Bakı Zaxarovanın “göz yaşları”na inanacaqmı? – Kreml sözçüsünün “dostluq jesti”, yoxsa…

“Rusiya tərəfi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında hamıdan çox maraqlıdır. Buna görə də, imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. O, həmçinin vurğulayıb ki, “3+3” konsultativ regional platformanın ikinci iclasının keçirilmə vaxtı və yeri razılaşdırılır.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya Cənubi Qafqaz məsələsində fəallaşıb və bu, təsadüfi deyil:
“Birincisi, Kreml Avropa İttifaqının vasitəçiliyindən və Brüsseldə keçirilən üçtərəfli görüşlərin effektivliyindən narahatdır. Moskva regiondakı təsir gücünün azaldığını hiss edir. Ona görə də yenidən “sükan arxasına keçmək” istəyir. Bunun üçün hətta regionda müəyyən inkişafa da razıdır. Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt hadisələrin inkişafını tormozlaya bilsin. XİN sözçüsünün sərhədin delimitasiyasına dair ikinci görüşə ev sahibliyi etməyə hazır olduqlarını bəyan etməsi də bu baxımdan qiymətləndirilməlidir. İkinci bir tərəfdən, şimal qonşumuz getdikcə sivil dünyadan təcrid olunur, müttəfiqlərini itirir. Odur ki, heç olmasa, qonşuları ilə münasibətlərini “isti” saxlamağa çalışır”.
Müsahibimiz bildirib ki, indi Rusiyanın qonşularının, xüsusilə artıq nəinki regional, həm də beynəlxalq siyasi aktor olan Azərbaycanın dəstəyinə ehtiyacı var:
“Ona görə də Moskva Bakının maraqlarının təmin olunmasına çalışır. Yəni səslənən bəyanatlar heç də təsadüfi deyil. Rusiya ikitərəfli sərhəd komissiyasının ikinci iclasına ev sahibliyi etmək üçün tələsir. Bu, Kremlin əsas “kartlar”ından biridir. Moskva yaxşı başa düşür ki, ən qısa vaxtda bu görüşə ev sahibliyi etməsə, regiondakı təsir gücü tamamilə azalacaq. Zaxarovanın “münasibətlərin normallaşmasında hamıdan çox maraqlıyıq” açıqlaması əlbəttə, səmimi deyil. Doğrudur, indi bu, müəyyən mənada Rusiyanın maraqları çərçivəsində ola bilər. Amma Ukraynadakı vəziyyət Rusiyanın xeyrinə dəyişən kimi, ritorika da dəyişəcək. Biz belə manevrləri əvvəllər də görmüşük.
XİN sözçüsü “ayrı-ayrı kənar oyunçular” dedikdə, sözsüz ki, Qərbi nəzərdə tutur. Zaxarovanın fikrinə görə, Qərbin vasitəçiliyi proseslərin dinamik inkişafına mane olur. Əlbəttə, bu da Aİ- yə olan qəzəbin təzahürüdür. Nazirlik nümayəndəsinin altılıq platforması ilə bağlı səsləndirdiyi bəyanat da bir daha göstərir ki, Rusiya ən azından regiondan təcrid olunmaq istəmir. Yəqin, bundan sonra da oxşar açıqlamalar veriləcək. Biz hazırkı situasiyadan, o cümlədən Rusiyanın siyasi ehtiyaclarından öz maraqlarımız naminə istifadə etməliyik. Çünki müharibədən sonra hazırkı şəraitdə və imkanlar olmayacaq”.
Günay Rəsulqızı