Siyasət

Qərb Azərbaycan müxalifətini “reanimasiyadan” çıxarır

Qərb Azərbaycan müxalifətini “reanimasiyadan” çıxarır
Britaniya XİN-in rəsmisinin Bakıda keçirdiyi görüşə YAP-dan sərt reaksiya verilməsinin səbəbi nədir?
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynzinin bir neçə gün öncə Britaniyanın Bakıdakı səfirliyində Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və REAL-ın icra katibi Natiq Cəfərli ilə görüşməsinə hakim Yeni Azərbaycan Partiyasından sərt reaksiya verilib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hafta.az-a açıqlamasında deyib ki, Britaniya XİN rəsmisinin Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar ilə məhdud çərçivədə görüş keçirməsini düzgün hesab etmir.

S.Novruzov bildirib ki, görüş daha geniş formatda keçirilsəydi, daha məqsədəuyğun olardı: “Əslində gərək ölkədə olan bütün siyasi partiyalar ilə görüşlər keçirilsin və o halda bu normal hal kimi qarşılana bilər. Lakin ayrı-seçkilik qoymaq, bir partiya və yaxud da ki, bir qeyri-hökumət təşkilatı ilə görüş keçirdib, o biri partiyalar və QHT-lər ilə heç bir görüş keçirməmək, təbii ki, şübhə doğurur”.

Politoloq Ərəstun Oruclu isə hesab edir ki, hansısa xarici ölkənin təmsilçisinin öz ölkəsinin səfirliyində hansısa siyasətçi ilə görüşməsinə bu şəkildə reaksiya verilməsi diplomatik qaydalara ziddir: “Kiminlə görüşməyi dəvət eləyən tərəf müəyyənləşdirir. Mən düşünmürəm ki, Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycanda dövlət qurumlarının da nümayəndələri ilə görüşməmiş olsun. Böyük Britaniya Azərbaycanın böyük enerji və siyasi partnyorudur. Təbii ki, Britaniyaya maraqlıdır ki, Azərbaycanda real situasiyanı bilsin. Görüşlərə kimlərin dəvət edilməsi isə subyektiv əsaslarla müəyyən olunur. Bütün bu görüşlər formatına şəbəkə qurmaq deyirlər. Yəni bütün spektrlə görüşmək və görüşlərdən çıxan nəticələr əsasında bir ümumi fikir formalaşdırmaq”.

Bir sıra siyasi təhlilçilər isə hesab edir ki, Böyük Britaniyanın XİN rəsmisinin Azərbaycan iqtidarı ilə Qərb arasında gərginliyin artdığı vaxtda Bakıya gəlib hakimiyyətə rəqib olan partiyaların rəhbərləri ilə görüşməsi təsadüfi deyil. Bu addım Britaniyanın Azərbaycanda real müxalifət olaraq məhz sözügedən təşkilatları qəbul etməsini və hakimiyyətə rəqib olan qüvvələri “reanimasiyadan” çıxarmaq istəyini göstərir.

Ekspertlər diqqəti Azərbaycan iqtidarı ilə ABŞ, Avropa Birliyi münasibətlərindəki getdikcə soyuqlaşmaya çəkirlər və qeyd edirlər ki, bu soyuqlaşmanın artması fonunda iqtidara real müxalifətə tədricən marağın artacağı barədə proqnozlar gerçəkliyə çevrilməkdədir. Britaniya rəsmisinin Müsavat başqanı, AXCP sədri və lideri həbsdə olan REAL-ın təmsilçisi ilə görüşüb müzakirələr aparmasını müxalifətin bundan sonrakı mərhələdə dirçəldilməsi planının işartısı kimi qiymətləndirmək mümkündür.
(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button