Siyasət

“Böyük ələnmə” qapıda – Şok faktlar

“Böyük ələnmə” qapıda - Şok faktlar“Oliqaxqeyt işi”ndə ikinci dalğa kimləri aparacaq?; Cahangir Hacıyev Əfqanıstanda neftayırma zavodu alıbmış; həm Beynəlxalq Bank işi, həm də sabiq səfirlə bağlı qalmaqal daha geniş məmur spektrini əhatə edəcək; Ziya Məmmədovun şəriki prezidentliyə namizəd oldu, amma nazirin karyerası ciddi təhlükə altındadır…

Avropa Oyunlarından sonra hakim komandada mümkün kadr dəyişikliyi haqda məlumatlar iqtidar daxilində cəbhələşmə meyllərini artırıb. Beynəlxalq Bankdan təxminən 6,5 milyard dollar kreditin mənimsənilməsinə görə başlanmış həbslər nisbətən səngiyən kimi qalmaqallı səfir Arif Məmmədov Binəqədidəki yanğın olayı səbəbindən iqtidar məmurlarını hədəfə alması ilə diqqəti yenidən iqtidar daxilinə yönəltdi.

Son aylar baş verənləri bəziləri “ikinci Elşad Abdullayev” prosesinə bənzədirlər. Amma belə görünür ki, həm Beynəlxalq Bank işi, həm də sabiq səfirlə bağlı qalmaqal bir neçə oliqarxın həbsi ilə və ya nazirlərin parlamentdə mandat itkisi ilə yekunlaşmayacaq. Əksinə, bu dəfə daha geniş məmur spektrini əhatə edən “ələnmə” olacaq.

***
Beynəlxalq Bank işi üzrə istintaqdan məlumatlı olan mənbəmiz deyib ki, həbslərin ikinci dalğası məhz 6 milyard manatın mənimsənilməsində iştirakçı olan daha iri fiqurların üzə çıxarılmasına hesablanıb. Daha doğrusu, onların adları əvvəldən məlumdur. Amma böyük idman tədbiri ərəfəsi iqtidar daha ciddi narahatlıq yaratmamaq üçün müəyyən qədər gözləməli olub. Məlumata görə, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev yalnız öz şirkətlərinə və biznesinə məsul olanlar üçün krediti ürəklə verib.

Qalan kreditorlara isə “gözünü yumub” kredit verməyib, əksinə, verdiyi hər bir dolların dövlətə aid olduğu barədə xəbərdarlıq edib, üstəlik, zamin duran bəzi yüksək vəzifəli məmurlardan zəmanət kağızı belə alıb. Onun hələ də həbs edilməməsinin sirri də özünü mümkün olan qədər sığorta etməsidir. Amma belə görünür ki, daha iri məmurlarla hesablaşmaq üçün iqtidar C.Hacıyevin həbsini rəsmiləşdirməlidir. Çünki Beynəlxalq Bankdan sorumlu olan C.Hacıyevi “istintaqla əməkdaşlıq edir” bəhanəsi ilə kənarda saxlayıb bu işə bu və ya digər şəkildə aidiyyəti olanları cəzalandırmaq məntiqli olmaz.

C.Hacıyevlə bağlı daha bir sensasion fakt isə istintaqa yeni məlum olub. İddiaya görə, C.Hacıyevin bir neçə milyon manat kreditin hara verilməsinin araşdırılması zamanı məlum olub ki, sabiq bankir dövlət rəhbərliyi ilə məsləhətləşmədən xarici iş adamının borcunun əvəzində Asiya ölkələrinin birində neftayırma zavodu alıb. Məlumdur ki, Azərbaycan dövləti adına xaricdən iri obyektlər alınanda bu, dövlət rəhbərliyi ilə mütləq razılaşdırılmalıdır. Amma iş təkcə zavodun alınması ilə bağlı dövlət səviyyəsində razılığın olmaması ilə bitmir. Mənbəmizin iddiasına görə, zavodun inkişaf etmiş Asiya ölkələrində deyil, terror qruplaşmalarının və tayfa davalarının hələ də at oynatdığı Əfqanıstanda alındığı üzə çıxıb. Bu isə Beynəlxalq Bankın növbəti milyonlarının faktiki batması deməkdir…

