Siyasət

““Qancıq” sözündə iyrənc olan heç nə yoxdur” – Etibar Əliyevlə MÜSAHİBƏ

Millət vəkili Etibar Əliyevin müsahibəsi:

– Etibar bəy, sizin sosial şəbəkədəki paylaşımlarınız xeyli müzakirə olunur. Son yazdığınız statusdakı “ala qancıq” ifadəsindən sonra sizin haqqınızda təhqirlərin ardı-arası kəsilmir. Sizə qarşı olan bu münasibət nədən irəli gəlir?

– Gerçək “Facebook” izləyiciləri bilirlər ki, bu platformada bir neçə nəfər maraqlı statuslar yazır. Heç kim inciməsin, mən faydalı paylaşımlar edən çox az adama rast gəlirəm. Xeyli sayda insanlar söz güləşdirmək, təhrifçilik və böhtanla məşğul olurlar.

Məsələn, savadsız adamlar aforizmlər yazırlar, adamın gözünün qarşısında yazılan mətnləri həyasızcasına, utanmadan təhrif edirlər. Mən el deyimi olan “ala qancıq tayadan düşməmiş” ifadəsini vaxt ölçüsü kimi işlətmişəm. Vaxtilə bu ifadəni xeyli adam işlədib. Rəhmətlik Əlövsət Osmanlı bu ifadəni yazılarında işlədirdi. Yazırlar ki, “bizi niyə təhqir edirsən?”. Mətanət Ələsgərqızı deyə  biri var, ağzına gələni yazır, amma mən “ala qancıq tayadan düşməmiş” yazıram, deyir ki, “məni niyə təhqir edirsən?”.

Bu axmaqların biri “Google”da axtarış verib sözün mənasına baxmır, çünki savad yoxdur. Mən yazıram ki, bu tip adamlar qarşısında bizim öhdəliyimiz yoxdur, hansı ki, bizi təhdid edirlər. Mən orada qaragüruhçuları, yerli-yersiz təhqir işlədənləri deyirəm, onlarsa deyir ki, Etibar Əliyev seçiciləri nəzərdə tutur. Belə bir şey yoxdur. Bu tip adamlar sanki haradasa kurs keçiblər.

Açıq-aşkar görünür ki, həmin adamları kimsə zorla bu platformaya cəlb edib. Məqsəd oranı murdarlamaqdır. Tək bu deyil, bundan əvvəl də mənə qarşı belə hallar olub. Məsələn, mən bundan öncə “hərbçilərin əmək haqqını qaldırmağa ehtiyac yoxdur”- deyə bir ifadə işlətməmişdim. Ümumiyyətlə, bu mövzuda Parlamentdə danışmamışdım, amma şəklimi götürdülər, altına bu ifadəni yazıb paylaşdılar.

Bu Parlamentə, spikerə qarşı düşünülmüş, planlanmış hərəkətlərddir. Spikerin İranda qaldırdığı ciddi məsələlər oldu: Xocalı ilə, Zəngəzurla bağlı məslələr oldu, lakin bunu bir adam belə demədi. Hamı böhtan atdı ki, protokol qaydası pozulub, tərbiyəsizcəsinə xanımın geyimini gündəmə gətirdilər. Mən açıq şəkildə deyirəm, bu məqsədli şəkildə təşkil olunmuş hərəkətlərdir, həmin adamlar idarə olunurlar, istəyirlər ki, Parlamenti, onun üzvlərini gözdən salsınlar.

Mənim indiyə qədər 10-a yaxın yazımdakı ifadələr təhrif olunub. Mən zarafatyana dostlarıma “vicdansız” yazıram, götürüb şəklimlə bir yerdə bunu paylaşırlar, yazırlar ki, “Etibar Əliyev Azərbaycan xalqını təhqir edir”.  Bu cür nadanlıq, böhtanlar adi hal kimi qəbul olunmamalıdır. Bu düşünülmüş, idarə olunan hərəkətlərdir. Düşünürəm ki, Parlamenti və onun rəhbərliyini gözdən salmaq üçün atılmış addımlardır.

– Yəni bunun planlı şəkildə təşkil olunması haqda sizdə informasiya varmı? Varsa, kim tərəfindən, hansı məqsədlə edilir?

– Bilirsiniz, bütün bunlar parlamenti gözdən salmaq üçün edilir. Elnur Allahverdiyevə, Mahir Abbaszadəyə qarşı da eyni münasibət olmuşdu. Yazdılar ki, guya Mahir Abbaszadə spirtli içki içib, sonra şəhid bulağından su içib. Elə bir şey olmamışdı, həmin vaxt Mahir bəy boğazından əməliyyat olunmuşdu. Yaxud Vüqar İsgəndərovun diplomunun saxta olması ilə bağlı iddialar ortaya atıldı və s.

