun ki, dinc nizamlama prosesinin üçüncü on ildir səmərə verməməsi müharibə variantını aybaay artırır. Danışıqların perspektivinə və “münaqişənin uzanmasının Ermənistandan asılı olmasına” gəlincə, fakt budur ki, Ermənistan öz ixtiyarını çoxdan Rusiyaya verib. İşğalçı ölkə Putinin SSRİ-ni bərpa layihəsi kimi ortaya atdığı Avrasiya Birliyinə daxil olmaqla Qarabağ məsələsində olan-qalan müstəqilliyini, iradəsini də artıq itirib.
Görün, vəziyyət nə yerdədir ki, Rusiya prezidenti 24 aprel İrəvana səfərinin şərti kimi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın mərasimə qatılmasına qadağa qoyur və buna asanlıqla nail olur. Bu faktın özü Kremlin İrəvan və Xankəndi üzərində diktəsini, hökmünü bir daha qabarıq şəkildə nümayiş etdirir.

Demək, Rusiya amili neytrallaşdırılmayınca və ya təsirsiz hala gətirilməyincə, İrəvanın müstəqil söz sahibliyindən danışmaq absurddur. Buna kimi isə Ermənistanın əvəzinə Rusiya ilə danışmaq lazım olacaq. İşğalçı tərəf indi heç vaxt olmadığı qədər etimada layiq deyil. Belə bir tərəflə anlaşmanın siyasi əhəmiyyəti də ola bilməz.

Bunu indi Minsk Qrupunun üçüncü həmsədri – ABŞ-da da kifayət qədər aydın şəkildə başa düşürlər. Məsələn, ABŞ Atlantika Şurasının böyük elmi əməkdaşı, Beynəlxalq Böhran Qrupunun Avrasiya proqramları üzrə direktoru Sabina Freyzer hesab edir ki, Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı danışıqları sona çatdırmaqda ikən qəflətən Avrasiya Birliyinə qoşulmaq qərarı verməklə Qərbdə məyusluq yaratmaqla yanaşı, özünü etibarlı tərəfdaş kimi gözdən salıb.

* * *
Beləcə, Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə Rusiyanın Qarabağ məsələsində söz sahibliyi və rolu da güclənmiş olub. Moskva isə münaqişənin həllində bəlli səbəblərdən maraqlı deyil – nə Azərbaycanın, nə də hətta öz forpostu Ermənistanın xeyrinə. Status-kvo qaldıqca isə müharibə riskləri artır. Çünki münaqişə zonasında qeyri-müəyyən durum, Dağlıq Qarabağın beynəlxalq nəzarətdən kənarda, Azərbaycan ərazilərinin isə işğal altında qalması on illərlə davam edə bilməz.

Bəs sülh prosesi doğrudanmı perspektivsiz yol, müharibə variantı isə qaçılmazdır?

Bu xüsusda Latviyanın sabiq prezidenti Valdis Zatlerin fikirləri diqqətçəkicidir. Onun qənaətincə, dünya Rusiya-Ukrayna müharibəsindən sonra artıq dəyişib: “Biz yeni reallıqları qəbul eləməliyik. Minsk Qrupu artıq iflas olub. Yeni vasitələr axtarmaq lazımdır. Minsk Qrupu haqda danışmaq yetər, çünki o, hər hansı müsbət nəticə əldə eləmək gücündə deyil. Heç bir uğur əldə olunmayacaq. Rusiya bu münaqişənin həllində maraqlı deyil. Biz öz müstəqilliyimizi 50 il gözlədik. Biz imkan verməməliyik ki, kimsə yalnız güclü olduğu üçün bizim torpaqlarımızı işğal eləsin. Dağlıq Qarabağ probleminin həllinə hər gün hazırlaşmaq lazımdır. Kiminsə konflikti sizin əvəzinizə həll edəcəyinə ümid eləməyin”.

