Siyasət

Avropa liderləri Avropa Oyunlarına niyə qatılmadı?

Avropa liderləri Avropa Oyunlarına niyə qatılmadı? «Hazırda Azərbaycan iqtidarı dünyaya tamamilə fərqli rakursda təqdim olunur»

Gültəkin Hacıbəyli: «Siyasi məhbus problemi aktual olduğu bir zamanda ölkədə heç bir idman bayramından söhbət gedə bilməz»

Avropanın aparıcı ölkələrindən heç birinin lideri Avropa Oyunlarında iştirak etmədi. Amma bunun əvəzində Avropanın “hədəfə” aldığı ölkələrin liderləri Avropa Oyunlarında böyük məmnuniyyətlə iştirak ediblər. Onlar Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Serbiya prezidenti Tomislav Nikoliçdir. Əslində bu Avropanın Azərbaycana qarşı münasibətinin təzahürüdür. Hakimiyyətin hansı acınacaqlı durumla üz-üzə olduğunu iqtidar təmsilçilərinin açıqlamaları da göstərir.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vurğulayıb ki, Böyük Britaniyanın “The Guardian” qəzeti, BBC telekanalı, Ingiltərədəki bir çox elektron resurslar, Almaniya və Fransanın tanınmış media şirkətləri Azərbaycana qarşı kampaniyanın önündə gedirlər. “Onlar unudurlar ki, bu kampaniyalar təkcə Azərbaycana qarşı deyil, həm də Avropaya, Avropa idmanına, Avropa idmançılarına qarşı hörmətsizlikdir. Inanıram ki, vaxt gələcək, onların bu kampaniyaları da sona çatacaq. Və nəhayət, səhv etdiklərini anlayacaqlar. Elə bəşəriyyət görəcək ki, bu qarayaxmalar doğru olmayıb”, deyə Ə.Həsənov vurğulayıb.
Millət vəkili Siyavuş Novruzov da vurğulayıb ki, Azərbaycana qarşı beynəlxalq aləmdə təbliğat kampaniyası aparılır və ona Almaniya rəhbərlik edir.
Azərbaycan hakimiyyətinin rerpressiv siyasətinin davam etməsinə verilən cavab əslində gözlənilən idi. Çünki insan haqları və demokratiya ilə bağlı Avropadan səslənən tələblərə hakimiyyətin reaksiya verməməsi son nəticədə bu cür vəziyyət yaratmalı idi.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, əslində Avropa Oyunları hakimiyyət tərəfindən tamamilə başqa niyyətlə həyata keçirilirdi. Bu niyyət milyardlarla vəsaitlərin istifadəsi məsələsi idi. G.Hacıbəylinin sözlərinə görə, Avropa Oyunlarını keçirən təşkilatların öz təmsilçiləri qeyd etdilər ki, bu vəsait təxminən 8 milyarda yaxındır: “Bununla da büdcə talançılığı üzə çıxdı. Digər bir tərəfdən Avropa Oyunları Azərbaycan hakimiyyətinin təbliğatına yönəlmiş addım idi. Amma təəssüflər olsun ki, bu gün həm Azərbaycan, həm də Azərbaycan iqtidarı dünyaya tamamilə fərqli rakursda təqdim olunur. Bu gün bütün dünya Azərbaycanda keçirilən Avropa Oyunlarından danışır. Amma mövzu tam fərqlidir. Mövzu siyasi məhbuslar, media azadlığı, siyasi repressiyalar, tanınmış insan haqları təşkilatlarının təmsilçilərinin Azərbaycana buraxılmamasıdır. Yəni ölkəmiz adına xoşagəlməyən mövzulardır. Heç kim arzulamaz ki, Azərbaycan dünyaya bu cür təqdim olunsun. Hər kəs istəyərdi ki, Azərbaycanda keçirilən bu oyunlar tam fərqli əhval-ruhiyyədə keçsin. Çünki idman yarışları ədalət, bərabərlik, dostluq kimi prinsiplər üzərində qurulur”.
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanda siyasi məhbus problemi aktual olduğu bir zamanda ölkədə heç bir idman bayramından söhbət gedə bilməz. G.Hacıbəyli vurğuladı ki, digər bir tərəfdən fevralın 21-dəki devalvasiyadan sonra ölkə əhalisinin maddi durumunun pis vəziyyətdə olduğu, işsizliyin artdığı, insanların kredit borclarını qaytara bilmədiyi bir vaxtda 8 milyard vəsaitin Avropa Oyunlarına xərclənməsi insanlarda sevinc yaratmır. Istənilən halda yarışlarda iştirak edən idmançılarımıza uğur arzulayan G.Hacıbəyli bildirdi ki, Bakıda erməni idmançılar da yarışlara qatılacaqlar. Ona görə arzulamaq lazımdır ki, bayrağımız daha çox dalğalansın. “Amma reallıq budur ki, Avropa Oyunları ölkəmiz üçün idman bayramına çevrilə bilmədi. Beynəlxalq təqdimat baxımından isə ölkəmizin mənfi imicdə ortaya çıxması üçün əsas verdi”, deyə G.Hacıbəyli vurğuladı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button