Bütün bu böhtanlar ildırım sürətilə yayılır, ortaya elə adamlar çıxır ki… Bu kampaniyanı aparanların böyük qismi dövlətdən faydalanan adamlardırlar. “Facebook”a baxsanız görəcəksiniz ki, bu kampaniyanı aparanların böyük kəsimi elə onlardırlar. Məsələn, Bəxtiyar Hacıyevin, Heydər Oğuzun işi, peşəsi səhifə güdməkdir. Amma bu məsələdə dövlətdən daima faydalanan, ev alanlar ortaya düşdü. Təhrif olunmuş mətnin yayılmasında xüsusi rol oynadılar. Yazdığım mətn açıq şəkildə təhrif olunub. Sevil Gültən çox yaxşı dilçidir, o dəfələrlə yazdı ki, burada heç bir təhqir yoxdur. Çıxıb durmadan yazırlar ki, “bizi niyə təhqir edirsən?”, bu, nadanlıqdır.

– Etibar bəy, düşünmürsünüz ki, yazdığınız “ala qancıq” ifadəsi kimi iyrənc bir söz  ziyalıya, deputata yaraşan ifadə deyil?

– Burada nə var ki? Qancıq sözü Azərbaycan dilinin izahlı lüğətində var. Burada iyrənc olan heç nə yoxdur. Onu sosial həyata daxil edəndə iyrəncdir, amma mətndə istifadə edilməsində pis heç nə yoxdur. “Google”a “ala qancıq tayadan enəndə” yazanda “en” qədər mətn çıxır, orada görə bilərsiniz ki, nə qədər ciddi şəxs indiyə kimi bu ifadədən yazılarında istifadə edib. Burada nə var ki?!

– Amma lüğətdə çox söz ola bilər… 

– Ədəbiyyatda elə metaforalar işlənilir ki, adam oxuyanda təəccüb edir ki, görəsən, yazıçı bu ifadəni niyə işlədib? Söhbət ondan gedir ki, sanki “Facebook”da deputatları izləyirlər, gözləyirlər ki, görək bu adam harada səhv edəcək, statuslarına lupa ilə baxırlar ki, görsülər nə yazıblar. Mən yazmışam ki, statusumu anlamayanlar savadsız adamlardır, çünki mənası ilə maraqlanmayıblar. Əxlaqsızı da ona görə yazmışam ki, bilib-bilmədən təhqirlər yağdırırdılar. Söyüş söyən adama əxlaqsız deməyəsən, bəs nə deyəsən?!

– Bir müddət əvvəl “Facebook” profilinizdəki aktivlikdən gileylənərək, şərh yazmayan, fikir bildirməyənləri dostluq siyahısından siləcəyinizi yazmışdınız. Lain son günlər demək olar ki, yazdığınız hər post gündəmə çevrilir. Bu aktivlikdən razısınızmı?

– “Facebook”da xeyli aktiv deputat, yazıçı var. Mən istəyirəm ki, “Facebook” maraqlı  platforma olsun. İstəyirəm ki, hətta orada hər dəfə görüntü ilə onlarla kitabın təqdimatını edim. Cavanlar üçün, yuxarı sinif şagirdləri üçün maraqlı, faydalı nələrsə edim. Amma məsələ burasındadır ki, bilərəkdən,  təhrif etməklə, söyüşlərlə, müxtəlif vasitələrlə insanları yayındırırlar. Jurnalistlərin evi məsələsində bu işi təşkil edənlər özləri qorxdular. Mən istəmərəm ki, hansısa kasıb jurnalist evsiz qalsın. Sadəcə onu demək istəyirdim ki, indiyə qədər niyə səs qaldırılmayıb ki, filankəs 3-4 ev alıb. Orada bir jurnalist var, 110 minə evini satıb, indi də yaxasını cırır. Sən evi satmısan, Cənab Prezidentin hədiyyəsini satmısan… Bu məsələnin taleyi necə olacaq hələ bilinmir, amma düşünürəm ki, binanın taleyi də yaxşı olacaq.

– Bəs sizcə, qanunsuz əldə edilən mənzillərin taleyi necə olmalıdır?

Çox ciddi baxış keçirilməlidir. Və qanunsuz alınan mənzillərin taleyi barədə qərar qəbul edilməlidir. (yenisabah.az)

Loading...
reklam...

Bənzər Yazılar

1 şərh

  1. DİNDİRƏN ƏSRİMİZƏ DİNMƏLİYİZ
    TƏK GƏLƏN SƏBRƏ DƏ DİKSİNMƏYİRİZ
    ƏCNIƏBİ MARSA RAKETLƏRLƏ UÇUR
    KAÇIMIZ EYRİPLAN MİNMƏMİŞİZ
    ÖLKƏNİ TALAN EDİR DƏMDƏKİLƏR
    BİZİ GÖMDÜ YERƏ MMdəkilər!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button