Siyasət

Bakı nefti terrorçuların hədəfində

Bakı nefti terrorçuların hədəfindəİŞİD və PKK-nın iki qardaş ölkəni “ürəyindən vurmaq” niyyəti; İrandan Türkiyəyə gələn qaz xətti partladıldı; terror hücumlarının hədəfində Bakı-Tiflis-Ceyhandır; İŞİD hələ yanvar ayında Azərbaycanın neft buruqlarını vuracağı ilə təhdid etmişdi; Bakı-Supsa qismən Rusiya ordusunun nəzarətinə keçdikdən sonra BTC-yə həm İŞİD-in, həm PKK-nın, həm Rusiyanın təhdidlərindən doğan təhlükə var; PKK azərbaycanlı iş adamının TIR-larını yandırdı

Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilib. ANS-in məlumatına görə, bu barədə Türkiyənin enerji və sərvətlər naziri Taner Yıldız açıqlama verib. Nazir bildirib ki, boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb.

Partlayış iyulun 27-də axşam törədilib. Partlayışdan sonra yanğın baş verib. Lakin qısa müddət ərzində alovun qarşısını almaq mümkün olub. Nazir deyib ki, təmir işləri başa çatandan sonra İrandan Türkiyəyə təbii qazın nəqli bərpa ediləcək. “Bir neçə gün əvvəl Cizre-Silopi arasındakı elektrik xəttində, daha sonra Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır”, deyə nazir bildirib.

Son günlər PKK və İŞİD terrorçuları Türkiyəyə qarşı elan olunmamış müharibəyə başlayıblar. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirib, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürüb. Bir neçə gün əvvəl isə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.

Məlum olduğu kimi, Türkiyədən Azərbaycanın Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.

İŞİD terror təşkilatı bu ilin yanvarında bəyanat verərək Azərbaycanın neft yataqlarını ələ keçirmək niyyətlərini açıqlamışdı. İŞİD-in “daxili işlər naziri” kimi təqdim edilən Abdul Vahid Xudayar Əhmədin bəyanatda “biz ən qiymətli İslam ölkələrindən biri olan Azərbaycanı, Bakını azad etməliyik. Şübhəsiz ki, Azərbaycan və onun təbii resurslarının İslam dünyasındakı yeri bərpa ediləcək” – deyə bəyanatda deyilirdi.

İŞİD döyüşçülərinin regiondakı bütün neft yataqlarını, neft kəmərlərini, o cümlədən BTC-ni hədəf alacaqları barədə bəyanatları isə narahatlıqları bir qədər də artırıb. Hazırda Türkiyə həm İŞİD, həm də PKK ilə savaşa girdiyindən neft və qaz kəmərlərində terror aktlarını önləmək üçün çətinliklə üzləşir. Üstəlik, Rusiya da son vaxtlar Qərb ölkələrinin, o cümlədən Avropanın Moskvanın enerji asılılığını azaltmaq üçün inşa edilən alternativ neft və qaz kəmərlərinə ciddi təhlükə yaratmağa başlayıb.

Rusiya ordusu Gürcüstandan keçən Bakı-Supsa neft kəmərinin Cənubi Osetiya hissəsinə faktiki nəzarət etməyə başlayıb. Ruslar kəmərin bir hissəsini nəzarət altına almaqla Qərbə nümayiş etdirmək istəyir ki, onun Qafqazdakı strateji layihələrinin təhlükəsizliyinə təminat yoxdur.

Azərbaycan tərəfi bu məsələdə konkret mövqe ortaya qoymasa da, verilən açıqlamalardan o anlaşılırdı ki, əgər Bakı-Supsa hər hansı ekstremal vəziyyətdə dayanarsa, bütün ixrac neftini BTC-yə yönəltmək də mümkündür. Çünki BTC-nin nəql gücü hazırda buna imkan verir. İndi isə BTC-yə həm İŞİD-in, həm PKK-nın, həm Rusiyanın təhdidlərindən doğan real təhlükə var.

