Siyasət

Kremldən Bakıya növbəti Qarabağ şantajı

Kremldən Bakıya növbəti Qarabağ şantajıSeparatçı bölgədəki 3 may “seçkiləri” Rusiyanın ərazi bütövlüyümüzə qarşı ikili münasibətini üzə çıxarıb; bu yanaşma müharibə variantında Moskvanın özünü necə aparacağı məsələsini təzədən aktuallaşdırır

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində mayın 3-də növbəti qanunsuz “parlament seçkiləri” keçirildi. Həmin “seçkiləri” erməni lobbisinin paraları hesabına bir çox ölkələrdən tutub gətirilmiş üzdəniraq müşahidəçilər izlədilər. Ancaq bu, təkcə erməni icmasının canfəşanlığının nəticəsi deyildi. Yəni sırf maddi amildən (maraqdan) qaynaqlanmırdı.

Məsələn, “müşahidəçilər” arasında separatçı Cənubi Osetiya “parlamenti”nin spikeri Anatoli Bibilov da olub. Və o, əslində Cənubi Osetiyanı yox, Rusiyanı təmsil edib. Başqa sözlə, bilavasitə Kremlin sifarişini yerinə yetirib. Ən azı ona görə ki, 2008-ci ilin yay hərbi kampaniyasından – “5 günlük müharibə”dən sonra – Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” Moskvanın birtərəfli qaydada tanımasından, orada böyük sayda rus hərbi hissələri yerləşdirildikdən sonra bu qurumların söz sahibliyi bütünlüklə “xilaskar” ölkəyə – Rusiyaya keçib.

Beləcə, bəlli olur ki, Azərbaycan ərazisində növbəti qanunsuz seçkilərə legitimlik donu geydirməkdən ötrü Rusiya da bacardığını edib – “müşahidəçi” qismində Gürcüstanın separatçı bölgəsinin qondarma parlamentinin spikerini Xankəndinə yollamaqla. Bundan əlavə, faktdır ki, qanunsuz seçkilərini “müşahidə eləmək” üçün Rusiyanın bəzi deputatları da separatçı bölgədə olublar və bu fakta hələ ki, rəsmi Moskvanın hər hansı qınayıcı reaksiyası olmayıb.

* * *
Bu, Moskvanın Azərbaycana münasibətdə, yumşaq desək, qeyri-dost yanaşmasıdır, lap dəqiqi, şantajdır. Çünki Rusiyanın “dobro”su olmadan nə Anatoli Bibilov, nə də Duma üzvləri aydındır ki, bu addımı ata bilməzdilər.

Gürcü ekspertlərinin məsələyə verdikləri şərhlər də eyni qənaəti təsdiqləyir. İş ondadır ki, həmin Bibilov Dağlıq Qarabağda Ermənistan parlamentinin spikeri Qalust Saakyanla görüşüb və bu fakt haqlı olaraq rəsmi Tiflisin sərt etirazına səbəb olub. Ermənistanın Gürcüstandakı səfiri XİN-ə çağırılıb, ondan izahat tələb edilib. Lakin rəsmi İrəvan bu hərəkətə hələ də arqumentli izah tapa bilməyib. Tiflis isə gözləyir.

Ancaq şübhə yox ki, bu məsələdə də İrəvan Moskvanın təlimatı ilə hərəkət edib. Yəni belə qənaət hasil olur ki, Bibilov vasitəsilə Moskva həm Azərbaycanı, həm də Gürcüstanı şantaj edib. Necə deyərlər, “bir güllə ilə iki dovşan vurub”. Fəqət, vura bilibmi?

* * *
Bəzi siyasi müşahidəçilər İrəvanın Tiflisə qarşı belə açıq de-marşını Gürcüstanın 24 aprel mərasimlərində iştirak üçün Ermənistana aşağı ranqlı nümayəndə heyəti göndərməsindən rəsmi İrəvanın narazı qalması və əvəz çıxması ilə izah edirlər (Gürcüstan 24 aprel “soyqırım” törənlərində parlament sədrinin müavini səviyyəsində təmsil olunub).

İnsidenti vesti.az-a şərh edən gürcü ekspert Gela Vasadze belə görüşlərin təsadüfi olmadığı və təxribat xarakter daşıdığını deyir: “Təxribatların müəllifi isə Kremldir. Belə görüşlər əlbəttə ki, təsadüfi baş vermir. Qafqazlıların yaxşı bir məsəli var: ”Elə et ki, nə şiş yansın, nə də kabab\”. Bax, bunu Ermənistan parlamentinin spikeri bacarmayıb\”.

