Siyasət

“Paşinyanın bu qərarı bizə meydan oxumaqdır” – “Soçi görüşündə bunun hesabı sorulmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşü ərəfəsində Azərbaycanı qıcıqlandıracaq bir sıra açıqlamalar və qərarlar verdi. Belə qərarlardan biri Ermənistanın hökumətinin qərarı ilə “artsax”a dövlətlərarası kredit formasında 12 milyard dram kredit və 1,5 milyard dram bağışlama müqaviləsi əsasında vəsait ayrılması oldu.

Paşinyanın Soçi görüşü ərəfəsində belə təxribatçı qərarlara getməsini şərh edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev əminliyini bildirib ki, Soçi görüşündə ondan bu hərəkətlərinin hesabı sorulacaq.

“Ermənistan hökumətinin bu qərarı həyasız bir demarşdı, bizə meydan oxumaqdı. Düşünürəm, Soçi görüşündə bunun hesabı sorulacaq və Ermənistandan tələb olunacaq ki, burnunu Azərbaycanın daxili işlərinə soxmasın. Bu həm də onu göstərir ki, Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur. Bir gün öncə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanıyırıq, o biri tərəfdən qondarma rejimə dövlətlərarası müqavilə əsasında kredit ayırır. Bununla da bəyan edir ki, Ermənistan “artsax”ı müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi tanıyır, Azərbaycanın isə ərazi bütövlüyünü tanımır. Bunun cavabı olmalıdır”, – deputat hiddətini9 ifadə edib.

Q.Həsənquliyev hesab edir ki, noyabrın 26-da – sabah Soçidə hər hansı bir sənəd imzalanacaqsa, Azərbaycan tələb etməlidir ki, beynəlxalq təcrübəyə uyğun olaraq, həmin sənəddə müharibədən sonra dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması öz əksini tapsın. “Azərbaycan tələb etməlidir ki, Ermənistan Qarabağdakı ermənilərin yaratdığı qondarma qurumla dövlət kimi əlaqələr qurmasına son qoysun, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına mane olmasın. Əks halda həm Azərbaycan, həm qardaş Türkiyə Ermənistanla hər cür əməkdaşlıqdan, o cümlədən Azərbaycan sərhədlərin demarkasiya olunması və kommunikasiyaların açılması istiqamətində əməkdaşlıqdan imtina etməlidir. Ardınca 10 noyabr sazişi Ermənistan tərəfindən pozulduğu üçün Laçın dəhlizində gömrük keçid məntəqəsi yaradılmalı və Dövlət Sərhəd Xidməti fəaliyyətə başlamalıdır. Yalnız qondarma rejimlə heç bir əlaqəsi olmayan Qarabağ ermənilərin Ermənistana gediş-gəlişinə icazə verilməlidir”.

Partiya sədri xatırladır ki, 10 noyabr sazişində Qarabağ ermənilərinə status verilməsinə dair hər hansı müddəa yoxdur. “Proseslərin gedişi göstərir ki, Ermənistanın başına yalnız dəmir yumruq vurmaqla onu öz öhdəliklərini icra etməyə məcbur etmək olar”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button