Siyasət

Kremlin Bakıya qaz şantajının ikinci hissəsi işə düşür

Kremlin Bakıya qaz şantajının ikinci hissəsi işə düşürMoskva Ankara ilə “Türk axını” danışıqlarının dayandırır, lakin kəmərin dəniz hissəsinin inşasını da israrla davam etdirir; Türkiyədə 7 iyun seçkiləri Azərbaycan üçün əlverişli durum yaradıb, ancaq…
Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin qurulması ilə bağlı ortaya çıxan qeyri-müəyyənlik maraqlı situasiya yaranıb. Söhbət ilk növbədə rəsmi Ankaranın xarici siyasət kursundan, o sırada energetika sahəsindəki öhdəlikləri yerinə yetirmə qabiliyyətindən gedir.

Yeni hökumətin qurulması ləngidikcə bu yöndə qətilik və müəyyənliyin yaranması da ləngiyir. Deyilə bilər ki, ölkənin əsas siyasi qüvvələri xarici siyasətlə bağlı prioritet məsələlərdə, o cümlədən strateji neft-qaz layihələri məsələsində eyni mövqedədir. Lakin təzə hökumətin gecikməsi bütün hallarda tərəfdaş ölkələrdə bəzi haqlı şübhələrin qalmasına sövq-təbii rəvac verir.

***
Artıq konkret əlamətlər də var. Xəbər verildiyi kimi, Türkiyənin energetika naziri Taner Yıldız Rusiyaya dünənə nəzərdə tutulan kritik səfərini qəfil ləğv edib. Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Taner Yıldızın BOTAŞ-ın icraçı direktorunun səlahiyyətlərini icra edən Mehmet Konukun müşayiəti ilə Rusiyaya səfəri, dünən Sankt-Peterburqda işə başlamış Beynəlxalq İqtisadi Forum çərçivəsində bu ölkənin energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə danışıqları nəzərdə tutulubmuş.
Məlumata görə, Peterburq danışıqları iyunun 13-də prezidentlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Bakıda keçirilmiş müzakirələrin davamı olmalı imiş. Bəllidir ki, həmin görüşdə Putinlə Ərdoğan “Türk axını” qaz kəməri layihəsinə (əvvəlki adı “Cənub axını”) dair danışıq aparıblar.

Rusiya mənbələri xəbər verib ki, Türkiyə tərəfi bu layihəyə dair əvvəl əldə edilmiş razılaşmalara sadiqdir və kəmərin Türkiyə hissəsinin marşrutu artıq dəqiqləşdirilib.
Türkiyənin enerji çevrələrindəki qaynaqlar bildirir ki, Rusiya “Türk axını” kəmərinə dair Ankara ilə ikitərəfli razılaşmanın bu ayın sonuna qədər imzalanmasında israr edir.
Dünən bununla bağlı rusiyalı nazir Novak bir daha açıqlama verib. “Rusiya və Türkiyə ”Türk axını\”nın tikintisi ilə bağlı hüquqi sənədləri iyunun sonunadək hazırlamalıdır\” deyən nazirin sözlərinə görə, hazırda əsas müzakirə mövzusu qaz kəmərinin ilk parçası olan dəniz hissəsinin tikintisidir: “İyunun sonunadək biz Qara dəniz hissəsində tikinti üçün icazə almalıyıq. Bu, əvvəllər ”Cənub axını\”na verilən razılıq üzərində qurulmalıdır. Bundan başqa, Türkiyənin ərazi sularında axtarış işləri üçün də razılığın alınması önəmlidir\”.

***
Açıqlamadan da göründüyü kimi, Rusiya tərəfinin, “Qazprom”in gözləməyə vaxtı yoxdur. Rusiyanın qaz nəhəngi 2018-ci ildən Ukrayna üzərindən qaz tranzitini dayandıracağını elan edib və bu dəhlizlə nəql olunan bütün qazı “Türk axını”na yönəldəcəyini bəyan edib. Həmçinin “Qazprom” Türkiyə ilə ikitərəfli razılaşmanın imzalanmasını gözləmədən dənizin dibindən kəmərin çəkilməsi üçün işlərə başlayıb.

