Siyasət

Bakı Ankaranın imtina etdiyi Moskva paradına qatılmalıdırmı?

Bakı Ankaranın imtina etdiyi Moskva paradına qatılmalıdırmı?
Mehman Əliyev: “Ərdoğanın imtinasının birbaşa “soyqırım” məsələsinə cavab olduğunu düşünmürəm”; Zahid Oruc: “9 may həm də bizim qələbəmizdir”
Rusiya prezidenti Vladimir Putinin 24 aprel günü Türkiyədəki Çanaqqala törənlərində deyil, İrəvandakı saxta “soyqırım” şoualarına qatılmasına və səsləndirdiyi bəyanata Ankaranın nümayiş etdirdiyi sərt münasibətin davamı gəlməkdədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskvadakı parada dəvətdən imtinası Putinə növbəti cavab addımı sayılır.

Məlumdur ki, 9 may tədbirlərində iştirak edəcək ölkələr arasında Azərbaycan da var. Üstəlik, bizim hərbçilər də parada qatılacaq. Qeyd edək ki, bir qayda olaraq ümummilli maraqlar baxımından Ankara və Bakı öz addımlarını və fəaliyyətini koordinasiyalı şəkildə həyata keçirir. Bəs bu dəfə?

“Turan” agentliyinin direktoru Mehman Əliyev Azərbaycan prezidentinin Moskva paradında iştirakını tamamilə məntiqli sayır: “Söhbət 2-ci Dünya müharibəsindən gedirsə, o zaman Türkiyə Almaniyanın müttəfiqi olub. Düzdür, Türkiyə vəziyyətin yaxşı olmadığını görəndən sonra həmin müharibəyə girmədi, ancaq hər halda, Almaniyanın müttəfiqi elan olunmuşdu. Müharibə bitəndən sonra Stalinin Türkiyəni işğal etməklə bağlı planı var idi. O, buna hazır idi. Professor Cəmil Həsənlinin də bununla bağlı yaxşı bir kitabı var. Orda göstərir ki, işğal üçün bütün hazırlıqlar var idi, lakin amerikanlar nüvə silahı ilə hədələdilər, ona görə Stalin əməliyyatı dayandırdı. Özü də Türkiyə üzərində əməliyyatı Baqramyan həyata keçirməli idi. Azərbaycan isə Sovetlər Birliyinin tərkibində Almaniyaya qarşı vuruşub. Ona görə də əlbəttə ki, Ərdoğan Moskvaya gedib Putinlə yanaşı durmaqda maraqlı deyil. Məncə, Azərbaycan və Türkiyə tərəfi bu fərqi başa düşür”.

M.Əliyev Ərdoğanın Moskvaya getməkdən imtinasının birbaşa “soyqırım” məsələsinə cavab olduğunu zənn etmir: “Burda ”soyqırım\” məsələsini daha çox bəhanə hesab edirəm. Əslində məsələ daha dərindir. Baxmayaraq ki, Rusiya ilə Türkiyə arasında normal münasibətlər var. Ancaq əsrlər boyu düşmənçilik mövqeləri də müşahidə olunub. O cümlədən Krımla bağlı hadisələri götürək. Türkiyə Krıma vaxtilə öz ərazisi olan məmləkət kimi baxır. Bu gün Krım tatarlarının hüquqlarının pozulması da faktdır. Deməli, Ərdoğanın imtina barədə qərar verməsində daha dərin məsələlər var\”.

Deputat Zahid Oruc isə hesab edir ki, Rusiya və Türkiyə münasibətlərinin 24 apreldən sonra köklü şəkildə pozulduğunu iddia edənlər yanılır: “Çünki Putinin prezidentin rəsmi saytı üzərindən yaydığı bəyanatla onun İrəvana səfərinin həqiqi səbəbləri və oradakı davranışları arasında bərabərlik işarəsi qoyulmamalıdır. Əslində iki dövlətin Ukrayna münaqişəsindən sonra daha da yaxınlaşmasını istəməyən qüvvələr, o cümlədən Ermənistan son hadisələri daha çox dramatikləşdirməyə çalışır və Qərbin poza bilmədiyi Rusiya-Türkiyə alyansının az qala ”erməni məsələsi\”nə görə iflasa uğradığını iddia edirlər. Putin Ermənistana antitürk planları naminə getməmişdi və bunu 100 illik matəmin qeydiyyatına toplaşanlar da bütün çılpaqlığı ilə gördülər. Humanitar amilləri və emosional ovqatı kənara qoysaq, onda son illərdə güclənmiş antü-Rusiya ovqatı hesabına itirilmək təhlükəsi qarşısında olan İrəvanın həqiqi sahibinin kim olduğunu nümayiş etdirmək naminə belə səfərin gerçəkləşdirildiyini söyləmək daha düzgün olardı\”.

Z.Oruc xatırlatdı ki, Putin nəinki “soyqırım” kəlməsini işlətmədi, eləcə də rusofobiyadan danışmaqla onunla bir sırada dayanmış Ollandın təmsil etdiyi Qərbin yürütdüyü siyasəti pisləməyə gəldiyini açıqca bəyan etdi: “Ortada bir xalqın kədəri üzərindən dünyaya verilən mesaj rus rəhbərinin Türkiyə ilə münasibətləri pozmaq istəmədiyini, lakin Qafqazdakı mühüm dayağından da imtina etməyəcəyini bildirmək idi. Ona görə Ərdoğanın ilk qəzəbli reaksiyası ilə sonrakı davranışlarının dəyişməsi daha məqsədəuyğun olardı. Amma görünür, məsələ təkcə Türkiyənin Moskvaya qarşı kinli qalmasından ibarət deyil. Ankara indi həm də Qərbin siyasi müttəfiqi olduğunu göstərməyə çalışır, qoşulmadığı iqtisadi sanksiyaların əvəzini NATO-dakı müttəfiqlərinə belə siyasi gedişlərlə qaytarır. Lakin bu, çox kiçik səbəbdir. AKP hökumətinin son anti-Rusiya demarşı qazın qiymətində anlaşmaya gəlməyən Moskvanı güzəştə məcbur etmək, ”türk axını\” layihəsinin iflasa uğrayacağı təqdirdə artıq hər bir istiqamətdən zərbə almış Rusiyanın müttəfiqlərinin daha da azaldığını göstərmək və beləliklə, Putindən Türkiyə ilə əməkdaşlığın qiymətini bilməyə onu vadar etmək planıdır\”.

Z.Oruc hesab edir ki, əslində diplomatiya üçün bunlar normal addımlardır: “Lakin ən başlıcası, 7 iyun seçkiləri qarşısında olan Türkiyədə hakim qüvvələrin ölkələrinin Avropadan qopduğunu iddia edənlərə zərbə vurmaq üçün də Rusiyaya daha güclü protestin göstərildiyi səhnəsini qurduqlarını inkar etmək mümkün deyil. Ona görə də Azərbaycan prezidentinin Moskva təntənəsinə qatılması Türkiyənin maraqlarına qətiyyən zərbə vurmur. Əksinə, ölkəmiz hər iki dövlət arasına girməyə çalışan və tarixi pozuculuq missiyasını yerinə yetirən Ermənistanın meydanını daraldır, Türkiyə ilə müttəfiqliyin dəyərini bilməyə Moskvanı təhrik edir. Bir də 9 may həm də bizim qələbəmizdir”.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button