Siyasət

Azərbaycana qarşı “sülhməramlı” tələsi – Rusiya bizdən nə istəyir?

Azərbaycana qarşı “sülhməramlı” tələsi - Rusiya bizdən nə istəyir?Pənah Hüseyn: “İstənilən formada indiki işğal status-kvosunun əbədiləşdirilməsi təhlükəsi yaradan “sülhməramlı” əməliyyat yolverilməzdir”; Ərəstun Oruclu: “52 yaşım olmasına rəğmən, döyüşməyə hazıram, özü də bu gün müharibə təbliğatı aparanlarla çiyin-çiyinə, ön cəbhədə”

Qarabağ məsələsi ətrafında yaranmış son hərbi-siyasi gəlişmələr fonunda yeni situasiyanın, daha doğrusu, Qərblə Rusiya arasında rəqabət mühitinin yaranması barədə əvvəlki saylarımızda yazdıqlarımız təsdiqlənir. Fakt budur ki, ABŞ sentyabr ayında Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə hazırlaşdığı bir məqamda Moskva da analoji təşəbbüslə çıxış edib.

Bəzi məlumatlara görə, Kreml münaqişə bölgəsinə Rusiya “sülhməramlılarının” göndərilməsi məsələsini təzədən gündəmə gətirmək istəyir. Az öncə İrəvanda jurnalistlərlə görüşündə amerikalı həmsədr Ceyms Uorlik bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli üzrə aparılan danışıqların bəndlərindən biri beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi haqqındadır.

Həmsədrlər artıq bölgədədir və onlar iyulun 22-23-də Bakıya gələrək Azərbaycanın rəhbərliyi ilə görüşlər keçirəcəklər. Hazırda Minsk Qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir. Regiona səfərin əsas məqsədlərindən biri də Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün təşkilinə nail olmaqdır.

***
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında “sülhməramlılar” məsələsinə həssas yanaşmanın zəruriliyini vurğuladı. Eyni zamanda o, 90-cı illərin əvvəllərində analoji təkliflərin mövcudluğuna diqqət çəkdi: “Münaqişə zonasında sülh müqaviləsi bağlandıqdan sonra tərəflər arasında meydana çıxa biləcək silahlı konfliktlərdən sığortalanma və həmin müqavilənin təminatçısı qismində rol alacaq, xüsusilə dinc əhalinin təhlükəsizliyini etibarlı şəkildə qoruya biləcək vasitə kimi sülhməramlıların Dağlıq Qarabağda, təmas xətlərində, sərhəddə müvəqqəti olaraq yerləşdirilməsi ideyası bütün sülh sazişi layihələrində əks olunub. O cümlədən bu, ilk dəfə olaraq 1993-cü ilin may və iyun aylarının ovaxtkı ATƏM-in (indiki ATƏT-red.) tərəflərə təqdim etdiyi və tərəflərin razılıq verdiyi sülh layihəsində öz əksini tapıb. İlk dəfə olaraq o dövrdə ATƏM-in (ATƏT) sülhməramlı qüvvələrinin yaradılması və onun Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda vaxtaşırı Rusiya tərəfi münaqişə zonasında, daha dəqiqi, Dağlıq Qarabağ ərazisində sülhməramlı və başqa statusda rus qoşunlarının yerləşdirilməsini irəli sürüb. Bunlar fərqli məsələlərdir. Azərbaycan tərəfinin mövqeyi bundan ibarət olub ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdikdən və işğal zonasındakı qeyri-qanuni silahlı birləşmələr ləğv edildikdən, dinc əhali, qaçqınlar öz doğma torpaqlarına qayıtdıqdan sonra və ya bununla paralel müvəqqəti olaraq zonadan beynəlxalq sülhməramlı qüvvələr BMT mandatı ilə mövcud ola bilər. Bunlar artıq nizamlamanın texniki məsələləridir. Lakin istənilən başqa bir formada indiki işğal status-kvosunun əbədiləşdirilməsi təhlükəsi yaradan hər hansı bir ”sülhməramlı\” əməliyyat yolverilməzdir. Bu məsələyə olduqca ehtiyatlı yanaşmaq lazımdır\”.

Politoloq Ərəstun Oruclu isə sosial şəbəkədəki şəxsi səhifəsində bu barədə narahatlığını bölüşüb: “Dünya mətbuatında Azərbaycanın müharibəyə hazırlaşması barədə yazıların, məlumatların durmadan artması ölkə ətrafında mövcud olan neqativ fikirləri daha da genişləndirir. Belə postları yazanda bizim psevdopatriotlar qıcıqlanır. Sanki mən ölkəmin torpaqlarının işğal altında qalması ilə razılaşıram və başlayırlar elə pafoslu şərhlər yazmağa ki, sanki bu ölkəni bunlardan başqa sevən, onun qayğısına qalan yoxmuş. Bütün bunlara baxmayaraq, şəxsən mən belə düşünürəm ki, mövcud beynəlxalq vəziyyət şəraitində müharibə başlasa, Azərbaycan indikindən daha çətin duruma düşəcək və bunu da yazmağı özümə borc bilirəm: işğal altındakı ərazilərə ”sülhməramlı qüvvələr\” adı altında xarici qoşunlar yeridiləcək, erməni separatizminin beynəlxalq legitimləşdirilməsi prosesi başlayacaq, Azərbaycanın müstəqilliyinə ciddi xələl gələcək, ölkə ağır itkilər verəcək, Azərbaycanın demokratik inkişafı daha bir neçə onillik geri atılacaq və s. Bunları əsla ehtimal kimi yazmıram, son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin, səsləndirilən bəyanatların, nüfuzlu media vasitələrində yazılan ciddi məqalələrin əsaslı təhlili bu qənaətə gəlməyə əsas verir. Müharibə məsələsinə gəlincə isə 52 yaşım olmasına rəğmən, döyüşməyə hazıram, özü də bu gün müharibə təbliğatı aparanlarla çiyin-çiyinə ön cəbhədə. Həm də arxada Stalin ordusunda olduğu kimi, döyüş meydanından qaçanları güllələmək üçün cəza dəstələrinin yerləşdirilməsi şərtilə\”.

Konkret situasiyada Rusiyanın Azərbaycandan nə istədiyi, ən müxtəlif təzyiq rıçaqlarına əl atmaqda məqsədinin nə olduğuna gəldikdə, Oruclu bildirdi ki, Kremlin məqsədi Azərbaycanı tam şəkildə Rusiyanın təsir dairəsinə salmaqdan ibarətdir: “Söhbət həm hərbi, həm siyasi, həm də iqtisadi mənadan gedir. Siyasi sahədə müəyyən əməkdaşlıq var. Amma xüsusilə indi Tehranın Qərblə münasibətlərini normallaşdırdığı bir şəraitində Rusiya İranın Azərbaycanın layihələrində iştirak edəcəyindən ehtiyatlanır. Ona görə də çalışır ki, bu məkana tam nəzarət etsin”.

Ekspertə görə, Qarabağ ətrafındakı vəziyyətə müdaxilə və digər məsələlər hamısı burada vasitə rolunu oynayır: “Əsas məsələ bölgəni nəzarətə götürməkdir ki, Rusiyaya alternativ enerji layihələrinin qarşısı alınsın və enerji asılılığı saxlansın”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button