Siyasət

Ağ Ev kürd dövlətinə “yaşıl işıq” yandırmadı

Ağ Ev kürd dövlətinə “yaşıl işıq” yandırmadı
Yaxın Şərqdə kürd dövlətinin yaradılması mövzusu növbəti dəfə Vaşinqtonda ən yüksək səviyyədə müzakirə olunub. ABŞ paytaxtında səfərdə olan İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani Vaşinqtonda prezident Barak Obama və vitse-prezident Cozef Baydenin iştirak etdiyi heyətlə görüşərək, müzakirələr aparıb.

“əl-Cəzirə” telekanalının məlumatına görə, Ağ Evdən yayılan açıqlamada ABŞ hökumətinin bütöv, fərqli icmaların marağına ən uyğun variant olaraq, bütün tərəflərin iştirak etdiyi bir idarəçilik sisteminin formalaşdığı İraqın tərəfdarı olduğu qeyd edilir: “İraq Konstitusiyasında da göstərildiyi kimi, birləşmiş, federal və demokratik bir İraqı dəstəkləyirik”.

Qeyd edək ki, daha əvvəl kürd liderlər ABŞ-ın müstəqil kürd dövlətinin yaradılması məsələsinə normal yanaşdığını bildirsələr də, Ağ Ev heyətlər arasındakı bu görüşdən sonra qəti mövqeyini elan edib. Ağ Evdən verilən açıqlamada İraqdakı fərqli qruplar arasında İŞİD-ə qarşı mübarizədə vahid koordinasiyanın təmin olunduğu və əməkdaşlığın uğurlu olduğu qeyd edilir.

Onu da qeyd edək ki, İraqın işğalından sonra bu ölkənin şimalındakı kürd muxtariyyətinin mövqeləri xeyli dərəcədə güclənib. Məsud Bərzaninin rəhbərlik etdiyi kürd muxtariyyəti faktiki olaraq, Bağdadla hesablaşmır, neft ticarətini müstəqil həyata keçirir, öz ordusuna (peşmərgə) sahibdir və daxildə ciddi müstəqilliyə nail olub. Ötən ilin iyununda İŞİD-in Mosulu ələ keçirməsindən sonra İraq ordusunun şimaldakı hissələri pərakəndə duruma düşüb və kürd bölgələrinə yaxın ərazilər, o cümlədən, strateji əhəmiyyətli Kərkükə nəzarət kürd peşmərgələrinin əlinə keçib.

Məhz bu dövrdən sonra kürdlərin müstəqillik yollarının açılması ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Kürdlər isə Kərkükə iddialıdır və bu mövzuda, ümumiyyətlə kürdlərin faktiki olaraq, Bağdada tabe olmaması məsələsində hazırda Ərbil və Bağdad arasında gərginlik davam edir.

Doğrudur, ötən ilin sentyabrında İraqda yeni hökumətin qurulması, eyni zamanda İŞİD təhlükəsi kürdləri Bağdadla yaxınlaşdırsa da, Bərzani yaranmış fürsətdən istifadə etməyə çalışır. Ötən ilin dekabrında Bərzani bildirib ki, İŞİD-in hücumlarına baxmayaraq, referendum və müstəqillik fəaliyyətlərini dayandırmayacaqlar: “Yüz, hətta min İŞİD gəlsə belə, Kürdüstanın müstəqilliyi və referendum prosesi davam edəcək”.

M.Bərzaninin Vaşinqtona səfər edib, yüksək səviyyəli görüşlər keçirməsi İraqdakı vəziyyətlə yanaşı, kürdlərin gələcək taleyi ilə bağlı bölgəyə verilən mesajdır. Əlbəttə, aydın məsələdir ki, Vaşinqtonda bağlı qapılar arasında ötən 100 il ərzində olduğu kimi, kürdlərə hansısa vədlər, dəstək verilib. Lakin həmçinin Vaşinqton kürd məsələsi ilə bağlı qəti mövqeyini də ortaya qoymaqla, bütün tərəflərə aydın mesaj verib.

Aydın olur ki, Vaşinqton hazırda kürd dövlətinin yaradılmasına razı olmayacaq və İraqın daxili problemlərini həll edərək, daha da güclənməsində maraqlıdır. Məsələ burasındadır ki, Vaşinqton indiki durumda ərəb ölkələrində separatizmin güclənməsinə səbəb olacaq addımlardan çəkinir.

Çünki İŞİD nümunəsi göstərdi ki, vəziyyət çox tez nəzarətdən çıxa və onsuz da kövrək olan sərhədlər dəyişə bilər. Buna isə bütövlükdə bölgə ölkələri tab gətirə bilməzlər.

İndi daha optimal yol mövcud dövlətlərin daha da gücləndirilməsi, daxili təhlükəsizliyin möhkəmləndirilməsi və islamçı terror qruplarının fəaliyyət imkanlarını aşağı salmaqdır. Bu məsələ hətta Suriya prezidenti Bəşər Əsədə belə, göz yummağa əsas verir. Bu mənada, görünür ki, Vaşinqtonda kürdlərə müstəqillik arzularını bir müddət kənara qoymaq tövsiyə olunub (musavat.com).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button