Siyasət

Avropa Bakını itirir – şok yekunun sadə səbəbləri

Avropa Bakını itirir – şok yekunun sadə səbəbləriYay oyunlarının baş qalibi – Azərbaycan… ;Ölkəmizin AYO cədvəlindəki iki ən yaxın qonşusundan biri Rusiya oldu; həm də geosiyasi anlam daşıyan bu yaxınlaşma Bakı-Qərb münasibətlərində “daşları yığmağı” zəruri edir…

Azərbaycanda keçirilən ilk Avropa Yay Oyunları yekunlaşdı. Bu möhtəşəm tədbir barədə peşəkar idman şərhçiləri, yəqin ki, hələ sözlərini deyəcəklər. Ancaq Azərbaycan üçün hadisənin əsas siyasi özəlliyi onun Bakı-Qərb münasibətləri üçün bir “lakmus kağızı”na çevrilməsi, bu münasibətləri ciddi şəkildə sınağa çəkməsi oldu.

Ondan başlayaq ki, ötən 16 gündə və tədbir ərəfəsində, belə demək mümkünsə, tərəflər arasında söz dueli pik həddə çatdı. Qarşılıqlı xarakter daşıyan bu ritorika, münasibətlərdəki xoşagəlməz atmosfer idman yarışı boyu özünü göstərdi. Təkcə o fakt ki, Avropa Oyunları Avropa Parlamentinin Azərbaycanla bağlı kritik dinləmələri ilə başladı (10 iyun), tədbirin açılış-bağlanış mərasimlərinə Avropa Birliyinin iri ölkələrinin başçılarından kimsə qatılmadı, oyunlar bitmədən isə AŞPA (23 iyun) Azərbaycan əleyhinə qətnamə qəbul elədi, həmçinin oyunları nüfuzlu Qərb KİV-ləri, o sırada “Eurenews” zəif işıqlandırdı – özlüyündə çox şey deyir.

Maraqlıdır ki, beynəlxalq insan haqları təşkilatı olan “Freedom House”un, ABŞ Dövlət Departamentinin illik tənqidi hesabatları da məhz Avropa Oyunları müddətində açıqlandı. “Freedom House” Azərbaycanı Avroatlantik məkanda Türkmənistan, Özbəkistan, Tacikistanla birgə ən avtoritar ölkələr\” sırasına saldı, Dövlət Departamenti isə ölkəmizlə bağlı indiyədək ən sərt hesabatını ortaya qoydu.

*****
Belə təəssürat yarandı ki, bu boyda məsuliyyətin altına girib də böyük bir idman yarışına uğurla, bir çoxlarının gözləmədiyi şəkildə, həm də Avropa tarixində ilk dəfə ev sahibliyi edən Azərbaycana Qərb, Avropa nədənsə heç bir güzəşt tanımaq istəmir, idmana da geosiyasi maraqlar prizmasından baxır, insan haqları mövzusuna müvəqqəti moratorium da qoymağa hazırlaşmır. Qərbin bəzi siyasi dairələrində isə Avropa Oyunları Azərbaycanı hədəfə gətirmək üçün sanki bir fürsət oldu. O da aydın sezildi ki, müəyyən məkrli dairələr üçün təməl haqlar mövzusu ölkəmizə qarşı, sadəcə, bir təzyiq rıçaqı rolundadır.

Bir sıra təhlilçilər Avropanın belə ifrat tələbkarlığını Azərbaycana qarşı ədalətsiz və ikili standart yanaşmanın təzahürü kimi qiymətləndirdilər. Hər halda, qonşu və işğalçı Ermənistanda təməl insan haqlarının durumu Azərbaycandan heç də yaxşı deyil. Təsadüfi deyil ki, Azərbaycan yetkililəri bu ikili standarta yetərincə sərt reaksiya sərgilədilər. Hətta ölkəmizin Avropa Şurasından çıxacağı ilə bağlı hədələr səsləndi.

Məsələn, AŞPA-da qətnamə qəbul edilən günlərdə Azərbaycanın Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazmışdı: “Təəssüf ki, Avropada bu siyasətin hara apara biləcəyini və nə ilə nəticələnəcəyini anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.