Elə ona görə də Azərbaycan öz iqtisadi-hərbi qüdrətini artırmağa xüsusi diqqət verir və verəcək. Hərbi üstünlük isə təkcə uğurlu əməliyyatlar üçün vacib deyil. Eyni zamanda danışıqlarında düşməni daha üzüyola eləmək, sülh masası arxasında daha güvənli mövqeyə sahiblənmək deməkdir. Təbii ki, Bakı paralel surətdə Qarabağ müzakirələrini də davam etdirmək fikrindədir – bu danışıqlar 22 ildir ciddi nəticəyə gətirməsə də…

* * *

Bu arada Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24\” telekanalına müsahibəsində faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlər zamanı Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün planlaşdırılmadığını deyib. Sitat: ”Bu dövr üçün təmaslarımız planlaşdırılmayıb. Ötən il Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə görüşlərimiz olub, sonra payızda ABŞ dövlət katibi Con Kerri, ardından Fransa prezidenti Fransua Ollandın təşkil etdiyi görüşlərdə bizə elə gəlirdi ki, irəliyə doğru hərəkət edə bilərik, lakin təmas xəttində gərginliyin azaldılması ilə bağlı razılıq əldə etdiyimiz Paris görüşündən 2 həftədən də az bir müddət sonra Ermənistan onların hesablamalarına görə, 47 min hərbçinin iştirakı ilə işğal edilmiş Ağdam rayonunda genişmiqyaslı təlimlər təşkil etdi\”.

Dövlət başçısı qeyd edib ki, bu, danışıqlar prosesinin pozulmasına yönəldilmiş aşkar təxribat olub. “Biz bir neçə gün təmkinlik göstərdik və buna reaksiya verməmək əmri verilmişdi, çünki hesab edirdik ki, gərginliyi azaltmaq lazımdır, lakin düşmən ”Mi-24\” hərbi helikopterləri ilə mövqelərimizə hücum etmək cəhdləri göstərdi və tərəfimizdən görülən cavab tədbirləri nəticəsində helikopterlərdən biri məhv edildi. Və bu, erməni tərəfinə Azərbaycanı təxribatlarda ittiham etməyə imkan verdi və bununla da bu hadisənin baş verdiyi noyabrdan etibarən bu günədək heç bir təmasımız yoxdur. Axı təlimləri Ermənistan ərazisində deyil, Ağdam rayonunda keçirən biz deyildik. Buna görə də bu, bizi bir daha əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişməməsinə istiqamətlənib. Hərçənd Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Deməli bu nə deməkdir? Deməli işğalın dayandırılması prosesi başlanılmalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və buna görə də hər yolla danışıqlar prosesinə mane olur. Yəni ötən ilin noyabrından və artıq aprelin sonudur, aramızda heç bir təmas yoxdur. Və nə vaxt olacağı barədə heç nə deyə bilmərik\”.

* * *
Beləliklə, yenə o məqama qayıtmaq lazım gəlir ki, sülh anlaşmasının uzanması ilk növbədə müharibə ehtimalının güclənməsinə işləyir, münaqişə zonasında əməliyyatların bərpası riskİni artırır. Amerikalı politoloq Sabina Freyzer də hesab edir ki, təmas xəttindəki son ilyarımlıq olaylar nəticəsində Qarabağ konflikti zonasında “təsadüfi müharibə” ehtimalı artıb.
“Azərbaycan bir və ya bir neçə” supergücdən “xeyir-dua” almadan genişmiqyaslı hərbi əməliyyatlara gedərmi\” sualına ekspert belə cavab verib: “Mən inanmıram ki, Azərbaycan və ya Ermənistan münaqişə zonasında geniş miqyaslı əməliyyatlar planlaşdırır. Ancaq mən ondan narahatam ki, ”təsadüfi müharibə\” ehtimalı artmaqdadır. Onun total müharibəyə keçməsi regional dövlətlərin razılığı olmadan da baş verə bilər\”.

Freyzer 1994-cü ildən sonrakı atəşkəs dövründə münaqişə tərəfləri arasında inam-etimadın ən aşağı səviyyədə olduğunu xüsusi qeyd edib.

Bu etimadı yaratmağın, münaqişə zonasında yeni və qat-qat dağıdıcı müharibədən qaçmağın yolu isə bəlli – Ermənistan vaxt itirmədən Azərbaycan ərazilərini boşaltmağa özündə iradə tapmalıdır.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button