Siyasət

Moskva ilə gizli Qarabağ danışıqları – 7 rayon qaytarılır?

Moskva ilə gizli Qarabağ danışıqları - 7 rayon qaytarılır?Qərbin fəallaşmasının əsas səbəbi Rusiya ilə arasında olan ciddi rəqabətdir. Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılması barədə son bir həftədə iki dəfə bəyan etdiyi mövqeyini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında Qarabağla bağlı danışıqlar aparılır: “Son vaxtlar bu rəqabətdə Rusiya xeyli irəli keçib və müəyyən mənada Azərbaycanı da öz tərəfinə çəkə bilib. Lavrovun “Dağlıq Qarabağın həll edilməsi vaxtı çatıb” deməsinin özü çox ciddi diplomatik ifadədir və onun arxasında çox şey dayanıb. Bu o deməkdir ki, uzun müddətdir Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağ ətrafında yeddi rayonun qaytarılması ilə bağlı danışıqlar gedir və bu danışıqlar yekun mərhələyə daxil olmaqdadır. Danışıqlar gizli gedirdi, indi isə bunun bəzi məqamları açıqlandı. Əslində Rusiya ilə çox şeylər – təkcə yeddi rayonun qaytarılması yox, həmçinin buraya sülhməramlı qüvvələrin gətirilməsi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması da müzakirə olunub. Azərbaycan isə yalnız Qarabağ həll olunduqdan sonra Rusiyanın istəklərini ancaq öz milli maraqları çərçivəsində həll etməyə çalışacaq. Həmsədrlərin Vyanaya gedişi çox güman ki, əlavə təlimatlar almağa hesablanıb. Həmsədrlər görürlər ki, artıq yeddi rayonun qaytarılması məsələsində İrəvanın da müqaviməti sındırılıb”.

Politoloq Rusiyanın Qərbə qarşı yeni müttəfiqlər axtardığını bildirib: “Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanı boğmaqdadır. Rusiya sözün əsl mənasında dünyadan təcrid edilib. Belə olan şəraitdə Moskva yeni alyanslar yaratmağa çalışır. Bir sözlə, Kreml əlinə düşən bütün imkanlardan istifadə etmək istəyir. Avrasiya İttifaqını beynəlxalq təşkilat kimi göstərmək üçün Rusiyaya Azərbaycan çox lazımdır. Ukraynanın yerini yalnız Azərbaycan doldura bilər. Belə olan halda Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasını istəmir. Yəni bu əvvəlki effekti vermir və ziyan gətirir. Münaqişəni həll etməklə Moskva Azərbaycanı tamamilə öz yanına çəkmək istəyir. Qərb Azərbaycana deyə bilməz ki, sən niyə Rusiyanı seçirsən? Ona görə də Rusiya yaranmış unikal şəraitdən öz məqsədlərini reallaşdırmaq üçün istifadə etməyə çalışacaq. Ola bilsin ki, belə bir şərait bir daha Moskvanın əlinə düşməsin”.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsərləri İrəvanda səfərdə olarkən, ABŞ-ı təmsil edən C.Uorlik Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 7 rayonun geri qaytarılmasının vacibliyini bir daha bəyan etdi. Ermənistan Prezidenti Serj Sərkisyan və Xarici İşlər naziri Nalbandyanla görüşdən dərhal sonra hesabat vermək üçün ötən gün Vyanaya gedən həmsədrlər bu gün artıq Bakıdadırlar və Prezident İlham Əliyevlə görüşdülər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button