Bundan az öncə isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun yay sessiyasında məlum sənəd layihəsi müzakirə olunarkən etdiyi çıxışı zamanı eyni tonda demişdi: “Azərbaycanı tənqid etdiyiniz yetər! Siz bizdən insan haqları sahəsində öhdəliyi yerinə yetirməyi tələb edirsiniz, özünüz də öhdəliyinizə əməl edin. Azərbaycanı tənqid edənlər öncə öz ölkələrinə baxsınlar. Biz Avropa Oyunları keçirməyə namizədliyimizi verəndə əvvəlcə heç kim etiraz eləmədi. Amma sonra müəmmalı şəkildə tənqidlər başladı. Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır, 1 milyona yaxın qaçqınımız var. Bundan niyə danışmırsınız? Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələyirsiniz. Nəyə nail olmaq istəyirsiniz?”

Yəni yenə o xəbərdarlıq ki, Azərbaycan da Rusiya kimi təşkilatı tərk edə bilər…

*****

Sözsüz ki, Avropa Yay Oyunlarının yüksək səviyyədə, uğurlu təşkili, üstəgəl, bu yarışlarda ölkəmizin komanda hesabında ikinci yerə çıxması dövlətimiz adına tarixi bir nailiyyətdir və ölkə adına əlavə pozitiv xallar gətirəcək, o sırada Azərbaycan haqqında tolerant, sivil, iri beynəlxalq tədbirləri təşkil etməyə qadir imkanlı və ciddi ölkə imicini möhkəmlədəcək.

Əslinə qalsa, I Avropa Yay Oyunlarının faktiki, yəni idman qalibi Rusiyadırsa, əsas qalib Azərbaycandır – böyük bir idman ilkinə uğurla imza atan, Avropa da daxil dünyanı, dost-düşmənləri yaxşı mənada təəccübləndirən, üstəlik də qalib üçlükdə yer almağı bacaran Azərbaycan! Kaş ki, yeni müsbət xalların ölkənin demokratik dünya ilə az qala, qırılma həddinə gəlmiş münasibətlərinin qaydaya düşməsinə, Dağlıq Qarabağ məsələsinə müsbət anlamda təsiri ola.

Yeri gəlmişkən, AŞPA-nın Azərbaycanla bağlı son qətnaməsi göstərdi ki, Qərb yeri gələndə insan haqlarını bəhanə edib Bakıya Qarabağla bağlı sürpriz də edə bilər. Yada salaq ki, həmin qətnamənin ilkin variantında “Ermənistanın işğal elədiyi Dağlıq Qarabağ və ətrafındakı 7 rayon” ifadəsi olsa da, səsverməyədək çıxarılıb, halbuki qurumun illər öncə qəbul etdiyi, Ermənistanı işğalçı kimi tanıyan ayrıca sənədi var. Bəli, bu, təşkilat adına prinsipsizlikdir, ancaq zərbəsi yalnız Azərbaycana dəyir…

*****
Ancaq sadalananlara rəğmən o da vurğulanmalıdır ki, I Avropa Yay Oyunları ölkəmizin Qərbdən uzaqlaşmaqda olması təəssüratını da gücləndirib. Belə vəziyyət isə müstəsna olaraq şimal qonşumuzun, konkret olaraq prezident Putinin strateji maraqlarına, onun SSRİ-nin bərpasına hesablanmış Avrasiya layihələrinə cavab verir.

Təhlükə və risk də bundadır, çünki rəsmi Moskva Qarabağ və digər məsələlərdə heç bir ciddi güzəşt vəd etmədən Azərbaycanı qazanmaq, ona sahiblənmək şansı əldə edə bilər. Yay Oyunlarının bizdən ötrü mühüm siyasi dərslərindən biri zatən, budur. Biz gərək Rusiyanın Qarabağ, müstəqilliyimiz və suverenliyimiz məsələsinə tarixi münasibətini unutmayaq. Yaddan çıxarmayaq ki, Azərbaycanın qeyd-şərtsiz Kremlin siyasi-hərbi çətiri altına qayıtması Qarabağa, müstəqilliyimizə yaxşı heç nə vəd edə bilməz. Üstəgəl, o halda yeganə təbii strateji müttəfiqimiz, NATO üzvü qardaş Türkiyə ilə ölkəmizin siyasi-hərbi bağları da qırılmış olacaq.

Odur ki, “daşları yığmaq zamanıdır”. Fərq eləməz, bu daşlar kimlər və hansı tərəfdən və hansı niyyətlə atılıb. Hər necə olmasa, Azərbaycan kimi xırda ölkələr nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə “açıq qapı” siyasətini davam etdirməyə, onlarla işləməyə, dost-müttəfiqlərin sayını artırmağa məhkumdur – öncəliklə də məhz Qarabağa görə.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button