Siyasi şərhçi Vasili Papava öz növbəsində görüşün Gürcüstana münasibətdə qeyri-dost addım olduğunu vurğulamaqla yanaşı, belə bir aktın ikili anlam daşıya biləciyini söyləyib: “Birincisi, İrəvan Gürcüstana münasibətdə öz siyasətinə təzədən baxmağa başlayıb ki, bu da Ermənistanın özü üçün neqativ nəticələrə gətirə bilər. İkincisi, Ermənistan Dağlıq Qarabağda separatçı qurumun nümayəndə heyətinin qəbul eləmək məsələsində müstəqil iradə yiyəsi olmayıb. Nəzərə alsaq ki, Bibilov bütünlüklə Moskvanın direktivlərindən asılıdır, o zaman bunu Kremlin ermənilərlə gürcülərin arasını vurmaq cəhdi kimi qiymətləndirmək lazım gəlir. Ermənistan XİN-in insidentlə bağlı gürcü tərəfinə rəsmi cavabının gecikməsi də onun göstəricisidir ki, həmin görüş axıradək İrəvanla razılaşdırılmayıb. Ancaq İrəvanda başa düşməlidirlər ki, Gürcüstana münasibətdə belə qeyri-diplomatik addım ayrı reaksiya doğura bilər – Tiflis hərbi sahədə Bakı ilə yaxınlaşmağa başlayar. Lakin əməkdaşlığın bu forması indi artıq Güney Qafqazda sülh və sabitliyin qorunması çərçivəsində strateji tərəfdaşlıq xarakteri daşıyacaq”.

* * *
Əlavə edək ki, rəsmi Moskva Ankara, Tiflis, Tehran, Kiyev, Vaşinqton, Avropa Birliyindən fərqli olaraq Dağlıq Qarabağdakı 3 may “seçkiləri”ni pisləyən ayrıca, konkret bəyanatla çıxış etməyib. Bu azmış kimi, separatçı Bibilovu Azərbaycanın işğal altındakı bölgəsinə saxta seçkiləri izləmək üçün göndərməklə, öz deputatlarının Dağlıq Qarabağa səfərinə göz yummaqla Kreml faktiki surətdə Bakını şantaj edir, ölkəmizin ərazi bütövlüyünə münasibətdə öz səmimiyyət dərəcəsini nümayiş etdirir.

Yuxarıdakı insident (Saakyan-Bibilov təması) də nəzərə alınarsa, Rusiyanın Qarabağ və digər separatçı kartlardan öz maraqlı üçün istifadə eləmək niyyətinin çox ciddi olduğunu ortaya qoyur, necə deyərlər, Rusiyanın “ipinə odun yığmağın” təhlükəli olduğunu üzə çıxarır.

Söhbət həm də yeni müharibə vəziyyətlərinin yaranacağı təqdirdə Moskvanın özünü necə aparacağından gedir.

* * *
“Rusiya Qarabağı qaytarmaqda Azərbaycana mane ola bilər”. Bunu isə 2-ci Dünya müharibəsinin veteranı, Azərbaycan prezidentinin hərbi məsələlər üzrə keçmiş müşaviri Tofiq Ağahüseynov deyib. O, şübhə edir ki, Rusiya Azərbaycana öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə mane olmayacaq. Bu barədə o, “İnterfax-Azerbaydjan”a açıqlamasında bildirib.
“Şəxsən mən əminəm ki, Azərbaycanın Milli Ordusu bu gün ərazilərin azad edilməsi vəzifəsindən öhdəsindən sərbəst şəkildə gələ bilər. Ancaq bu yöndə daim bir sual var: kim bu prosesə mane ola bilər? Söhbət Rusiyadan gedir. Hələlik aydın deyil: Azərbaycan hərbi yola əl atsa, Rusiya özünü necə aparacaq” – bildirib eks-müşavir.

“Bizim ölkəmiz tərəqqi dövrünü yaşayır. İstənilən müharibə isə dövlətin deqradasiyasına gətirir. Ona görə də ölkəmiz problemi dinc yolla həll eləməyə çalışır və bu istiqamətdə böyük işlər görülüb” – o əlavə edib .

* * *
Yekun yerinə qeyd edək ki, Dağlıq Qarabağdakı 3 may qanunsuz seçkiləri bir daha Azərbaycanın ərazi bütövlüyü məsələsində qonşu dövlətlər, Minsk Qrupu həmsədrləri, Qərb və beynəlxalq təşkilatlar üçün özünəməxsus lakmus kağızı rolu oynamış oldu. Artıq kimin bu kağızı hansı “rəngə” boyadığı ortadadır. O sırada Rusiyanın separatçı bölgədəki saxta seçkilər fonunda ərazi bütövlüyümüzə münasibətdə üzə çıxan ikili yanaşması müharibə variantında onun davranışı məsələsini təzədən gündəmə gətirir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button