Qeyd edək ki, C.Hacıyevin Dubayda da “İntertekstill” fabriki və “İnterstell” poladəritmə zavodu olub. Bu olaylardan sonra məlum olub ki, yalnız tekstil fabriki fəaliyyət göstərib. İkinci zavod isə metallurgiya zavodu olub və həbslərə qədər tikintisi davam edirmiş. Hazırda yarımçıq zavod satışa çıxarılıb ki, Dubayda ən yaxşı halda 100 milyon dollara satılması ehtimalı var. Dubayda “ərinmiş” pulun miqdarı isə 318 milyon manatdan çoxdur…

***
Beynəlxalq Bank qalmaqalında adı keçən Hacı İbrahim Nehrəmlinin həbsi (indi azadlıqdadır) onun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovu da hədəfə gətirib. Düzdür, qardaşlar arasında soyuqluq var və onun iyunun 20-də özünü asan qaynı Məzahir Sadıqovun Beynəlxalq Bank işində adı keçmirdi. Amma mərhumun adı da bir müddət əvvəl mətbuatda tikinti dələduzluğunda hallanmışdı. Bu iki hadisənin son vaxtlar biznesində də xeyli məhdudiyyətlərlə üzləşən N. İbrahimovun karyerasına son qoya biləcəyi ilə bağlı da xəbərlər yayılmaqdadır.

***
Karyerasına ciddi təhlükə olan digər məmur – nəqliyyat naziri Ziya Məmmədovla bağlı da xəbərlər intensivləşib. Nazirin qalmaqallı sabiq səfirlə ailəvi yaxınlığı barədə məlumatları Arif Məmmədov təkzib etməyib. Daha doğrusu, sabiq səfir mediaya son açıqlamasında hər şeydən danışsa da, mərhum atasının bir vaxtlar Z. Məmmədovun rəhbərlik etdiyi nazirlikdə yüksək vəzifə tutmasından danışmayıb.

Nazirin oğlunun amerikalı milyarder şəriki Donald Trumpun ilə şərikli tikdirdiyi “Trump Towers”in açılışının müəmmalı səbəbdən ləngiməsinin ardınca “Atletlər kəndində” baş vermiş qəza Məmmədovlarla bağlı məsələni daha da qəlizləşdirib.

Belə ki, nazirin qardaşı Loğman Məmmədovun oğlu, “Transqeyt” MMC-nin rəhbəri Rövşən Məmmədovun “Atletlər kəndi”ndəki qəza ilə bağlı ötən həftə istintaqa çağırıldığı xəbəri yayılıb. “Azadlıq” qəzetinin xəbərində deyilirdi ki, Rövşən Məmmədovla yanaşı Nəqliyyat Nazirliyinin bir neçə işçisi də qəza ilə bağlı dindirilib.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinə bədən xəsarətləri yetirib.

Avtobus “Bakubus”a məxsus olsa da, “Transqeyt” şirkətinin də məsələyə aidiyyəti var. Bildirilir ki, məhz Ziya Məmmədovun qardaşı oğlunun rəhbərlik etdiyi şirkət bu avtobusları Azərbaycana gətirib. Qəzadan bir gün sonra həbs edilən sürücünün oğlu açıqlama vermişdi ki, hadisə avtobusda texniki nasazlıqdan baş verib. Mümkündür ki, Rövşən Məmmədov da bu səbəbdən istintaqa çağırılsın. Xəbərlə bağlı Nəqliyyat Nazirliyindən hər hansı şərh almaq mümkün olmayıb.

Daha bir maraqlı məqam Məmmədovların şəriki Donald Trumpun Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmasının rəsmiləşdirilməsidir. Ötən həftə Manhettendə yerləşən “Trump-Tower” göydələnində mətbuat konfransı keçirən milyarder bu qərarını rəsmən bəyan edib. 69 yaşlı milyarder “Mən Allahın bu günə qədər yaratdığı ən əzəmətli prezident olacam” deyə, bildirib. “The Washington Post”un məlumatına görə, Trump seçki kampaniyasında uğurlu biznesmen mövqeyindən çıxış edəcək. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin 8 noyabr tarixində keçiriləcək.

Trumpun namizədliyinin Məmmədovlara nə kimi üstünlük gətirəcəyini isə zaman göstərəcək…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button