Lakin Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində AKP-nin hakim çoxluğu itirməsi vəziyyəti mürəkkəbləşdirib. Məlum olduğu kimi, AKP təkbaşına hökumət formalaşdıra bilmir, koalision hökumət isə kifayət qədər qəliz iş kimi görünür. “Milliyet” qəzetinin yazdığına görə, Türkiyə hökumətində hesab edirlər ki, “Türk axını” razılaşmasını artıq yeni hökumətin öhdəsinə buraxmaq lazımdır. Çünki indiki müvəqqəti hökumət belə razılaşma imzalasa, gələcəkdə onun şübhə altına alınması baş verə bilər.

Digər tərəfdən, mənbələr Azərbaycanın da “Türk axını” layihəsindən narahat olduğunu və bu narahatlığın Türkiyə tərəfinə çatdırıldığını deyirlər. Üstəlik, ABŞ və Avropa Birliyi “Türk axını” layihəsinə qarşıdır. Vaşinqton və Brüssel Yunanıstan və Balkan ölkələrini Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-a dəstək verməyə çağırır.

Türkiyənin tərəddüdlərinə səbəb olan növbəti amil isə Rusiyanın bu ölkəyə satdığı qazın qiymətində gözlənilən səviyyədə endirməyə getməməsi hesab olunur…

* * *

Yaranmış mürəkkəb durumda Rusiya tərəfinin “Türk axını”nda israrı, rəsmi Ankara ilə yazılı anlaşma olmadan kəmərin dəniz hissəsinin inşasına başlamaq əzmi əlbəttə ki, diqqət çəkir. Şübhə yox ki, tələsən “Qazprom” yox, elə rəsmi Moskvanın özüdür. Avropanın qaz təchizatında Rusiyanın əhəmiyyətli payını saxlamasını təmin edəcək, üstəlik, münaqişədə olduğu Ukraynadan yan keçəcək bu kəmər Kreml üçün, Putinin sonrakı geosiyasi planları, hətta taleyi üçün olduqca mühüm önəm daşıyır, siyasi özünütəsdiq anlamı kəsb edir.
“Türk axını”nın uğurla reallaşması o sırada iqtisadi sanksiyalara rəğmən, Moskvanın Qərbə, postsovet məkanına təsir gücünün, Qərblə rəqabət qabiliyyətinin qaldığının nümayişinə hesablanmış bir projedir. Rusiya həm də ona görə tələsir ki, “Türk axını” ona faktiki rəqib olan və Avropanın Rusiyadan qaz asılılığını azaldacaq TAP-la mübarizədə daha əlverişsiz duruma düşməsin. Belə bir təhlükə isə qalır. Çünki Qərb, ABŞ həmin layihəyə qarşıdır və tranzit ölkələrə təzyiqləri davam etdirir. Layihənin yubanması Yunanıstan, Makedoniya kimi tranzit ölkələrin tərəddüdünü artıra bilər.

Kəsəsi, “Türk axını” Kreml üçün prinsipial, bəlkə də həyati bir məsələ kimi görünür. Təsadüfi deyil ki, prezident Putinin son Bakı səfəri ərəfəsində bu layihəni rəqabətə davamlı eləmək üçün Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Transxəzər” qaz kəməri layihəsini (TANAP, TAP) və donor-tranzit ölkələri (Türkmənistan, Azərbaycan) hədəf alan hədələyici bəyanat yaymışdı: XİN-in yüksək çinli rəsmisi Aleksandr Lukaşeviç bildirmişdi ki, 5 xəzəryanı dövlətin razılığı olmadan qaz kəmərinin çəkilməsi reallaşa bilməz.

* * *

Söz yox ki, bu mesajı Bakı artıq alıb. Ona cavabı isə az öncə prezident İlham Əliyev belə vermişdi ki, TAP-a, TANAP-a maneə yardılarsa, Azərbaycan Türkiyəyə daha çox qaz idxal edəcək. Yəni bu da Moskvaya bir kontur-mesajdır ki, Rusiya bütün hallarda yaradacağı əngəllərdən siyasi-iqtisadi qazanc götürə bilməyəcək. Rusiya isə hədə-şantaj yolu ilə türkmən qazının da Rusiya ərazisi ilə Avropaya daşınmasına səy edir.

Bu mənada Türkiyədəki hökumət böhranı, daha doğrusu, daimi deyil, müvəqqəti hökumətin qurulması əslində Azərbaycanın cari energetik maraqlarına uyğundur. Sonrası necə olacaq, bunu zaman, lap dəqiqi, Kremlin Bakıya münasibətdə hansı taktikaya üstünlük verəcəyi müəyyən edəcək. Deyəsən, Kremlin Bakıya qaz şantajının ikinci hissəsi praktikaya yönəlib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button