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti 2005-ci ildə BTC-nin ölkəmizdən keçən hissəsinin təhlükəsizliyini təmin etmək üçün 850 nəfərdən ibarət struktur formalaşdırıb. Terror riskinin yüksək olduğu Türkiyə ərazisində isə BTC-nin kifayət qədər güclü mühafizə olunmadığı barədə qardaş ölkə mətbuatında da dəfələrlə yazılıb. Kəmərin Türkiyə ərazisində təhlükəsizliyinin təmin olunmasına yerli hökumət, habelə “Botaş” şirkəti cavabdehdir.

Uzun müddət kəmərin Türkiyə hissəsini işlədən “Botaş” təhlükəsizlik xərclərini ödəməkdən hətta imtina da edib. Bir neçə il əvvəl isə BTC-nin Türkiyə ərazisindən keçən hissəsində, nasos stansiyalarından birində partlayış törədilib və nəticədə kəmər 3 həftəyə yaxın bağlı qalıb. Həmin hadisəyə görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürmüşdü. Lakin Türkiyə hökuməti israr etdi ki, hadisə terror aktı deyil və nasos stansiyasında texniki nasazlıq səbəbindən baş verib. Qeyd edək ki, BTC-nin uzunluğu 1773 kilometrdir. Kəmərin Azərbaycandan keçən hissəsinin uzunluğu 449 km, Gürcüstandan keçən hissəsinin uzunluğu 235 km, Türkiyədən keçən hissəsi isə 1089 kilometrdir.

Aydındır ki, indi Türkiyəyə qarşı birləşən terror qrupları və onların havadarları ölkəyə ağır zərbə vurmaq üçün həm də onun “arteriyaları” hesab olunan enerji kəmərlərini daha israrla hədəf alacaqlar.

Türkiyənin PKK-ya qarşı apardığı mübarizə qardaş ölkə daxilində terror olaylarının artması ilə paralel müşahidə edilməkdədir. Maraqlıdır, Türkiyədə PKK-nın hərəkətə keçməsi fonunda Azərbaycanda da PKK-nın fəallaşması mümkündürmü?

Sabiq MTN zabiti Sülhəddin Əkbər belə bir ehtimalın gözlənilən olduğunu vurğulayıb: “Azərbaycan PKK üçün maliyyə qaynaqlarının olduğu və tranzit dövlət kimi önəmlidir. Türkiyə ilə terror təşkilatı arasındakı mübarizə PKK-nın maliyyə xərclərini artıracaq. Bu baxımdan, yuxarıda qeyd etdiyim sahələrlə bağlı PKK-nın Azərbaycanda da fəallığı arta bilər. Belə bir ehtimal mövcuddur” – deyə, o moderator.az saytına açıqlamasında deyib.
Sonda qeyd edək ki, etnik azərbaycanlıların kompakt yaşadıqları Türkiyənin İqdır-Qars bölgəsində naməlum şəxslər tərəfindən bir neçə TIR və digər yük maşını saxlanılaraq onlara od vurulub.

Sözügedən yanğın hadisələrinin bölgədə gizlənən PKK və ya İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.

Son günlər isə təkcə İqdır-Qars yolunda 13 nəqliyyat vasitəsi, o cümlədən 8 TIR maşınına hücum edilib. Həmin avtomobillər naməlum şəxslər tərəfindən tamamilə yandırılaraq yararsız hala salınıb. Yandırılmış TIR maşınlarından biri İqdırın “Mutlular” şirkətinə məxsus olub. Şirkətə məxsus TIR yüklənmək üçün İstanbula gedirmiş.

Şirkətin sahibi etnik azərbaycanlı İsmail Akandır. Onun sözlərinə görə, PKK-nın hücumları İqdıra məxsus 3 giriş-çıxışda baş verib: “Həmin istiqamətlərin hamısında bir gün fasilə ilə maşınlar yandırılıb. Bununla PKK Türkiyə dövlətinə tələblərini qəbul etdirməyə çalışır”.

Türkiyə mediası isə yanğın hadisələrinin PKK və İŞİD-ə bağlı qüvvələr tərəfindən törədildiyini iddia edir. Hələlik Türkiyə hökuməti də 13 maşının yandırılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button