Siyasət

Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? – “Rəsmi qaydada getmirlər…”

“Mən işlədiyim zaman – 2002-ci ildə İranda 250 nəfər azərbaycanlı dini təhsil alırdı və onların heç biri rəsmi yolla getməmişdi”.

“SAVAŞ” xəbər verir ki, bunu sfera.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

O bildirib ki, İranda dini təhsil alan tələbələrin pasportunu alıb, orada saxlayırlar:

“Müəyyən dərəcədə qorxudurlar ki, ölkəyə qayıtsanız, sizi narahat edəcəklər. Çalışırlar ki, həmin tələbələri orda evləndirsinlər. İranda dini təhsil alanların əksəriyyəti qayıtmaq istəsələr də, bunu edə bilmirlər. Xaricdə dini təhsil o vaxt bizdə demək olar ki, qadağan idi. Nəinki İranda, eyni zamanda Türkiyədə, Misirdə. O zaman biz belə şərt qoymuşduq, həmin qadağa indiyə qədər qalır. Tələbələrimiz məhz Azərbaycanda dini təhsil almalıdırlar. Onların İranda və ya başqa dövlətdə dini təhsil alması məqbul deyil”.

Müsahibimiz qeyd edib ki, hazırda rəsmi yolla İranda dini təhsil almaq mümkün deyil: “Dini təhsil almaq üçün tələbələri ora ya Təhsil Nazirliyi, ya da Qafqaz Müsəlmanlar İdarəsi göndərməlidir. Bunların isə heç biri İrana dini təhsil almaq üçün tələbə göndərmir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə isə saytımıza açıqlamasında deyib ki, Azərbaycanda dini kadrlar əsasən İlahiyyat İnstitutunda hazırlanır:

“Xaricdə təhsil almaq məsələsinin universitet tərəfindən mübadilə yolu ilə baş tutması mümkündür. Biz qonşu ölkələrə dini təhsil alması üçün tələbə göndərmirik. Təbii ki, qanunsuz  şəkildə, öz istəklərilə gedən şəxslər də olur – məsələn, Səudiyyə Ərəbistanına, İrana. Dövlət və ya universitet tərəfindən göndərilməyənlər onsuz da burada işlə təmin olunmurlar”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button